Əsas Səhifə > Partiya, Güney Press > "Pulla niyə yazdırmalıdır ki, özünün qələmi yoxdur?"

"Pulla niyə yazdırmalıdır ki, özünün qələmi yoxdur?"


7-06-2022, 08:13
"Pulla niyə yazdırmalıdır ki, özünün qələmi yoxdur?"
Sabiq deputat Hüseynbala Mirələmovun nəşr olunan kitabını özü yazmadığı ilə bağlı iddialar gündəmdən düşmür.

Məlum olduğu kimi, iddianı tanınmış şair, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlu irəli sürüb. Şair bildirib ki, sabiq deputat, yazıçı Hüseynbala Mirələmovun imzasıyla çap olunan "Ənvər Paşa" romanını o yazıb. Qeyd edək ki, bu iddia sosial şəbəkələrdə geniş şəkildə müzakirələrə səbəb olub.

Hətta bəzi sosial şəbəkə istifadəçiləri indki deputatların da kitablarını başqa müəlliflərə yazdırdıqlarını iddia ediblər. Cebhe.info bununla bağlı kitab müəllifi olan parlament üzvlərinin fikirlərini öyrənib. dia-az.site-ın məlumatına görə, Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, kitab müəllifi olan Zahid Oruc Cebhe.info-ya açıqlamasında bildirib ki, təkcə hansısa parlament üzvünün deyil, digər şəxslərin də kitablarını necə yazdıqlarını müəyyənləşdirmək mümkün olmalıdır:

“Bu mövzu ilə bağlı bir neçə paylaşımı mətbuat xidmətimiz mənə də göndərib və tanış olmuşdum. Ümumiyyətlə, dünyada bu məsələyə baxışda fərqli bir tarix və təcrübə var. İnsanların bir qismi, siyasətçilər və hətta dövlət rəsmiləri iştirakçısı olduğu hadisə haqqında kitab yazanda müəlliflik işini onun çevrəsində olanlar həyata keçirir. Həmçinin, yazıçı düşüncəsində olub, onu bilavasitə ifadə etməyən insan peşəkar şəxsləri dəvət edərək, onlarla müqavilə bağlayırlar. Yəni düşüncələrini onunla bölüşərək, əsas arqument və tezisləri bu vasitə ilə ictimailəşdirir. İndiyədək mənim yüzlərlə məqaləm, açıqlamam, müsahibəm dərc olunub. Yəni fikir quruluşumuz, cümlə konstruksiyamız da ayrı olaraq tanınır və bilinir. Dəqiqləşdirmək lazımdır ki, həqiqətən həmin yazı başqa müəllifin beyin məhsulunu öz adlarına çıxıblar. Və yaxud içərisi deyil, sadəcə üz qabığı kiməsə məxsus olan kitablar olur. Bunlar bilavasitə mənim çözəcəyim məsələ deyil. Media qurumu kimin sualınızı və axtarışlarınızı təqdir edirik”.

25 kitab müəllifi olan millət vəkili Fazil Mustafa mövzu ilə əlaqədar dəfələrlə məsələ qaldırdıqlarını vurğulayıb:

“Azərbaycanda çox sayda insanlar var ki, elmi işlərinin əksəriyyəti başqaları tərəfindən yazılır. Bu, Azərbaycanda bir korrupsiya növüdür. Amma konkret bu məsələ ilə bağlı bir söz deyə bilmərəm. Yəni mən konkret olaraq həmin əsərini kimin yazıb-yazmadığını müzakirəyə açmıram. Azərbaycandakı dissertasiyaların 60%-i başqaları tərəfindən yazılır. Bunun da konkret qiyməti var və onu da hər kəs bilir. Həmçinin, kitabların da bir qismini başqa müəlliflər yazır. Elə müəlliflər var ki, onlar ümumiyyətlə, kitab yazmaq potensialına malik deyillər. Siyasi arenada kitab yazmaq üçün müəyyən komandalar formalaşır. Əslində çox acınacaqlı bir şeydir. Çünki başqa sahələrdə korrupsiya bağışlana bilər, amma belə əsərlərdə bağışlana bilməz".

İndiyə qədər 25 kitabının hamısını Allahın verdiyi istedadla yazdığını deyən millət vəkili tələbə vaxtı ona diplom işi və əsər yazmaq təklif olunduğunu da etiraf edib:

"Amma mən buna əxlaqi cəhətdən doğru baxmamışam və müsbət yanaşmamışam”.

Azərbaycan Yazıçılar İttifaqının üzvü, Əməkdar jurnalist və 5 kitab müəllifi millət vəkili Aqil Abbas isə səslənən iddiaları absurd adlandırıb:

“Hüseynbala Mirələmov 60 ildir yazıçılıqla məşğuldur və gözəl əsərlər yazıb. Pulla niyə yazdırmalıdır ki, özünün qələmi yoxdur? Onda kimsə çıxıb “Dolu”nu özünün yazdığını deyər. Başqa adam deputatın əvəzinə roman, pyes və ya hekayə yazmır. Əgər belə iddialar varsa, əlyazmaları ekspertə verərək yoxlatmaq olar. Sərvazdan belə bir şey gözləməzdim. O, yaxşı şairdir, istedadlı oğlandır və dostumdur, amma niyə elə açıqlama verib, bilmirəm. Bəlkə də, redaktə edib onu deyə bilmərəm. Çünki yazıçılar əsərlərini rədaktə etməyə verirlər. Düzdür, son zamanlarda verməsələr də, əvvəllər verirdilər. Ümumiyyətlə, redaktor yazıçının görmədiklərini görə bilir. Mənim də redaktorum var. Əsəri yazdıqdan sonra oxuması və səhv olub-olmadığını yoxlaması üçün ona verirəm. Redaktor üslüb və Azərbaycan dilinin qrammatik qaydaları əsasında mətni yoxlamalıdır. Amma indi redaktordan istifadə edən yoxdur”.

Geri qayıt