Əsas Səhifə > Partiya, Güney Press > "Heç kim gözü çıxmış qardaşdan dərs götürmür"

"Heç kim gözü çıxmış qardaşdan dərs götürmür"


22-06-2022, 09:00
"Heç kim gözü çıxmış qardaşdan dərs götürmür"
"Dövlət Gömrük Komitəsində baş verənlərlə bağlı məlumatlar hələ dəqiqləşməyib. Məlumatlar var ki, rəhbərlikdə çalışan generallar həbs olunub. Nisbətən aşağı ranqlı məmurlar arasında da həbslər var. Biz bu prosesin nəticəsini gözləməliyik ki, kimlər həbs olunub, hansı səbəbdən, hansı əməllərinə görə həbs olunub.. Bundan sonra daha dəqiq nə isə demək mümkündür". DİA.AZ xəbər verir ki, bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, istənilən halda bu həbslər, araşdırmalar, istintaqlar son nəticədə həmin komitənin işində islahatlara gətirmirsə, şikayətlərin həlli istiqamətində hansısa inkişafa gətirib çıxarmırsa, onun heç bir nəticəsi olmayacaq: " Bu gün həbs olunan şəxsin yerinə gələn də onun yolunu davam edəcəksə, o zaman bizim üçün bu proseslərin nə mənası olacaq. Biz kimlərinsə həbsinə azarkeşlik etmirik. Bizim xalq olaraq, vətəndaş olaraq, partiya olaraq tələbimiz bu strukturların işinin şəffaflaşması, onların fəaliyyətinin iqtisadi rifahın yüksəlməsinə xidmət etməsi, onların şikayətlərinin vaxtında və ədalətli şəkildə həllini tapması üçündür. Gözləyək görək nə olacaq".

Partiya sədri vurğulayır ki, bəzən bu insanlar həbs olunur, 2-3 ay sonra azadlığa buraxılır, həmin qurumun işində də müsbətə doğru heç bir dəyişiklik olmur: "Heç kim gözü çıxmış qardaşdan dərs götürmür. Ona görə də hələ onu demək olmaz ki, həbslər varsa islahatlar da olacaq, bu qurumun işi düzələcək. İcra başçıları nə qədər həbs olundu, bəzilərinin işi hələ də davam edir. Amma ümumilikdə icra başçıları hələ də eyni işlərlə məşğuldurlar. İcra hakimiyyətləri yerlərdə insanları narazı salırlar. Həbslər vəziyyətin düzəlməyinə gətirib çıxartmır. Burada başqa islahatlara da ehtiyac var".

Geri qayıt