Əsas Səhifə > Partiya, Güney Press > “Erməni dığaları Xankəndidən çıxarılmalıdır”

“Erməni dığaları Xankəndidən çıxarılmalıdır”


24-11-2022, 08:57
“Erməni dığaları Xankəndidən çıxarılmalıdır”
Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir.

DİA.AZ bildirir ki, son olaraq, özünü Xankəndidəki qondarma rejimin təhlükəsizlik şurasının katibi adlandıran, separatçı general Vitali Balasanyan yenə skandal açıqlama verib.

O, Qarabağa yerləşdirilən qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmayacağını deyib. Bu isə 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanan üçtərəfli Bəyanata ziddir.

Çünki Bəyanatın 4-cü bəndinə əsasən, Rusiya sülhməramlılarının Qarabağa daxil olması ilə paralel olaraq, qanunsuz erməni silahlı birləşmələri ərazini tərk etməli idi. Lakin 2 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, sözügedən bənd indiyə qədər icra olunmur. Üstəlik, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının getdiyi bir zamanda belə açıqlamaların verilməsi Bəyanata və danışıqlar prosesinə tam ziddir.

Görünür, Ermənistan öz öhdəliklərini yerinə yetirməməkdə israr edir.

Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, ermənilərin 10 noyabr Bəyanatından irəli gələn məsələlərin həll olunması yolunda manelər yaratması heç kimə sirr deyil:

“Cənab Prezident İlham Əliyev Brüssel, Praqa, Moskva və Soçidə keçirilən görüşlərdə də bunu dəfələrlə Rusiya Prezidenti Vladimir Putin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan qarşısında deyib.

Bununla da Azərbaycanın iradlarının yerində olduğu görünüb. Həm Şarl Mişel, həm də Vladimir Putin imzalanan üçtərəfli Bəyanatdan irəli gələn məsələlərin həllini tapmalı olduğu fikrini dəstəklədi. Onlardan biri də təbii ki, erməni dığaları və tör-töküntülərinin Azərbaycan ərazisindən çıxarılmasıdır. Lakin indiyə qədər bu məsələ həllini tapmayıb. Hələ də Laçın yolu ilə arzuolunmaz şəxslərin Xankəndinə gəlib-getməsini görürük.

Eyni zamanda, həmin yolla silah daşınması barədə də məlumatımız var. Etiraf etmək lazımdır ki, Xankəndidəki qanunsuz hərbi birləşmələrin təmin olunması Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Azərbaycan Prezidenti dəfələrlə bu barədə də iradlarını bildirib”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan növbəti dəfə antiterror əməliyyatına başlaya bilər:

“Vitali Balasanyan adlı dığanın bir fikri söyləməsi kimlərdənsə ümid yeri gördüyünü və kimlərinsə əlinin onun kürəyinə qoyduğununun göstəricisi kimi qiymətləndirilməlidir. Əlbəttə ki, Azərbaycan həmin silahlı birləşmələrin oradan təmizlənməsi və ləğv edilməsi üçün diplomatik səylərinə davam edir.

Onların antiterror əməliyyatı nəticəsində ləğv edilməsi hüququnu da Azərbaycan öz üzərində saxlayır. Həmin ərazilər Azərbaycanın suveren əraziləridir. Öz ərazilərimizdə antiterror əməliyyatları keçirmək və hansısa banditlərin tərk-silah edilməsi öz hüququmuzdur. Biz zamanı gələndə o hüquqdan istifadə edəcəyik.

Amma istərdik ki, bu, cənab Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan irəli gələn məsələlər kimi həll olunsun. Yəni, qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılmalıdır. Amma bu proses uzanarsa, təbii ki, Azərbaycan öz hüquqlarından istifadə edəcək”.

Geri qayıt