Əsas Səhifə > Partiya, Güney Press > "Bu, böyük tarixi şəxsiyyətə Azərbaycanda dəyər verilməsi həm də vəfa borcudur"

"Bu, böyük tarixi şəxsiyyətə Azərbaycanda dəyər verilməsi həm də vəfa borcudur"


11-05-2022, 10:37
"Bu, böyük tarixi şəxsiyyətə Azərbaycanda dəyər verilməsi həm də vəfa borcudur"
İllərdir çoxsaylı tələb-təkliflərə baxmayaraq, Bakıda Nuru Paşaya heykəl qoymaq mümkün olmur. Təkcə bu fakt qəhrəman türk zabitinin adının əbədiləşməsi üçün yetərlidir: Qafqaz İslam Ordusunun komandanı, general Nuru Paşa 1918-ci ildə öz əsgərləri ilə Azərbaycanın köməyinə gəlib, burada erməni daşnaklarına və rus əsgərlərinə qarşı vuruşaraq, 15 sentyabrda Bakını işğaldan azad edib.

Türkiyə ilə münasibətlərimizin indiki, ən yüksək zamanında belə, bu böyük komandana xatirə abidəsi inşa etməmək, bu mövzuda Azərbaycan hökumətinin inad göstərməsi insanlarda heyrət yaradır. Qeyd edək ki, həm də 2021-ci ilin 15 iyunundan etibarən ortada müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi” var. Üstəlik, Şuşada Türkiyənin konsulluğunun açılması istiqamətində razılıq var. Mayın 10-da Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bir daha bu mövzuya toxunub. “Şuşada konsulluğun açılması ilə bağlı Türkiyə və Azərbaycan arasında danışıqlar gedir. Xarici işlər nazirlikləri arasında danışıqlar davam edir”, səfir bildirib. Nə gözəl olar ki, elə Türkiyənin Şuşadakı konsulluğu Nuru Paşanın adını daşıyan küçədə yerləşəydi... Əgər qardaş ölkənin konsulluğunun Şuşa şəhərində - hansı ki, hələ də anti-Azərbaycan qüvvələr Şuşa ilə bağlı məkrli fitnələrə əl atmaqdadırlar və onlara stimul verən qüvvələr də az deyil - açılırsa, o halda paytaxt Bakımızda niyə Azərbaycanın xilaskarına abidə qoyulmasın? Ümumiyyətlə, bu müzakirələrin illərlə davam etməsinin özü həm də utancvericidir. Xüsusilə də Türkiyədə bugünlərdə istiqlal şairimiz Əhməd Cavada möhtəşəm abidə qoyulmasının ardınca Nuru Paşanın yolunu və yerini gözləyən abidəsi növbəti dəfə gündəmə gəlib, bu da təbiidir.

“Nuru Paşaya Azneft meydanında, at belində heykəl qoyulsun", - deyə deputat Fazil Mustafa yenə təkliflərlə çıxış edib. Deputat bu fikirlərini Türkiyə hökumətinin Ankarada istiqlal şairimiz Əhməd Cavada abidə qoyması ilə əsaslandırıb: “Ankarada istiqlal şairimiz Əhməd Cavada gözəl bir abidə qoyuldu. Türkiyədən Azərbaycana bir qardaşlıq ərmağanıdır bu. Nə qədər gözəl davranış. İndi növbə bizə düşür. Vaxtı deyilmi buna dəyərli bir qardaşlıq addımı ilə cavab verək? Bakıda ”Azneft" meydanında Azərbaycanın xilaskarı Nuri Paşanın at belində heykəli! Biz Əhməd Cavada sevindiyimiz qədər qardaşlarımız da Türkiyədə sevinərlər. Fəna olmaz, deyilmi? “Şuşa Bəyannaməsi”nin də hər bəndinə tam uyğun". Bir daha xatırladaq ki, Fazil Mustafa və digər Azərbaycan ziyalıları 20 ildən artıqdır ki, bu cür təkliflər səsləndirirlər. Lakin bunu həyata keçirmək mümkün olmur. Sizcə, niyə Azərbaycan hökuməti Bakının qurtuluşçusu Nuru Paşaya heykəl qoymur? Şəxsi qənaətiniz necədir, bu işə mane olan nədir və ya kimlərdir? Bu mövzudan bəhs edərkən elə öncə suallarımıza deputat Fazil Mustafanın fikirlərini almaq istədik. DİA.AZ xəbər verir ki, “Yeni Müsavat”a açıqlamasında millət vəkili bunları söylədi: “Azərbaycanın xilaskarı, Azərbaycan dövlətinin qurulmasında ən əhəmiyyətli rol oynamış tarixi şəxsiyyətlərdən biri olan Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində Azərbaycanda heç bir addım atılmamasının səbəbini izah etmək olduqca çətindir. Yəni biz tez-tez söyləyirik ki, sovet dövründə imkan vermirdilər, gerçək qəhrəmanlarımızı tanımırdıq və hamısını sovet rejiminin üzərinə yükləyirik. Amma bu, sovet rejimi məsələsi deyil, biz, ümumiyyətlə, 70 il o dövrdə və sonrakı dövrdəki zehniyyətimizlə bağlıdır. Eynilə ermənilərin də əlində imkan var idi ki, hansısa bir tarixi qəhrəmanı tanımasın, gürcü xalqı da eləcə... Nədənsə azərbaycanlılarda həmişə bu anlayış olub. Ona görə də biz bu məsələdə hər hansı bir şəkildə irəliləyiş əldə edə bilmirik. Bu da onu göstərir ki, bizim strateji baxışımız xeyli məhduddur. Baxın, tarixi addım atmışıq, ”Şuşa Bəyannaməsi"ni imzalamışıq. O bəyannamədə əslində 100 il öncəki missiyanı bir də xatırlatmışıq. Xatırlatmışıq ki, dar günümüzdə bir-birimizə dəstək verək, dəstək verməyi də hüquqi cəhətdən əsaslandırmışıq. O zaman da hətta hüquqi cəhətdən əsaslandırma 4 iyunda baş versə də, may ayında Nuru Paşa öz qoşunları ilə Azərbaycana gəlmişdi. Onun gəlişini müxtəlif spekulyasiyalarla izah etməyə çalışanlar, “neft uğrunda”, “qızıl alıb, bunu etməyin müqabilində” kimi...hamısı boş, mənasız ittihamlar olub. Bu, böyük tarixi şəxsiyyətə Azərbaycanda dəyər verilməsi həm də vəfa borcudur". F.Mustafa ardınca qeyd etdi ki, Bakının girişində bu yerə haqq etməyən birisinin abidəsi var: “Maraqlıdır ki, mənim təklif etdiyim yerdə, Bakının mərkəzində məchul bir şəxsin, ədəbi qəhrəmanın adına, amma tarixi şəxsiyyət olmuş Bəhram Gurun adına heykəl qoyulub. Bəhram Gur əslində fars-Sasani sisteminin qəhrəmanıdır və bu qəhrəmanın da adının müəyyən dərəcədə bu formada cəmiyyət həyatında xatırlanması doğrudan da qəribə səslənir. ”Gur" fars dilində “eşşək” deməkdir. Bəhram “Eşşəy”in abidəsini Bakının mərkəzində görməyə vərdiş eləmiş Azərbaycan cəmiyyəti hələ ki qəhrəman Nuru Paşanın abidəsini görməyə, məncə, hazır deyil, bəlkə də layiq deyilik. Bunu ortadan qaldırmaq lazımdır. Yəni Bəhram Gur anlayışına sahib çıxan zehniyyətlə qəhrəman, bizim milli dəyərimiz olan Nuru Paşa arasında fərqi görməməkdən irəli gələn bir zehniyyət mənə elə gəlir ki, bu məsələnin həyata keçirilməsinə mane olur. Ona görə də biz öz qəhrəmanımıza dəyər vermədikcə, 1300-dən artıq türk qardaşımızın məzarı üstündə hər zaman onların xidmətini xatırlamadıqca, biz hələ də vəfa borcunu yerinə yetirməyən millət, dövlət olaraq qalacağıq, dövrün ziddiyyətləri içində. Burada, məncə, heç bir maneə ola bilməz! Kimsə Azərbaycana Nuru Paşanın heykəlini qoyma, deyə bilməz. Yaxud hərbi məktəbdə onun adına təqaüd belə təsis olunmayıb. Bunu etməyə görə kimsə Azərbaycana güldən ağır söz deyə bilməz. Niyə etmirik? Dediyim kimi, Bəhram Gur, yəni Bəhram “Eşşək” və qəhrəman Nuru Paşa müqayisəsi məsələsidir. Üstünlüyü nəyə verdiyimizi məhz bu faktda göstəririk".

Deputat Ceyhun Məmmədov da hesab edir ki, Nuru Paşanın Bakıda heykəlinin qoyulması iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verə, hər iki ölkənin ictimaiyyəti tərəfindən müsbət qarşılana bilər: “O dövr Azərbaycanda vəziyyət kifayət qədər mürəkkəb idi. Ermənilər bütün Azərbaycanı işğal etməyi planlaşdırırdılar. Əgər həmin dövrdə qardaş Türkiyənin dəstəyi olmasaydı, ermənilər daha çox qırğın törədəcəkdilər. Azərbaycan xalqı həmin dövrü çox yaxşı xatırlayır”. Heykəlin harada qoyulmasına gəlincə, C.Məmmədovun fikrincə, bu məsələni daha yaxşı müvafiq icra orqanları daha yaxşı bilirlər: “Çünki burada şəhərin planı və digər məsələlər nəzərə alınmalıdır. İnanıram ki, zamanla bu məsələ öz müsbət həllini tapacaq. Hazırda ölkədə işlər çoxdur. Zamanla bu məsələyə də mütləq qayıdılacaq”.

Politoloq Elxan Şahinoğlu isə nəhayət, məsələyə nöqtə qoyulmasını istəyir: “Bunu uzatmağın yeri varmı? Şəhərin mərkəzində Nuru Paşaya, Əhməd Cavada, Məhəmməd Əmin Rəsulzadəyə, Fətəli Xan Xoyskiyə bu günə qədər abidə qoyulmaması bizim ayıbımızdır. ”Buna mane olan nədir" sualına ən yaxşı hakimiyyətdə təmsil olunanlar cavab verə bilər. Cümhuriyyəti quran babalarımız və Azərbaycanı bolşevik-daşnak ittifaqından qurtaran Nuru Paşanın xatirəsini əbədiləşdirmək bizim borcumuzdur. İnanıram ki, bunu biz etməsək, gələcək nəsillər etmədiklərimizi həyata keçirəcəklər".

İnanırıq ki, hakimiyyət həm Azərbaycandakı, həm də Türkiyədəki ictimai rəyi nəzərə alacaq, böyük Türk oğlunun adına layiq abidə ilə bağlı qərar veriləcək. Həm də düşmənlərin ürəyinə daha bir dağ çəkmiş olarıq, elə isə vaxtı niyə uzadırıq ki?..

Geri qayıt