Əsas Səhifə > Partiya, Güney Press > “Yalnız şikayətlər əsasında real ictimai nəzarət yaratmaq mümkün deyil...”

“Yalnız şikayətlər əsasında real ictimai nəzarət yaratmaq mümkün deyil...”


2-08-2022, 15:34
“Yalnız şikayətlər əsasında real ictimai nəzarət yaratmaq mümkün deyil...”
Azərbaycan Prezidenti bu günlərdə Lerik, Masallı və Göygöl rayonlarına təyin olunmuş yeni icra hakimiyyəti başçılarını qəbul edərkən belə deyib:

“Rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün, əlbəttə ki, ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək”.

Bəs ölkəmizdə ictimai nəzarət neсə tətbiq olunur? Və yerlərdə hakimiyyət qurumlarına belə nəzarət hansı forma və məzmunda daha eeffektiv ola bilər? DİA.AZ xəbər verir ki, Azərbaycan Milli İstiqlal Partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini belə ifadə edib:

“Bildiyiniz kimi, ictimai nəzarətin bir neçə forması var; mətbuat vasitəsi ilə, seçkili orqanlar vasitəsi ilə və inzibati qaydada... Bunun üçün seçkili orqanlar da normal işini bərpa etməlidir. Yəni seçkilər keçirilməlidir. Və yeni özünüidarə qurumları həmin icra strukturlarına nəzarət etməlidir, icra strukturları da onların qarşısında hesabatlı olmalıdır. Bu, məsələnin bir tərəfi...

Mətbuata tam azadlıq verilməlidir. Və mətbuatın da fəaliyyəti qanun çərçivəsində bu işlərə nəzarətə imkan yaratmalıdır. Ən əsası da mətbuatın fəaliyyəti dövlət qurumları tərəfindən ciddi şəkildə nəzərə alınmalı, sayt, telekanal və qəzetlərin neqativ hallar barədə verdiyi siqnallar yoxlanılmalıdır. Ancaq təəssüf ki, çox zaman yerlərdə mətbuat nə danışır, danışsın, buna heç fikir verən yoxdur. İnsanların, vətəndaşların şikayət məktubları isə yenidən şikayət edənlərin özlərinə qaytarılır...”

Partiya lideri parlament nəzarətinin də xüsusi rolunu qeyd edib.

“Seçkili orqanların nəzarətinə gəldikdə, parlament nəzarəti bərpa olunmalıdır. Yəni hökumət parlamentə əsl mənada hesabatlı olmalıdır. İctimai nəzarət məhz bu şəkildə effektiv həyata keçirilə bilər. Yalnız şikayətlər əsasında real ictimai nəzarət yaratmaq mümkün deyil” - deyə istiqlalçı deputat vurğulayıb.

Geri qayıt