Əsas Səhifə > Partiya, Güney Press > “Əfv Komissiyasına daxil olan müraciətlərlə bağlı hər hansı məlumat açıqlanmır”

“Əfv Komissiyasına daxil olan müraciətlərlə bağlı hər hansı məlumat açıqlanmır”


25-05-2022, 09:37
 “Əfv Komissiyasına daxil olan müraciətlərlə bağlı hər hansı məlumat açıqlanmır”
28 May - Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. Mayın 23-də isə Əfv Komissiyasının son iclası keçirilib.

“Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat” a bildirdi ki, ümumilikdə 6 iclas keçirilib, 600-dən çox müraciətə baxılıb: “Tövsiyə xarakterli rəylərlə bağlı qərarlar qəbul edilib. Əfv hüququ birbaşa ölkə başçısının müstəsna səlahiyyətlərinə daxildir. Əfv siyahısında kimlərin olacağı prezident tərəfindən müəyyən edilir. Əfv Komissiyasının təqdim etdiyi rəylər prezident tərəfindən nəzərə alına da bilər, alınmaya da bilər. İnanıram ki, hər zaman olduğu kimi, bu dəfə də mərhəmət, şəfqət, humanizm prinsiplərinə önəm veriləcək. Sərəncamın nə zaman imzalanacağı isə bəlli deyil. Müstəqillik Günü ərəfəsində də ola bilər, ya sonra, yaxud ümumiyyətlə, olmaya da bilər”.

Ə.Nuriyev əfv sərəncamının əhatə etmədiyi kateqoriyaları da açıqladı: “Terror aktları törətmiş, vətənə xəyanət etmiş, ağır qətllər törətmiş şəxslər, narkotacirlərin əfv olunması birmənalı qarşılanmaya bilər. Buna görə bu kateqoriyalara aid məhkumlar əfv sərəncamına düşməyə bilər. Nəzərə almaq lazımdır ki, Əfv Komissiyasının əsasnaməsində (”Əfvetmə haqqında Əsasnamə") cinayətin təhlükəlilik dərəcəsi, ailə vəziyyəti, himayəsində olan uşaqlar, məhkumun şəxsiyyəti, sağlamlıq vəziyyəti, zərərçəkmişin mövqeyi, əvvəllər məhkum edilib-edilməməsi, amnistiya, əfv aktlarından istifadə edib-etməməsi və s. diqqət edilən məsələlərdir. Əfvə düşən şəxslərin il ərzində heç bir faizi belə təkrar cinayət məsuliyyətinə cəlb olunmur. Bu da seçimin doğru aparıldığının göstəricisidir. Müstəsna hallarda bir dəfə əfv olunan şəxs ikinci dəfə əfv oluna bilər. Bu, ciddi təftiş olunur. 10 il ərzində bir neçə hal ola bilər: vətən qarşısında çox böyük xidmətləri olan, ehtiyatsızlıqdan cinayət törədən, sağlamlığı ilə bağlı problemi olan və s. şəxslərlə bağlı belə qərar verilə bilər, lakin belə hallara demək olar ki, rast gəlinmir".

O ki qaldı siyahıda tanınmış şəxslərin olub-olmadığına, Ə.Nuriyev bununla bağlı vahid yanaşma olduğunu diqqətə çatdırdı: “Əfv Komissiyasına daxil olan müraciətlərlə bağlı hər hansı məlumat komissiya üzvləri tərəfindən açıqlanmır. Şəxsi məlumatların qorunması haqqında qanun var. Bu qanunun tələblərinə əməl etməliyik. Eyni zamanda ”Etik davranış qaydaları haqqında" Qanun da var. Ən əsas məsələ isə əfv olunacaq şəxslərin siyahısı ölkə başçısı tərəfindən müəyyən edilir. Əfv Komissiyasının üzvləri kimi hər hansı məlumatı yaymaq hüququmuz yoxdur".

Qeyd edək ki, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb, 5672 məhkum tam olaraq cəzadan azad edilib və ya cəzasının qalan hissəsi azaldılıb. Ötən il martın 18-də imzalanmış sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
“Yeni Müsavat”

Geri qayıt