Əsas Səhifə > Partiya, Güney Press > "İndi də YAP çox mühüm rol oynayır"

"İndi də YAP çox mühüm rol oynayır"


11-05-2022, 08:07
"İndi də YAP çox mühüm rol oynayır"
Partiya sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb ki, parlamentdə təmsilçisi olmayan 1200 vətəndaşdan imza toplanıb, ardı da gəlir: “İnsanlar 7 dairə üzrə təkrar və əlavə seçkilər istəyir. Onlar vergi ödəyir, amma yığılan vergilərə sərəncam verən parlamentdə təmsilçiləri yoxdur və konstitusiya pozulmuş durumdadır”.

Müxalif Respublikaçı Alternativ Partiyası Milli Məclisdə boş yerlərə seçkilər tələbi ilə imza kampaniyası aparır.

İlqar Məmmədov şərhində əlavə edir ki, parlamentdə boş yerlərə seçkilərin keçirilməməsi hakimiyyətin konstitusiyanı dəyişib proporsional sistem tətbiq etmək niyyəti ilə bağlıdır: “Hakim Yeni Azərbaycan Partiyası nisbətən düz seçki keçirmək istəsə də, dairələri rahat udacaq namizədləri çox azdır. Proporsional sistemdə partiya siyahıları yarışır və ictimai diqqət siyahının əvvəlindəki ilk 5-10 nəfərin üzərində cəmləşir. Belə yarışa hakim partiya nisbətən daha yaxşı hazırdır, adam arasına çıxarmağa 5-10 nəfər hörmətli namizədi var. Ancaq hələlik referendumun olacağını, seçki sisteminin dəyişəcəyinı dəqiq demək olmur. Qalır seçicilərin dairələr üzrə məlumatlandırılması və imzaların toplanması”.

Yada salaq ki, 125 nəfərlik Azərbaycan parlamentinin hazırda 118 deputatı var. Dia.az-ın məlumatına görə, YAP-çı deputat Ceyhun Məmmədov “Yeni Müsavat”da REAL sədrinin bəzi fikirlərinə bu cür cavab verdi: “Yeni Azərbaycan Partiyası Qafqazın ən böyük partiyalarından biridir. Bu gün partiyamız kifayət qədər güclü və mütəşəkkildir. Partiyanın sıralarında bacarıqlı, qabiliyyətli, ölkəsini, vətənini sevən insanlar var. Bu baxımdan belə yanaşmalar kökündən yanlışdır. Partiyanın tərkibində işini bilən, peşəkar kadrlar kifayət qədərdir. Onlar bu gün ayrı-ayrı dövlət strukturlarında çalışırlar, parlamentdə xalqımızı təmsil edirlər. Ona görə də belə iddialar, fikirlər irəli sürmək əsassızdır. Yeni Azərbaycan Partiyası bu gün əminliklə deyə bilərik ki, ölkənin ən güclü, ən aparıcı partiyasıdır. Ölkə ictimaiyyəti arasında hər zaman olduğu kimi indi də YAP çox mühüm rol oynayır. Savadı, biliyi, peşəkarlığı ilə adından söz etdirən, cənab Prezidentə sadiqliyi, dövlətə bağlılığı ilə seçilən həmkarlarımız, vətəndaşlarımız var. Ona görə də belə fikirlər səsləndirmək kökündən yanlışdır”.

BAP sədri Elşad Musayev seçki gözləmir: “Azərbaycan Konstitusiyasına görə, Milli Məclis üzvlərinin sayı 125 nəfər nəzərdə tutulub, amma bir sıra seçki dairələrində deputat yerləri boşdur. Ölkə konstitusiyası boş qalan seçki dairələrində təkrar seçkilər keçirməyi tələb edir. Hakimiyyət üzvləri əvvəllər pandemiyanı əsas gətirib seçki keçirilməsinin mümkünsüzlüyünü bildirirdilər, indi isə belə təhlükə yoxdur və istənilən seçkilər keçirilə bilər. Təkrar seçkilər keçiriləcəkmi? Gözlənilmir. Hakimiyyətə sərf etmir, müxalifətin hakimiyyəti məcbur etməyə gücü çatmır. Nəticədə həm konstitusiyanın tələbləri, həm də həmin seçki dairəsinin seçicilərinin hüquqları pozulur.

O ki qaldı referendum məsələsinə, proporsional seçki sisteminin bərpa olunmasına-burada da konkret bir hərəkət yoxdur. Ölkədə fundamental islahatlar, o cümlədən seçki sistemindəki dəyişikliklər üçün referenduma ehtiyac var.

Amma hakimiyyətin proporsional seçki sisteminə üstünlük verəcəyi ağılabatan deyil. Mövcud nisbi majoritar sistem daha ədalətsiz və saxtakarlığa daha çox imkan verən seçki sistemi olsa da hakimiyyətə daha çox sərf edir. Odur ki, fikrimcə, yaxın müddətdə referendum və seçkilər gözlənilmir".

AMİP sədri Arzuxan Əlizadə qanunların pozulduğunu qeyd etdi: “AMİP olaraq, uzun illərdir ki, proporsional seçki sisteminin, ən azından qarışıq seçki sisteminin olması ilə bağlı təkliflərimizi irəli sürmüşük. 2019-cu ilin mart ayında isə digər üç partiya-Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası və AĞ Partiya ilə birlikdə təşəbbüslə çıxış etmişik. Ölkədə rəsmi dövlət qeydiyyatından keçmiş, istisnasız olaraq bütün siyasi təşkilatlarla bu xüsusda görüşlərimiz oldu, məsləhətləşmələr apardıq və bir sənəd hazırlandı. Həmin sənəd 12-13 siyasi partiya tərəfindən razılaşdırılıb. Həmin sənədlər paketi özündə proporsional seçki sisteminin bərpa olunması, deputatların say tərkibinin artırılması daxil digər siyasi islahatların həyata keçirilməsini özündə ehtiva edir. Bu islahatlar paketi həm ictimaiyyətə açıqlanıb, həm də dövlət qurumlarına təqdim olunub. Bu gün də o fikirdəyik ki, 7 boş qalan dairə üzrə seçkilərin keçirilməməsi qanunlara tamamilə ziddir. 300-350 min seçicinin ən azından parlamentdə təmsilçiliyinin olmamasıdır. Amma həm də o fikirdəyik ki, 7 dairə üzrə seçkilər keçirilsə belə, geniş anlamda ciddi nəticələrin əldə olmasına səbəb olmayacaq. Bütövlükdə parlamentin yenilənməsi, seçki sisteminin inkişafı baxımından ciddi nəticələr əldə etmək üçün mütləq mənada konstitusion islahatlara gedilməlidir. Referendum yolu ilə proporsional, qarışıq seçki sistemi bərpa olunmalıdır. Komissiyaların formalaşdırılması ilə bağlı model dəyişdirilməlidir. Dediyim kimi, parlamentin say tərkibinin artırılması da çox vacibdir. 1997-ci ildə konstitusiya qəbul olunanda ölkə əhalisi 7 milyon civarında idisə, indi 10 milyondan artıq ölkə əhalisi var. Bu da parlamentin say tərkibinin artırılmasını zəruri edir. Bu islahatlara gedilməsi çox vacibdir. Ölkə gündəminə təsiri olan siyasi partiyaların parlamentdə təmsilçiliyi formalaşmalıdır”.

Geri qayıt