Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan vətəndaşı olmaq istəyən ermənilər indiyə qədər harda idi?"

"Azərbaycan vətəndaşı olmaq istəyən ermənilər indiyə qədər harda idi?"


10-08-2022, 14:56
"Azərbaycan vətəndaşı olmaq istəyən ermənilər indiyə qədər harda idi?"
Son günlər ərzində bir neçə Ermənistan vətəndaşı Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildiriblər. Vaqe Qambaryan adlı erməni və tanınmış bloqer İşxan Verdyan Azərbaycan vətəndaşı olmaq istəyənlər sırasındadır. Adları çəkilən ermənilər sosial şəbəkə vasitəsilə videomüraciət yayaraq, Ermənistan pasportundan imtina etdiklərini açıqlayıblar. Qambaryan müraciətində Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunda olduğunu söyləyib.

Bloqer İşxan Verdyan isə müraciətində bildirib ki, Ermənistana getməyən ermənilər Azərbaycan vətəndaşlığını alaraq cəmiyyətin bir hissəsinə çevrilməli olacaqlar. Onun sözlərinə görə, ermənilər Qarabağda təhlükəsiz və hətta gözəl şəkildə yaşaya bilərlər. Bu arada islamı qəbul edən erməni qadın Aqunik Abovyan da Prezident İlham Əliyevə müraciət edib və Bakıya gəlmək üçün icazə istəyib. Bu barədə müraciətini o, sosial şəbəkə hesabından paylaşıb. Abovyanın sözlərinə görə, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur. Başqa bir diləyi isə Qarabağa getməkdir: “Əgər mümkünsə, məhz Şuşada məsciddə namaz qılmaq kimi xəyalım var”. Ermənilərin müraciəti birmənalı qarşılanmır. Bəziləri hesab edirlər ki, belə çağırışlara dərhal müsbət cavab verilməlidir ki, presedent olsun. Digərləri isə bunun təxribat ola biləcəyindən ehtiyatlanırlar. DİA.AZ-ın məlumatına görə, AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə deyib ki, o, ümumiyyətlə ermənilərin səmimiyyətinə inana bilmir. Partiya rəhbəri bildirib ki, həddindən artıq radikallıq meyilləri, yaxud ara-sıra sərgilənən humanizm təşəbbüsləri “Böyük Ermənistan” oyununun tərkib hissəsidir:

“Adıçəkilən şəxslərin indiki məqamda müraciət etməsi gizli plana əsaslanır. İrəvan hər zaman çalışıb ki, Azərbaycanı “təcavüzkar”, “müharibəni davam etdirmək istəyən ölkə” kimi qələmə versin. Özlərini isə “sülh göyərçini” obrazında dünya ictimaiyyətinə sırımağa cəhd ediblər. Guya indiyə kimi türk qanı axıtmaqdan həzz duyan ermənilər o qədər “sülhpərvər” olub ki, hətta “düşmənlə” birgəyaşayışdan dəm vurmağa başlayıblar. Azərbaycan vətəndaşı olmaq istəyən, müharibənin əleyhinə olduqlarını söyləyən ermənilər 30 il ərzində harada idi? Niyə indiyədək səsləri çıxmırdı? Azərbaycan Ordusu öz gücü hesabına torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistan vətəndaşları arasında “sülh carçıları” peyda oldu. Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi kifayətdir. Ermənistandan 5-10 nəfərin gəlməsinə ehtiyac yoxdur. Artıq onları yaxşı tanıyırıq”.

T.Abbaslı vurğulayıb ki, tarix boyu ermənilərə qucaq açmışıq və hələ də bunun ağrısını yaşayırıq:

“Azərbaycanın ən gözəl yerlərində məhz ermənilər məskunlaşıb. Ancaq ilk fürsətdə xəyanət ediblər, xəncəri kürəyimizə saplayıblar. Ermənilərə inancımız yoxdur. Onlara əlavə status, əlahiddə hüquq verərək dünyaya nəyisə sübut etməyə çalışmamalıyıq. Nə etsək də faydasızdır. Heç vaxt türkləri, müsəlmanları sevməyəcəklər. Xam xəyallara düşmək lazım deyil”.

Geri qayıt