Əsas Səhifə > Partiya, Güney Press > Rusiya Qarabağ müharibəsində istədiyinə nail ola bilmədi

Rusiya Qarabağ müharibəsində istədiyinə nail ola bilmədi


16-06-2022, 09:04
Rusiya Qarabağ müharibəsində istədiyinə nail ola bilmədi
DİA.AZ siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun Hafta.az-a müsahibəsini təqdim edir:

- Ərəstun bəy, Rusiyanın Ukraynaya təcavüzündən 100 gündən şox zaman keçir. Son durumu necə dəyərləndirirsiniz?

- Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə başlayan müharibənin başlanğıcından, dediyiniz kimi, 100 gündən çox vaxt keçir və artıq bir neçə nəticə görünəndir. Birincisi, budur ki, Kremlin planlaşdırdığına rəğmən qısa müddətdə Ukraynanı işğal etmək, çökdürmək, orada rejimi dəyişdirmək, Putinin təbirincə desək, “demilitarizasiya və denasifikasiya” əməliyyatlarını həyata keçirmək mümkün olmadı. Əksinə, Ukrayna ordusu Rusiya işğalçılarına çox ciddi müqavimət göstərdi və Putinin “yenilməz” ordusunu ağır itkilərə uğratdı. Təbii ki, bu şəraitdə “demilitarizasiya” da, “denasifikasiya” da uydurma bir şeylərdir. Hər kəs başa düşürdü ki, Ukrayna ordusu SSRİ-dən qalma silahlarla təchiz olunub və onun müqavimət imkanları məhz bu silahlarla məhdudlaşır. Əslində, Rusiya da buna arxayın idi. Sadəcə olaraq Moskvadakılar Ukrayna xalqının döyüş motivini, döyüş ruhunu nədənsə nəzərdən qaçırmışdılar. Hazırda Rusiya bunun da bədəlini ödəməkdədir. Demilitarizasiya məsələsinə gəldikdə, tam əksi baş verdi. Biz gördük ki, NATO üzvləri başda olmaqla dünyanın bir sıra ölkələri Ukraynaya açıq hərbi yardım göstərməyə başladılar. Hazırda həmin hərbi yardımın həcmi durmadan artır. Bu da əlbəttə ki, Rusiyanın daha ağır itkilər verməsinə gətirib çıxarır. İndi Rusiyada elə vəziyyət yaranıb ki, itkilərin özü belə, dövlət sirri elan olunub. Məhkəmə qərar verib ki, ordunun Ukraynadakı itkiləri haqda məlumat yaymaq bu, ümumiyyətlə “dövlət sirri haqda” qanunu pozmaq deməkdir və az qala dövlətə xəyanət sayılır...

Bir sözlə,dediyim kimi, Moskva Ukraynada öz istədiyinə nail ola bilmədi, Rusiya ağır itkilər verdi. Nəzərə alsaq ki, Rusiyanın təcavüzü Ukrayna dövlətinə qarşı yönəlib və döyüşlər əsasən bu ölkə ərazisində gedir, inkar edə bilmərik ki, Ukraynanın özü də kifayət qədər itkilər verməkdədir. Burada söhbət əsasən dinc əhali arasındakı ağır insan itkiləri, həmçinin ən azı 4-5 milyon ukraynalının ölkəni tərk edərək qaçqına çevrilməyə məcbur olmasından gedir...

Ukraynadakı savaşın digər bir nəticəsi budur ki, planetdə sərt bir qütbləşmə getdi və Rusiya faktiki olaraq döyüş meydanında tək qaldı. Və bu da gözlənilən idi. Ona görə ki, Rusiyanın 2000-ci ildən bu yana yürütdüyü millitarizasiya, qlobal iddialara düşmək siyasəti, öz qonşularına, hətta özündən coğrafi baxımdan çox uzaqda yerləşən ölkələrə müdaxilə cəhdləri, əlbəttə ki, Qərbdə onun ənənəvi rəqiblərində və NATO-da qıcıq yaradırdı. Həmin reaksiya, sadəcə, bir zaman gözləyirdi ki, Rusiya bunun bədəlini artıqlamasıyla ödəməli olsun. Bu minvalla Putin rejimi hazırda həmin bədəli ödəməkdədir...

Müharibənin gedişatına gəldikdə, görünən budur ki, artıq hərbi əməliyyatlar sürünən fazaya keçib. Yəni artıq müxtəlif bölgə və istiqamətlərdə mövqe döyüşləri gedir. Bunun Rusiya tərəfindən planlı olduğunu düşünmürəm. Sadəcə, bugünkü, mövcud gerçəklik budur. Rusiya Ukrayna ərazisindəki infrastrukturu dağıtmaqla bu ölkənin ordusunu güclü cavab zərbələri endirmək imkanlarından, qismən də olsa, məhrum edir, digər tərəfdən, məlum olur ki, Rusiyanın öz ordusu hazırlıq və döyüş qabiliyyəti baxımından çox biabırçı vəziyyətdə imiş və gizli, sərt müqavimətlə üzləşdiyindən ciddi irəliləyişlər, uğurlar əldə edə bilmir. Yəni bu gün gedən əsasən mövqe döyüşləridir. Mən belə düşünürəm...

- Qərbin, ABŞ-ın Ukraynaya müasir, yüksək dəqiqlikli texnika və silahlar tədarükündə tərəddüd etməsi və ləngiməsi istər canlı qüvvə, istərsə də texnika baxımından say üstünlüyünə malik olan və artıq 4-cü on minliyə yaxınlaşan itkilərə əhəmiyyət verməyən Putin iqtidarının “sürünən savaş” taktikasını davam etdirəcəyinə və daha çoz ərazilər işğal edəcəyinə gətirib çıxarmayacaq ki?

- Düşünmürəm ki, Qərbin Ukraynaya silah təcavüzü planlı şəkildə ləngidilir. Sadəcə olaraq, hələ ABŞ Prezidenti Donald Trampın dövründən NATO ölkələri arasında çox ciddi soyuqluq yaranmışdır. Ukrayna məsələsində, Rusiyanın təcavüzkar siyasəti məsələsində də ABŞ-la, ilk növbədə, kontinental Avropa ölkələri arasında, xüsusən böyük silah partnyorları olan Almaniya və Fransa arasında yetərincə ziddiyyətli yanaşmalar var. Fransa və Almaniyada, xüsusən də kontinental Avropanın qərb hissəsində nədənsə Rusiyanın Ukraynaya təcavüz ehtimalını realist qiymətləndirə bilmirdilər. Amma Ukraynadakı savaşın miqyasını görüncə həmin düşüncə dəyişdi və NATO vahid güc və mərkəz kimi çox gec səfərbər olundu. Silahların verilməsi əsasən bu səbəbdən ləngidi. Digər tərəfdən, silahların verilməsi yalnız texniki bir məsələ deyil, bu həm də hüquqi bir məsələdir. Yəni hansısa bir ölkəyə silah satmaq Qərb ölkələrində, xüsusən də ABŞ-da çox ciddi hüquqi nəzarət tələb edir. Bu səbəblər də ləngimələrə gətirib çıxardı. Amma artıq həmin proses nizama düşüb və Ukraynaya silahlar verilir. Rusiya “sürünən savaş” taktikasını qəbul etdirir. Mən deyərdim ki, bu daha çox hərbi taktiki reallığın nəticəsidir. Qərargahda müxtəlif pıanlar cızmaq, müxtəlif əməliyyatalr hazırlamaq olar. Lakin döyüş meydanında real hərbi güclər toqquşur və əməliyyatları idarə edən həmin meydandakı səhra komandirləridir. Müharibənin gedişatını və müqəddəratını onlar həll edirlər. Mən bir daha deyirəm, düşünmürəm ki, Rusiya daha çox torpaq işğal etmək məqsədilə Ukraynaya “sürünən savaş” taktikasını qəbul etdirir. Ümumiyyətlə, müharibənin gedişini və taktikasını müəyyənləşdirənin Rusiya olduğunu görmürəm. Əksinə, Ukrayna ordusu yetərincə ciddi təşəbbüslər irəli qoyur və özünün hərbi taktiki döyüş üsulunu bir sıra hallarda Rusiyaya qəbul etdirir. Rusiya da bunu qəbul etməyə məcburdur. Ona görə ki, itkilər verir. Başqa cür mümkün deyil. Yəni reallıq budur ki, Rusiya ordusu günü-gündən zəifləyir, onun genişmiqyaslı əməliyyatlar aparmaq imkanları məhdudlaşdırır. Digər tərəfdən isə Ukrayna ordusu müdafiə mövqeyindədir. Bunu hərbi ekspertlər daha aydın izah edə bilər: onun müdafiə taktikasını dəyişərək hücum taktikasına keçməsi əlavə zaman və resurslar, fərqli planlama və s. tələb edir. Yəni bütün bu amillər də ortalıqdadır. Odur ki, demək olmaz ki, məhz Qərbdən gələn silahların gecikməsindən Rusiya istifadə edərək müəyyən irəliləyişlərə nail oldu. Əlbəttə, silahlar gecikdi. Eyni zamanda yeni silahları öyrənmək, onları idarə etməyə alışmaq da zaman tələb edir. Ona görə də, Qərbin silahları öz effektini haradasa 15-20 gün, bəlkə də bir aydan sonra göstərə bilər. Amma “sürünən savaş” taktikasının reallıqdan doğan seçimsizlikdən yaranan bir vəziyyət olduğunu düşünürəm... Və əlavə olaraq onu da deyim ki, insan itkisi Rusiya üçün heç vaxt əhəmiyyət kəsb etməyib. Ukrayna savaşında 40 minə yaxın, yaxud 30-40 min arası itki veriblər, böyük sayda texnika itiriblər. Hesab edirəm ki, Rusiya bundan sonra yüz minləri də itirsə belə, bu, nə onun hərbi, nə siyasi rəhbərliyi, nə də əhalisi üçün heç bir rol oynamayacaq. Rusiya dövləti, Rusiya ordusu tarixboyu belə müharibə aparıb. Onlar üçün insan faktorunun heç bir rolu olmayıbdır. Bu gün də eyni vəziyyətdir...

- Ermənistandakı “müqavumət hərəkatı”, İrəvanda keçirilən KTMT tədbirləri fonunda Paşinyan hakimiyyətinin taleyini necə görürsünüz? Rusiyameyilli, əsasən, Qarabağ klanından ibarət müxalifətin hakimiyyətə gəlməyə şansları varmı?

- Yəqin, heç kəsə sirr deyil ki, Ermənistanda “müxalifət” hesab edilən, Paşinyan hakimiyyətinə qarşı müxalifətdə olan Qarabağ klanının arxasında Rusiya dayanır. Bu, həmin klandır ki, Moskvanın himayəsi altında 20 il hakimiyyətdə olub və bu gün isə Putin rejimi onlardan Paşinyana qarşı istifadə edir. Fəqət, başlıca məqsəd Azərbaycanla Ermənistan arasında başlanmış sülh prosesini, sülh danışıqlarını pozmaqdır.

Qaldı bəhs edilən klanın Paşinyanı hakimiyyətdən devirməsi məsələsinə, hesab edirəm, bu, mümkün olmayacaqdır. Ona görə ki, son etiraz aksiyaları da onların erməni əhali arasında yetərincə nüfuzu olmadığını göstərir. Uzağı, 12-13 min erməni çıxır bu rusiyayönlü müxalifətin mitinqlərinə. Paşinyanın inqilab edərkən meydana çıxardığı 100 mindən yuxarı fəal etirazçı ilə müqayisədə həmin rəqəm heç nədir. Təbii ki, belə miqyaslı aksiyalarla heç nəyi dəyişmək mümkün deyil...

Əlbəttə, Paşinyana qarşı Rusiyaya bağlı hansısa oliqarx, həmçinin hərbi dairələr də cəlb oluna – yumşaq güc metodundan sərt güc metoduna keçilə bilər. Yəni hərbi çevrilişə, sui-qəsdlərə və ya oxşar digər addımlara cəhdlər də edilməsi gözləniləndir. Düşünürəm ki, bunlar da alınmayacaq. Paşinyan sadə, sadəlöhv və təcrübəsiz görünməsinə rəğmən kifayət qədər çevik addımlar atır. Yaxın zamanlarda məhz Ermənistan ordusunda, Moskvaya bağlı erməni generallar arasında kütləvi həbslər də başlaya bilər. Yəni düşünmürəm ki, Paşinyan ölkədəki vəziyyətə nəzarət edə bilmir və etmir, kimin kim olduğunu bilmir. Adam artıq 4 ilə yaxındır ki, hakimiyyətdədir. O, bütün reallığı çox gözəl dərk edir. Görünən odur ki, Paşinyanın Ermənistan əhalisi tərəfindən dəstəyi hələ ki, yetərincədir. Ona görə ki, Qarabağ klanının bütün bu “miatsum”, “Qarabağın Ermənistana birləşdirilməsi” dedi-qodularına, təbliğatlarına baxmayaraq hər zaman yerli ermənilərlə Qarabağ erməniləri arasında bir ziddiyyət və daxili rəqabət olub. Həmin ziddiyyət Qarabağ klanının 20 illik hakimiyyətindən sonra bu gün özünü daha qabarıq şəkildə göstərir. Düşünürəm ki, hazırkı durumda onlar üçün bu şans yoxdur və Rusiyaya bağlı bu klan bir daha hakimiyyətə gələ bilməyəcək. Öncə dediyim kimi, hansısa təşkil olunmuş hərbi çevriliş, yaxud sui-qəd yoluyla bu, mümkün ola bilər. Sırf siyasi yolla, inqilab yoluyla Qarabağ klanının hakimiyyətə qayıdış şansları minimaldır. Belə bir şey baş verərdisə, bunu siyasətdə möcüzə kimi qəbul etmək olardı. Real siyasətdə möcüzə baş vermir. Olsa da çox nadir hallarda yaranır...

- Ərəstun bəy, son günlər Rusiya “sülhməramlıları”nın Tərtər istiqamətində fəallaşması və separatçı erməni ünsürlərinin Şuşanın kəndlərində Azərbaycan tikinti karvanlarının qarşısını kəsməyə cəhdlərinin meydana çıxması dövlətimizin nəzarətində olmayan ərazilərimizdə proseslərin hansı istiqamətdə getməsinin göstəricisidir?

- Rusiya sülhməramlılarının Tərtər istiqamətində fəallaşmasına gəlincə, bu, ilk dəfə deyil. Bu, artıq həmin kontingent tərəfindən sistemli və davamlı xarakter almış davranışdır. Bu məsələyə biz həm də kompleks yanaşmalıyıq. Rusiya tərəfindən atılan siyasi və diplomatik addımlar, Rusiya rəsmilərinin ritorikası... Eyni zamanda həmin o “sülhməramlı” adlandırılan Rusiya hərbi kontingentinin nümayəndələrinin Azərbaycanın suverenliyini pozmağa, onun hüquqlarını məhdudlaşdırmağa yönəlmiş davranışı... Rusiya hərbçiləri bir sıra hallarda bunu özləri həyata keçirir, bəzi hallarda isə nəzarət etdikləri həmin Azərbaycan torpaqlarında tərksilah edilməli olduğu halda, əksinə, dəstəklənən, silahlandırılan, təlim keçilən qanunsuz erməni silahlı birləşmələrinin əli ilə həyata keçirirlər. Bu, Azərbaycana daha çox psixoloji basqı cəhdidir. Hesab edirəm ki, bunların cavabı sərt şəkildə verilməli, yeri gələndə hətta güc amilindən də istifadə edilməlidir. Tutalım ki, Rusiya hərbçiləri, yaxud erməni dəstələri hansısa istiqamətdə təxribat törədirlərsə, oraya Azərbaycan Ordusunun ən yüksək döyüş qabiliyyətli qüvvələrini göndərmək gərəkdir. Yeri gəldikdə təpki verib oradakı qüvvələri geri atmaq lazımdır. Mən düşünmürəm ki, buna görə hansısa bir müharibə olacaqdır. Əsla. Təxribat törədənlərə yerini göstərəndə bu, artıq bir iradə və güc nümayişi olacaq. Azərbaycanın öz ərazisində dövlət olaraq özünün siyasətinin həyata keçirilməsinin nümunəsi olacaq. Yalnız bu halda Qarabağdakı erməni və ya Rusiya təxribatlar bitəcək. Dediyimiz tədbirlər görülmədiyi halda isə həmin təxribatlar davam edəcək, təəssüf ki... Təəssüflə deməliyəm, çünki Rusiyanın Azərbaycana qarşı siyasətində mühüm bir element var – bu, geosiyasi elementdir. Rusiyaya Azərbaycan ərazisindəki, o cümlədən Tərtər istiqamətində, Tərtərə yaxın ərazidən keçən Gəncə dəhlizi kimi kommunikasiyalar lazımdır. Rusiya 44 günlük müharibə nəticəsində onları əldə edə bilmədi. Əvvəlcədən planlaşdırdığı digər ərazilərə də “sülhməramlı” adı altında hərbi birləşmələrini yerləşdirə bilmədi. Bunun üçün əsasən Goranboy və İranla həmsərhəd Zəngilan-Cəbrayıl əraziləri nəzərdə tutulmuşdu. Çünki məhz həmin ərazilərdən keçən və Yaxın Şərqə aparan kommunikasiya xətləri Rusiyaya lazım idi. Biz bunu II Qarabağ müharibəsindən əvvəl də demişdik. Müharibədən sonrakı bütün danışıq və cəhdlər, bu gün də davam edən həmin o hökumətlərarası komissiyanın gündəmində müzakirə olunan məsələlər göstərir ki, 44 günlük savaşda Rusiyanın məqsədi geosiyasi idi. Azərbaycanın məqsədi isə öz ərazisinə nəzarəti bərpa etmək idi. Ölkəmiz buna, tam olmasa da, xeyli dərəcədə nail oldu. Təəssüf ki, nəticədə ərazimizə Rusiya qoşunları yerləşdirildi. Onların hansı statusda daxil olmasının dəxli yoxdur. Onlar bütün hallarda Rusiyanın hərbi birləşməlidir. İndiki halda Azərbaycan ərazisindəki Rusiya qoşunlarının heç bir rəsmi və hüquqi statusu yoxdur. Əslində bu, yəni ərazimizdəki Rusiya “sülhməramlı”larının rəsmi və hüquqi statusunun olmaması Azərbaycan üçün müsbət bir haldır. O baxımdan ki, bu, ümidverici bir məqamdır. Yəni onları istənilən vaxt ərazimizdən çıxarmaq olar. Hər bir halda Rusiya istədiyinə nail ola bilmədi. Ona görə də öncə adlarını çəkdiyimiz istiqamətlərdə mütəmadi olaraq təxribatlarını davam etdirir və etdirəcək. O zamana qədər ki, Azərbaycan buna adekvat təpki verəcək...

Geri qayıt