Əsas Səhifə > Partiya, Güney Press > "Onların yaratdığı Milli Şuranı iflas olmaqdan Cəmil Həsənli xilas edib”

"Onların yaratdığı Milli Şuranı iflas olmaqdan Cəmil Həsənli xilas edib”


7-01-2014, 08:57
"Onların yaratdığı Milli Şuranı iflas olmaqdan Cəmil Həsənli xilas edib”
Cəmil Həsənli: «Yeni Müsavat» qəzetindən mənə dedilər ki, siyahını onlara EL Hərəkatının Idarə Heyətinin üzvlərindən biri ötürüb»

“Milli Şuranın Koordinasiya Şurasının (Idarə Heyəti) formalaşdırılmasında heç bir gizli iş yoxdur”. Bu sözləri “Azadlıq”a Milli Şuranın sədri Cəmil Həsənli qurumun Idarə Heyətinin formalaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Məlumat üçün deyək ki, artıq müsavat.com saytı Idarə Heyətinin siyahısını yayıb.
Milli Şuranın üzvü, EL Hərəkatının sədri Eldar Namazov baş verənlərdən narazılığını gizlətməyib. O, virtualaz.org saytına açıqlamasında bildirib ki, bu proseslər açıq şəkildə aparılmalı idi: “Belə bir qərar geniş ictimai müzakirədən keçirilməli və ya məsləhətləşmələr aparılmalı idi. Bundan sonra bu qərar açıqlanmalı idi. Bu qərarı qapalı saxlamaq istəyənlər də var idi, mətbuata ötürmək istəyənlər də. Bu da məndə dərin təəssüf hissi doğurur”.
Cəmil Həsənli isə bizimlə söhbətində deyib ki, Milli Şuranın ötən sessiyasında qurumun strukturlarının formalaşdırılması qərarına gəlinib: “Bəlli olduğu kimi artıq Milli Şuranın sədr aparatı formalaşdırılıb. Milli Şuranın Koordinasiya Şurasına gəlincə, indi buna Idarə Heyəti də deyirlər, bununla bağlı müzakirələr gedir. Hamı ilə, o cümlədən Eldar Namazovla məsləhətləşmələr aparılır. Bir məqamı da qeyd edim ki, bu məsələ hələ Tiflis görüşündə Rüstəm Ibrahimbəyov, Isa Qəmbər, Eldar Namazov və Milli Şuranın digər üzvləri ilə müzakirə edilib. O dövr üçün Məşvərət Məclisi adlandırılırdı. Müzakirələr nəticəsində belə qərara gəlinmişdi ki, Məşvərət Məclisi, Koordinasiya Şurası yaxud Idarə Heyəti Milli Şurada təmsil olunan partiya və hərəkat rəhbərlərindən, komissiya sədrlərindən formalaşdırılsın. Yəni bu yeni məsələ deyil. Və bu məsələ Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Isa Qəmbər, Eldar Namazov və digər partiya, hərəkat rəhbərləri, gənclər təşkilatlarının sədrləri ilə müzakirə edilib. Heç kimdən gizli iş tutulmayıb və gizli siyahı hazırlanmayıb”.
Cəmil Həsənli əlavə edib ki, Koordinasiya Şurasının formalaşdırılması ilə bağlı irəli sürülən təkliflər Milli Şuranın növbəti sessiyasında müzakirəyə çıxarılacaq: “Yəni hələ qərar verilməyib. Çünki bu sədrin yox, sessiyanın səlahiyyətində olan məsələdir. Eldar Namazovun narazılığına gəlincə, açığı o, istəyir ki, EL Hərəkatının rəhbərliyində təmsil olunan şəxslərin hamısı Koordinasiya Şurasının tərkibində olsun. Hazırda isə hər partiya və hərəkatdan iki nəfərin Koordinasiya Şurasında təmsil olunması təklif edilir. Bir daha qeyd edirəm ki, bu təklifdir. Sessiya təklifləri qəbul edəcəksə konkret qərar veriləcək. Əks təqdirdə yenidən təkliflər hazırlanacaq”.
Cəmil Həsənli əlavə edib ki, partiya və hərəkat rəhbərlərinə göndərilən siyahının mətbuata ötürülməsindən təəssüf edir. Amma bunu kimlərin etdiyini də bilir. “Yeni Müsavat” qəzetindən mənə dedilər ki, siyahını onlara EL Hərəkatının Idarə Heyətinin üzvlərindən biri ötürüb" deyən Cəmil Həsənli hələlik ad çəkmək istəmədiyini bildirib.
Milli Şuranın sədri Eldar Namazovun “2013-cü ilin mayında yaratdığımız Milli Şura artıq yoxdur” fikrinə də toxunub. “Mən bütün məsələlərə münasibətdə təmkinli olmağa çalışıram. Amma Eldar Namazov ədalət naminə gərək onu da deyəydi ki, onların yaratdığı Milli Şuranı iflas olmaqdan Cəmil Həsənli xilas edib”, - deyə Cəmil Həsənli vurğulayıb.

Geri qayıt