Əsas Səhifə > Partiya, Güney Press > "İlyarımdır ki, rus hərbçiləri bu əməllərə göz yumurlar"

"İlyarımdır ki, rus hərbçiləri bu əməllərə göz yumurlar"


13-04-2022, 08:23
"İlyarımdır ki, rus hərbçiləri bu əməllərə göz yumurlar"
Aprelin 10-da Rusiyanın Qarabağdakı sülhməramlı adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı- terrorçu rejim müstəqillik və suverenliyimizə qarşı növbəti təxribat törədərək Azərbaycanın 6 məntəqəsində qanunsuz “seçki” keçirib.

Məlumata görə, Xocavəndin “Berdaşen” adlandırılan Qarakənd kəndində “icma başçısı”, rayonun “Varanda” adlandırılan Qaradağlı, “Tsovatex”- “Zavadıx, ”Norşen" - Günəşli və Sos kəndlərində, həmçinin Tərtərin “Aknaberd” adlandırılan Umudlu kəndində “icma şurasının üzvləri”nə “səs” verilib.

Separatçı-kriminal xuntanın qanunsuz “seçki” komissiyasının məlumatına görə, “seçici”lərin 49,35 faizi qeyri-qanuni kampaniyada iştirak edib. Aydındır ki, ermənilərin bu saxta seçkisinin öz daxillərində belə heç bir hüququ statusu yoxdur. Ermənilərin bu seçki oyununda məqsədləri guya öz talelərini özlərinin “həll etdiyi” , burada məskunlaşmanın getdiyi rəyini yaratmaq istəkləridir. Daha bir məqsəd isə Qarabağda yeni, daha miqyaslı seçkilər keçirə biləcəklərinin anonsunu vermək idi.

Nəhayət, ermənilər sülhməramlıların onların yanında olduğunu, qanunsuz və oyuncaq seçki oyunlarına göz yumduqlarını göstərmək istədilər. Məntəqələrə bir-iki qutu qoyub seçki oyunu qurmaq olsa da, bu cür addımlar Azərbaycana qarşı olmaqla yanaşı, vəziyyətin gərginləşməsinə rəvac verir. Rusiya sülhməramlılarının birbaşa vəzifəsi isə bu kimi halların qarşısını almaqdır, amma onlar vəzifələrini yerinə yetirmirlər.

Ümumən 10 noyabr razılaşmasından bəri sülhməramlı-separatçı tandemi hər gün bir hoqqa çıxarır, hər dəfə şou nümayiş etdirir, Azərbaycanın əsəbləri ilə oynamağa çalışırlar. Əslində belə “seçki”lər özü deyib, özü eşitməkdən o yana keçmir, amma istənilən halda Azərbaycanın suveren ərazilərində qondarma respublika elan edib “icma seçkiləri” təşkil etməklə bizi qıcıqlandırmağa çalışırlar. Rusiya hərbçiləri nə üçün bu hallara göz yumur? Moskva bölgədə separatizmin yaşamasında maraqlıdırmı? 22 fevralda imzalanan müttəfiqlik bəyannaməsindən sonra Rusiya müttəfiq kimi gördüyü Azərbaycanda niyə terrorçu rejimin qalmasına dəstək verir və bu nə vaxta qədər davam edəcək? Dia.az-ın məlumatına görə, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan unitar dövlətdir və bölgədə separatçıların qanunsuz seçki keçirmək hüquqları yoxdur: “Sülhməramlı adlanan rus hərbçiləri öz məsuliyyət dairəsinə görə cavabdehlik daşıyırlar. Onlar bu addımların qarşısını almalıdırlar, imkan yaratmamalıdırlar. Ancaq biz bunu deyirik, dilə gətiririk, sonra əksinə şahid oluruq. İlyarımdır ki, rus hərbçiləri bu əməllərə göz yumurlar, Rusiyanın siyasi dəstəyi ilə separatçılara dəstək verirlər, səngər qazılmasına, ermənilərin silahlanmasına tamaşa edirlər. Buna görə Rusiyanın siyasi rəhbərliyi məsuliyyət daşıyır və rəsmi Bakı açıq şəkildə öz narazılığını bildirməlidir”.

A.Əlizadə hesab edir ki, daim bu problemi beynəlxalq səviyyədə qaldırmalıyıq, Rusiya qarşısında tələblər qoyulmalıdır, 10 noyabr sənədinin bütün müddəalarının icrası sərt şəkildə istənməlidir, əsasən də qanunsuz silahlı birləşmələr qeyd-şərtsiz bölgədən qovulmalıdır: “Bu bənd razılaşmada aydın göstərilib və Azərbaycan icrasını gözləyir. Əgər 4-cü bənd də BMT qətnamələri kimi icra olunmayacaqsa, ordumuzun əli ilə işi özümüz görəcəyik. Azərbaycan torpaqlarında separatizmə, terrorçu rejimin qondarma seçkilərinə imkan vermək olmaz və sülhməramlı deyilən rus hərbçiləri də üzərinə düşən işi yerinə yetirməyə borcludurlar”.

ALDP sədri Fuad Əliyev qeyd etdi ki, separatçıların ömrünə az qalıb. Onun sözlərinə görə, Azərbaycan bu məsələdə uzunmüddətli səbir nümayiş etdirməyəcək və Araikin Qarabağda etdiklərinin cavabı olacaq: “Onun istintaqa cəlb olunması üçün dövlət iş aparır və biz Rusiya ilə danışıqlarla Qarabağda separatizm məsələsini həll etməliyik. Çünki onların varlığı həm köçkünlərin azad olunan ərazilərə qayıdışı üçün təhlükə mənbəyidir, həm təxribatlarından qalmayacaqlar, həm də bizim ərazilərdə əbədi separatizm sürə bilməz. Onlar orada həmişəlik qalacaqlarsa, biz tez-tez belə addımların şahidi olacağıq. Yəni gah oyuncaq seçki keçirəcəklər, gah erməni əhalisi üçün yeni qərarlar çıxaracaqlar, gah səngərlər qazıb oradan atəş açıb gərginlik yaratmağa çalışacaqlar. O baxımdan bu problem mövcuddur, kimsə inkar etmir və Azərbaycan tərəfi iş aparmalıdır”.

Xatırladaq ki, qanunsuz seçki keçirilən yerlərdən biri - Qarakənd kəndi hər birimizə tanış yerdir. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində içərisində yenicə müstəqillik qazanmış Azərbaycanın görkəmli dövlət xadimləri və ziyalıları olan vertolyot terror aktı nəticəsində məhv edilib. Rayonun Qaradağlı kəndində isə 1992-ci il fevralın 17-də erməni terrorçuları 100-dən çox soydaşımızı qətlə yetirib, kənddəki evləri isə tamamilə yandırıblar.

Geri qayıt