Əsas Səhifə > Partiya, Güney Press > "Moskva ilə yanaşı, İranın da Azərbaycanda təsir dairəsi var"

"Moskva ilə yanaşı, İranın da Azərbaycanda təsir dairəsi var"


29-07-2022, 08:18
"Moskva ilə yanaşı, İranın da Azərbaycanda təsir dairəsi var"
DİA.AZ Azərbaycan Milli İstiqlal Partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədovun hafta.az-a müsahibəsini təqdim edir:

-Etibar bəy, son müsahibələrinizdən birində Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun fəallığından danışmısız. Sizcə, ölkədə yaşanan bir sıra neqativ olayların, bəzi məmur özbaşınalığı hallarının artmasında da həmin qüvvələrin rolu varmı?

-Əvvəla, deyim ki, “5-ci kalon” yalnız Rusiyaya aid deyil. Moskva ilə yanaşı, İranın da Azərbaycanda təsir dairəsi var. Və həmin ölkələrə meyilli adamlar da var. Vəzifələrdə də təmsil olunanlar çoxdur. Və təbii ki, Azərbaycandakı neqativ hallarda onların barmağı da var, rolu da var... Onlar tərəfindən müxtəlif sahələrdə müxtəlif formalarda sabotajlar da təşkil olunur. Həmçinin təxribatlar törədilir...

-Əvvəllər korrupsiya və digər ittihamlarla işdən azad edilmiş, yaxud həbs olunmuş nazir və icra hakimiyyəti başçılarının Rusiya və ya digər ölkələrlə bağlılığı ehtimalı varmı?

- İşdən çıxarılan, yaxud həbs olunanların hamısının Moskva ilə bağlı olması vacib deyil. Onların arasında xaricə bağlı olanlar da var, özləri üçün işləyənlər də var...

-İcra başçılarından söz düşmüşkən, Azərbaycanda yerlərdə icra hakimiyyəti sisteminin dəyişilməsi və onların bütün funksiyalarının yerli özünüidarəetməyə, yəni bələdiyyələrə verilməsinə necə baxırsız? Belə bir islahat keçirilərsə, korrupsiya və məmur özbaşınalığının da minimal həddə enməsinə təsir göstərərmi?

-Bu, çox vacib məsələdir. Və günün tələbidir ki, bu idarəçilik forması dəyişsin. Hesab edirəm ki, icra hakimiyyətləri ləğv olunaraq vilayətlər və valilik sisteminə keçirilməlidir. Valilər də yerli idarəetmə qurumlarının fəaliyyətinin qanunlara uyğunluğuna nəzarət etməlidir. Qalan məsələ və funksiyalar isə yerli hakimiyyətlərə, yəni bələdiyyələrə verilməlidir. Bələdiyyələrin səlahiyyəti artırılmalıdır. Onlar seçkili olmalıdır. Eyni zamanda fəaliyyətləri də şəffaf olmalıdır ki, ictimai nəzarət də mümkün olsun....

- Azərbaycan Prezidenti bu günlərdə Lerik, Masallı və Göygöl rayonlarına təyin olunmuş yeni icra hakimiyyəti başçılarını qəbul edərkən belə deyib: “Rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək”. Siz bir müxalif partiyanın lideri kimi necə düşünürsüz, ictimai nəzarət gerçəkdə hansı formada, məzmunda olmalıdır?

-İctimai nəzarətin bir neçə forması var; mətbuat vasitəsi ilə, seçkili orqanlar vasitəsi ilə və inzibati qaydada... Bunun üçün seçkili orqanlar da normal işini bərpa etməlidir. Yəni seçkilər keçirilməlidir. Və yeni özünüidarə strukturları həmin icra strukturlarına nəzarət etməlidir və icra strukturları da onların qarşısında hesabatlı olmalıdır. Bu məsələnin bir tərəfi...

Və mətbuatın da fəaliyyəti qanun çərçivəsində bu işlərə nəzarətə imkan yaratmalıdır. Ən əsası da mətbuatın fəaliyyəti ciddi nəzərə alınmalı, onların neqativ hallar barədə verdiyi siqnallar yoxlanılmalıdır. Ancaq təəssüf ki, çox zaman yerlərdə mətbuat nə danışır, danışsın, buna heç fikir verən yoxdur.

Seçkili orqanların nəzarətinə gəldikdə, parlament nəzarəti bərpa olunmalıdır. Yəni hökumət parlamentə əsl mənada hesabatlı olmalıdır. Bu şəkildə ictimai nəzarət həyata keçirilə bilər. Yalnız şikayətlər əsasında real ictimai nəzarət yaratmaq mümkün deyil...

-İyulun 25-də Blinken dövlət başçısı ilə danışdı və Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini bildirdi. Lakin bu yandan ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi müəyyən ikibaşlı çıxışlar edir, münaqişənin mövcudluğundan dəm vurur. Bunu necə dəyərləndirirsiz?

-Təəssüf ki, Amerika son vaxtlar Qarabağ məsələsində Ermənistanın tərəfdaşı kimi çıxış edir. Və faktiki olaraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneçilik törədir. Və yenidən ATƏT-in Minsk qrupunun bərpası və həmin qrup çərçivəsində məsələlərə yenidən baxılması təşəbbüsü ilə çıxış edir. Ona görə də üzdə “Ermənistanla Azərbaycan arasında danışıqların tərəfdarıyıq” deyirlər, amma digər tərəfdən buna maneçilik törədirlər...

-Açıqlamalarınızdan birində deyirsiz ki, Rusiya Ukraynada qalib gələrsə, Azərbaycana qarşı da iddialara hazır olmalıyıq. Bəs belə olan halda aramızda qarşılıqlı yardım barədə bir neçə sənədlərin də bağlanmış olduğu qardaş Türkiyə hansı mövqe tutacaq, sizcə? Rusiya bu NATO ölkəsi ilə qarşı-qarşıya gəlməkdən ehtiyat etməyəcək ki?

-Türkiyənin buna münasibəti məsələnin ikinci tərəfidir. Əgər Rusiya Ukraynada istəyinə, yəni Ukraynanın parçalanmasına və bunun dünya tərəfindən tanınmasına nail olsa, imperiya sərhədlərinin bərpası artıq Rusiyada milli ideyaya çevrilməklə rəsmiləşəcək. Və bəhs edilən sərhədlərin içərisində Azərbaycan ərazisi də var, Orta Asiya ölkələri də var. Ona görə də Moskva öz iddialarını genişləndirəcək, ən zəif nöqtəni taparaq oradan yeni işğal prosesinə başlayacaq. Ondan sonra isə həmin işğal prosesini genişləndirməkdə davam edəcəkdir. Və yaxşı ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı yardım haqqında sənədlər var, razılaşmalar, müqavilələr var. Ancaq həmin sənədlərin işləməsi öz yerində olmaqla Azərbaycan bir dövlət, bir cəmiyyət olaraq bəhs edilən təhlükəni hiss edib ona hazır olmalıdır. Yəni yalnız müttəfiqlərimizə arxayın olmaqla Rusiyanın işğal iddialarına qarşı müqavimət göstərə bilmərik. Daxili birlik, daxili sabitlik və daxili müqavimətə hazırlıq daim bir nömrəli vəzifə olmalıdır...

-Təbii ki, Kremldən Azərbaycana qarşı iddialar irəli sürüldüyü halda “5-ci kalon” xüsusi fəallıq göstərəcək...

- Təbii, bu qüvvələr daxildə sabotaj da edəcəklər və vaxtı, məqamı gələndə Azərbaycan dövlətinə arxadan zərbə də vuracaqlar... Rusiya və s. ölkələrin “5-ci kalon”larını neytrallaşdırmaq hazırda günün tələbidir.

Geri qayıt