Əsas Səhifə > Partiya, Güney Press > “Sahil Babayevin məsələlərə münasibətini başa düşə bilmirəm, əsas narazılıq nazirdəndir”

“Sahil Babayevin məsələlərə münasibətini başa düşə bilmirəm, əsas narazılıq nazirdəndir”


3-06-2022, 12:02
“Sahil Babayevin məsələlərə münasibətini başa düşə bilmirəm, əsas narazılıq nazirdəndir”
“Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində vətəndaşların şikayətlərinə münasibət, məktublara cavab məsələsi ilə bağlı Milli Məclisdə bir neçə dəfə çıxışlarım olub. Elə başa düşülməsin ki, mənim bu sahə ilə xüsusi problemim var. Nazirlikdə tanıdığım peşəkar müavinlər, əməkdaşlar da çalışır, yerində olan kadrlar da az deyil. Nə vaxt müraciət etmişiksə, həmin gün də məsələ həll edilib. Amma hər şey göz qabağındadır, narazılıq da var. Bütövlükdə nazir Sahil Babayevin bu məsələlərə münasibətini mən başa düşə bilmirəm. Çünki əsas narazılıq nazirdəndir”.

DİA.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, həssas məqamdır, müharibədən, böyük qələbədən sonra qazilərə, şəhid ailələrinə son dərəcə qayğı ilə yanaşmaq lazımdır: “Əlbəttə, problemlər çoxdur, hamısını birdən-birə həll etmək mümkün deyil, bir qədər çətindir. Amma bu məsələ birdəfəlik sistemə salınmalıdır ki, narazılıq olmasın. Bütün bunlar ölkənin ümumi ab-havasına da təsir göstərir. Lakin qazi, şəhid adından sui-istifadə halları da qəbuledilməzdir. Bu cür şərəfli ada hörmət etmək lazımdır. Ölkənin indiki vəziyyətində hər kəs hər şeyə son dərəcə məsuliyyətlə yanaşmalıdır. İstisna deyil ki, bəzən qazilərin arasına bu addan istifadə edən şəxslər də qoşula bilir. Problem hardan qaynaqlanırsa, birdəfəlik həll olunmalıdır. Qazilərin tələbləri vaxtında yerinə yetirilməlidir ki, belə hallara, aqressiv hərəkətlərə imkan qalmasın”.


Geri qayıt