Əsas Səhifə > Partiya, Güney Press > "Danışıqları Rusiya ilə aparmalıyıq"

"Danışıqları Rusiya ilə aparmalıyıq"


2-04-2022, 10:25
"Danışıqları Rusiya ilə aparmalıyıq"
DİA.AZ BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Rusiyadan növbəti bir deputat Azərbaycanı raketlə vura biləcəkləri ilə hədələyib. Onlar bununla nəyə nail olmaq istəyirlər?

- Təəssüflə deməliyəm ki, onlar Rusiyanın buna qadir olduğunu Azərbaycanda çoxlarının düşündüyünü başa düşmürlər. Həmin adamlar öz qeyri-ciddi, nifrət dolu və təcavüzkar açıqlamaları ilə bu cür düşünənlərin sayını artırdıqlarının da fərqində deyillər. Sağlamlıq problemləri olan bu deputatlar Ukraynada başlatdıqları qardaş qırğınına necə son qoymaq haqqında düşünməli olduqları halda prezidentlərinin Azərbaycanla müttəfiqlik barədə imzaladığı sazişin mürəkkəbi qurumamış bizi raketlərlə bombalayacaqları ilə hədələyirlər. Ona görə ki, Azərbaycan öz torpaqları üzərində suveren hüquqlarını bərpa etməyə çalışır və bunun üçün Rusiyanın da imzaladağı 10 noyabr sazişinin icra olunmasını tələb edir.

Onlar anlamırlar ki, Türkiyə NATO üzvü olsa da Rusiyaya qarşı sanksiyalara qoşulmadı və Rusiyanı Ukraynada düşdüyü vəziyyətdən çıxarmağa, Rusiya Federasiyasını dağılmaq təhlükəsindən xilas etməyə çalışır. Onu da başa düşmürlər ki, nə Azərbaycan nə də onun təbii müttəfiqi Türkiyə 90-cı illərin Azərbaycanı və Türkiyəsi deyil. Dumanın hər yerindən duran deputatı bizi hədələməklə qorxuda bilməz. Biz zamanla Azərbaycan haqqında artıq-əskik danışan daha statuslu Duma üzvülərinin ağzının üstündən vurmuşuq. Əslində Rusiyanın daxilindəki gerizəkalı, zamanla ayaqlaşa və yeni geosiyasi reallıqlarla barışa bilməyən imperialist güclər hamını nüvə bombası ilə hədələməklə, Federasiyanı qonşuları ilə münaqişəyə cəlb etməklə onu təcrid olunmaq və dağılmaq təhlükəsi ilə üz-üzə qoyurlar. Rəsmi Moskvanın belələrini məsuliyyətli olmağa çağırması yetərli deyil. Putinin Ukrayna ilə müharibəyə son qoyub ciddi islahatlara başlaması lazımdır. Rusiya onunla dost olmaq və səmimi əməkdaşlıq etmək istəyən ölkələrin suverenliyinə və imzaladığı sazişlərə hörmət etməlidir.

- Putin müharibəni dayandırıb islahatlara gedərmi?

Putin qətiyyətli və güclü siyasət adamıdır.O islahatların qaçılmaz olmasına əmin olsa Rusiyanın inkişafı naminə buna gedəcəkdir. Müharibənin uzanması və köklü islahatlara gedilməməsi Rusiyanı inkişafdan saxlayacaq. Bu da sonda ölkədə ciddi sosial-iqtisadi və siyasi böhrana səbəb olacaq.İslahatlar başqa liderlərin zamanına qalsa Rusiya bunu çox ağrılı keçirəcəkdir. Rusiya Ukraynanın neytrallığı və Krımda hərbi bazalarının saxlanılması qarşılığında 2014-cü ilin vəziyyətinə qayıtmalı, Ukraynanın ərazi bütövlüyünü tanımalı, qonşularla normal münasibətlər qurmalıdır.

- Qərb niyə Ukraynaya ciddi dəstək vermir?

Qərbin ifrat liberallaşması ancaq yumşaq, güzəştəmeyilli və qarşıdurmadan qorxan siyasətçilərin partiyadaxili və ümummilli seçkilərdə qələbəsini təmin edir. Həmin liderlər Rusiyaya güzəştə getməklə onu sakitləşdirməyə meyillidirlər. Həm də müharibədən qorxurlar, ona görə Ukraynaya Rusiyanı dayandıracaq və ölkədən çıxarda biləcək gücdə və miqdarda silah vermirlər. Yəqin ki, belə davam edərsə, zamanla Ukraynanı ciddi itkiləri qəbul etməklə sülh sazişi imzalamağa da məcbur edəcəklər. Vaxtilə ABŞ Ukraynanı "Budapeşt memerandumunu" imzalamağa məcbur etdiyi kimi.

- Qüdrət bəy, 6 apreldə Brüsseldə Ermənistanla Azərbaycan arasında keçiriləcək danışıqlardan nəticə gözləməyə dəyərmi?

- Sözsüz ki, yox. Rusiyanın istəyi olmadıqca Ermənistan nə bizimlə,nə Türkiyə ilə münasibətləri normallaşdıra bilməz. Ona görə danışıqları Rusiya ilə aparmalıyıq.

Geri qayıt