Əsas Səhifə > Partiya, Güney Press > “Rusiyanın iştirakı olmadan Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması mümkün deyil”

“Rusiyanın iştirakı olmadan Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması mümkün deyil”


10-10-2022, 17:49
 “Rusiyanın iştirakı olmadan Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması mümkün deyil”
“Praqa görüşü mövqe yaxınlaşması baxımından irəliyə doğru addımdır. Ancaq bundan əvvəl də demişəm, nə qədər ki, Rusiyanın bu regiona təsiri var, bu ölkənin iştirakı olmadan Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalamaq mümkün deyil”.

DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, Praqa görüşü zamanı Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması müsbət hadisədir. Onun sözlərinə görə, əvvəllər də belə addımlar atılıb:

“Məsələn, 1991-ci ildə Alma-Atıda tərəflər bir-birinin ərazisini tanıyıb. Praqada bunun təkrarlanması müsbət haldır. Ancaq bunun ardınca ortaya iradə qoyularsa, bu, sülh sazişinin əsası demək olardı. Əslində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması sülhün əsası deməkdir. Bundan sonra ortaya qoyulan iradə vacibdir. Lakin Xankəndi və İrəvanda elə hadisələr baş verir ki, bu, qısa müddətdə sülh sazişinin imzalanmasına imkan vermir. Xankəndi şəhərində bir qrup erməniyə dedizdirirlər ki, “biz heç vaxt Azərbaycanın tərkibində yaşamayacağıq”. Ermənistanda da Paşinyanla bağlı etirazlar və tənqidlər müşahidə olunur”.

S. Cəlaloğlu qeyd edib ki, Xankəndi və Ermənistanda müşahidə olunanlar Rusiyanın məsələyə reaksiyasıdır:

“Bəli, erməniləri ruslar ayağa qaldırıb. Əslində bu, Rusiyanın etirazıdır. Rusiyanın başı hazırda nə qədər qarışıq olsa da, Ermənistanı öz tələblərinə əməl etməyə məcbur edə bilir. Yəni Rusiyanın iştirakı olmadan, Avropanın təşəbbüsü əsasında bu məsələni həll etmək Rusiyanın Qafqaz siyasətinə və maraqlarına ziddir”.

S. Cəlaloğlunun ehtimalına görə, Moskva hələlik Paşinyan hökumətini devirməkdə maraqlı deyil: “İnanmıram ki, İrəvanda Levon Ter-Petrosyan ssenarisi təkrarlansın. Məncə, Paşinyan idarə olunandır, nəzarətdən tam çıxmır. Odur ki, Paşinyan hakimiyyətini dəyişməyəcəklər. Həm də Paşinyanın Qərbdən ciddi dəstəyi var. Onu asanlıqla taxtdan salmaq mümkün deyil. Yaxın dövrdə onun hakimiyyətinə təhlükə görünmür”.

Geri qayıt