Əsas Səhifə > Partiya, Güney Press > Tural Abbaslı Cəmil Həsənlinin gedişinə belə reaksiya verdi:

Tural Abbaslı Cəmil Həsənlinin gedişinə belə reaksiya verdi:


22-07-2022, 09:56
Tural Abbaslı Cəmil Həsənlinin gedişinə belə reaksiya verdi:
“Hesab edirəm ki, Milli Şuranın rəhbərliyində yenilənmə olmalıdır”. Bunu Toplum.TV-yə Milli Şuranın sədri Cəmil Həsənli deyib.

“Mən artıq 2014-cü ildən - 8 ilə yaxındır ki, Milli Şuranın sədriyəm. Mən eyni adamın 8 il bir təşkilata sədrlik etməsini təqdir etmirəm”, - Cəmil Həsənli qeyd edib.

Aparıcının “Milli Şuradan getmək istəyirsiniz” sualına Cəmil Həsənli belə cavab verib: “Xeyr, Milli Şuradan getmək istəmirəm”. O, sədrlikdən getmək istədiyini ifadə edib.

Cəmil Həsənli onu da əlavə edib ki, Milli Şuranın rəhbərliyində həm intellektual səviyyə baxımından, həm siyasi təcrübə baxımından, həm də cəsarət baxımından sədrliyi yerinə yetirəcək kifayət qədər şəxs var.

Milli Şuranı 2013-cü ilin iyununda Azərbaycan müxalifətinin bir qrupu təsis edib və Milli Şuranın sədri Rüstəm İbrahimbəyov seçilib. Təsis qurultayında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, “El” hərəkatının sədri Eldar Namazov, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və digərləri iştirak edib. Həmin iclasda Milli Şuranın 129 nəfərlik siyahısı da təsdiqlənib. 2 iyul 2013 tarixində Milli Şura rəsmən Rüstəm İbrahimbəyovun vahid namizədliyini prezident seçkilərində irəli sürmək qərarı verib. Bu qərar Milli Şuraya daxil olan siyasi partiyalar tərəfindən də dəstəklənib.

23 avqust 2013 tarixində isə Milli Şura rəsmən Cəmil Həsənlinin ehtiyat vahid namizədliyini prezident seçkilərində irəli sürmək qərarı verib. 3 dekabr 2013-cü ildə Cəmil Həsənli qurumun sədri, Rüstəm İbrahimbəyov isə fəxri sədri seçilib.

Seçkidən sonrakı dövrdə Müsavat Partiyası, EL Hərəkatı, Azərbaycan Liberal Partiyası, Böyük Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və digər çoxsaylı üzvlər Milli Şuradan çıxıblar. Cəmil Həsənli uzun müddətdir ki, ABŞ-da yaşayır və Azərbaycana gəlmir. Mümkündür ki, ciddi böhran yaşayan Milli Şura hesab edir ki, rəhbərlik dəyişməlidir. Sədrliyə isə AXCP lideri Əli Kərimlidən başqa namizəd sadəcə, qalmayıb. Ola bilsin ki, Ə.Kərimli əlini C.Həsənlidən birdəfəlik üzüb və bu istefa da qarşılıqlı razılaşma əsasında baş tutur.

Cəmil Həsənlinin sədrlikdən getmək istəyini açıqlaması ortaya suallar da çıxarır. Milli Şura nəyə hazırlaşır və sədr dəyişikliyini niyə indi həyata keçirmək istəyirlər? Dia.az-ın məlumatına görə, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, partiya olaraq digər müxalifət təşkilatları, partiyaların nə etmək istədikləri, nə edəcəkləri, planlarının olduğu barədə maraqlanmırlar: “Kim öz daxillərində nə dəyişiklik etmək istəyir, kim öz siyasətini necə qurur bizim üçün maraqlı deyil. O cümlədən Milli Şura, onun Azərbaycanda olmayan sədri sədrlikdən gedir, ya getmir, bu məsələni ciddi məsələ kimi qiymətləndirmirəm. Ümumiyyətlə, ”Azərbaycanda siyasətlə məşğul oluram", - deyib Azərbaycanda olmayan siyasətçilərin çoxunu ciddi siyasətçi qəbul etməyin də tərəfdarı deyiləm. İşləri avand olsun, necə istəyirlər eləsinlər, kimi sədr seçirlər seçsinlər. Bizim rəqibimiz onlar deyil, rəqibimiz iqtidardır. Biz iqtidarla sivil mübarizə aparırıq. Milli Şura özü bilər kimi seçir, kimi yola salır, kimi gətirir. Bu, bizim maraq dairəmizdə deyil. Ən güclü vaxtlarında nə etmişdilər ki, indi də nə isə edə bilsinlər? Allah bazar versin, özləri bilər". Dia.az-ın məlumatına görə, Milli Şuranın Koordinasiya Mərkəzinin keçmiş üzvü Samir Əsədli “Yeni Müsavat”a bildirdi ki, 2015-ci ildə Milli Məclisə seçkilərdə namizədliyini verdiyi üçün Milli Şuradan xaric edilib. Ona görə də hazırda Milli Şura daxilində hansı proseslərin getməsindən məlumatsızdır.

O ki qaldı Cəmil Həsənlinin sədrlikdən getmək istəməsi və onun yerinə yeni şəxsin sədr gəlməsinin hansı zərurətdən doğa biləcəyinə, Samir Əsədli qeyd etdi ki, hər bir siyasi təşkilatın hədəfləri, məqsədləri və fəaliyyət istiqamətləri olur, sədr dəyişikliyi də normal olaydır: “İstənilən təşkilatın həm sədrini dəyişmək hüququ var, həm də sədrin sədrlikdən getmək hüququ var. Cəmil Həsənli hazırda ABŞ-da yaşayır və ali məktəbdə dərs deyir, Milli Şuradakı vəzifəsindən kənarlaşmaq istəyirsə, bu da onun hüququdur”.

Geri qayıt