Əsas Səhifə > Partiya, Güney Press > "Bu cür tədbirlərlə əsəblərimizlə oynayırlar"
"Bu cür tədbirlərlə əsəblərimizlə oynayırlar"25-05-2022, 10:28 |
Bir neçə gün əvvəl Rusiya mediasında belə xəbərlər yayıldı ki, Moskvada akademik Andrey Saxarovun heykəli yoxa çıxıb. Maraqlı informasiya idi, akademikin heykəli niyə qəhətə çıxıb? Sonradan məlum olub ki, heykəl abidənin müəllifinə ötən ilin payızında təhvil verilib, amma parka qayıtması üçün heç bir tarix göstərilməyib. Abidənin müəllifi heykəltəraş Qriqori Pototskidir. Daha maraqlısı isə bundan sonra baş verib. Belə ki, ötən həftəsonu erməni KİV-ləri Xankəndində Saxarovun abidəsinin açılışı haqda xəbər yaydılar. Qeyd olunurdu ki, abidənin quraşdırılması Saxarovun anadan olmasının 101-ci ildönümünə həsr olunub. Maralıqdır ki, separatçı rejimin “dövlət naziri” Artak Beqlaryan “Saxarovun abidəsinin məhz bu vaxt “artsax”da ucaldılması rəmzidir”, deyib. Tədbirdə iştirak edən Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin mayoru Vitali Fomin isə vurğulayıb ki, A.Saxarov öz adını dünya elm tarixinə qızıl hərflərlə yazıb. Yeri gəlmişkən, Xankəndindəki məktəbin yaxınlığında qoyulmuş heykəlin üzərində “Cəsarətli olun, ermənilər, işiniz haqq işidir” yazısı var. Heykəlin forması isə sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib. Misal üçün, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz sosial şəbəkə hesabından yazdığı statusda Saxarovun abidəsinə maraqlı ad tapıb: “Saxarov Xankəndi səmasında uçan ”Bayraktar"ı seyr edir". Məlumdur ki, Saxarov erməni Yelena Bonnerlə evli olub. Onun təsiri ilə də Qarabağ münaqişəsində ermənilərin tərəfində durub. Saxarov SSRİ-də insan hüquqları müvəkkili, nüvə fiziki və islahatçı kimi tanınıb, kommunist olmayan dövlətlərlə iqtisadi və siyasi sahədə əməkdaşlıq əldə olunmasının tərəfdarı imiş. 1975-ci ildə isə Nobel Sülh Mükafatını qazanıb, amma mükafatı almaq üçün ölkədən çıxmasına icazə verilməyib. Həyat yoldaşı Yelena Bonner onun adından mükafatı qəbul edib. İndi isə akademikin Moskvada itib, Xankəndində bitməsi maraq doğurur. Məlumata görə, Rusiyada fəaliyyət göstərən “Taşir” fondunun dəstəyi ilə onun abidəsinin Xankəndində açılışı olub. Saxarovun daşını Moskvadan Xankəndinə kim daşıyıbsa, xalis təxribatçıdır. Buna şərait yaradan sülhməramsızlar da eyni sözə layiqdirlər. Saxarov hara, Xankəndi hara? Əlbəttə, burada məkrli niyyət də var - bir müddət əvvəl Xocalıda rus siyasi xadimlərinin abidəsi ucaldıldı, sülhməramlı heykəli qoyuldu, son günlərdə Qarabağda “Rus icması” yaradılması üzrə işlərdə fəallıq hiss olunur, indi də ermənipərəst Saxarovun itmiş heykəli Xankəndində “zühur” edir, deməli, Kremldə bölgənin “ruslaşdırılması” ssenarisi işə salınıb. Gələcəkdə Donetsk, Luqansk kimi bu yerlərdə də 5-10 rus tapıb Moskvaya müraciət yazmağa məcbur etsinlər ki, guya Azərbaycan onları sıxışdırır, biz Rusiyaya birləşmək istəyirik. dia-az.site-ın məlumatına görə, deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, bu cür tədbirlərlə əsəblərimizlə oynayırlar: “Həmçinin Rusiyanın bölgədə maraqları da var. Amma gərək sülhməramlılar 9 mayda faşist Njdenin heykəlinə də gül qoyardılar, düz eləmədilər. Ukraynada guya faşizmə qarşı mübarizə aparırlar, amma erməni faşist Njdenin heykəlinə susurlar. Bir azdan ermənilər rus uşaqları doğmağa başlayacaqlar”. A.Abbas hesab edir ki, Rusiyanın bütün bu cığal davranışlarına baxmayaraq, şimal qonşumuz Ukraynada düşdüyü vəziyyətə görə ağır məğlubiyyət yaşayacaq: “Hətta hərb meydanında qalib gəlsə də, yenə iqtisadiyyatı dağılacaq. Rusiyanı kim müdafiə edir? Yalnız ermənilər. Erməni ilə NATO-ya qalib gələcəksən? Bu gün hansı rus efirini açırsan, ermənilər danışır. Bütün ixtiyarı verib onlara, informasiya təbliğatını onlarla qurublar. Ancaq Putinin Ukrayna müharibəsinə görə vəziyyəti heç də yaxşı deyil. İndi gəlib Saxarovun heykəlini qoyurlar. Bununla bizim əsəblərimizlə oynayırlar, guya məzələnirlər, amma bu zarafatın axırı pis qurtaracaq. Ermənistan artıq sülhlə bağlı bizim 4 maddəni qəbul edib, erməni xalqı da sülh istəməsə, Paşinyana seçkidə səs verməzdi, ona görə Saxarovun heykəlini qoymaqla, belə addımlarla heç nəyə nail ola bilməzlər”. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikrincə, ermənilər rusların rəğbətini qazanmağa çalışırlar: “Reallıq ondan ibarətdir ki, Rusiya Xankəndi daxil olmaqla, bu ərazilərdə mövcudluğunu artırır, regiondan çıxmaq istəmir. Bu səbəbdən gah abidə qoyur, gah tədbir təşkil edir. İstisna deyil ki, Rusiya Donbas, Abxaziya kimi Qarabağda da təhlükəli oyunlar apara bilər, ona görə ayıq-sayıq olmalıyıq. Görünən budur ki, Rusiya problemi tam həll etmək istəmir. Azərbaycan isə Rusiyanın və Ermənistanın planlarını görür, Türkiyə ilə birlikdə gücünə güc qatıb öz siyasətini davam etdirir. Bununla Rusiya da, Qərb də hesablaşmağa məcburdur”. QAT sədrinin sözlərinə görə, Rusiya rəhbərliyinə rəsmi qaydada, eləcə də Azərbaycan cəmiyyətindən müraciətlər olmalıdır, fikirlərimizi çatdırmalıyıq: “Rusiya bu etirazlarımızı görməlidir. Saxarovu indi kim tanıyır və orada heykəlinin nə işi var? Sadəcə, məqsəd bizi qıcıqlandırmaqdır”. Geri qayıt |