Əsas Səhifə > Partiya, Güney Press > " Müharibənin dayanması haqda proqnozlar reallığa uyğun olmayacaq"

" Müharibənin dayanması haqda proqnozlar reallığa uyğun olmayacaq"


2-04-2022, 09:12
" Müharibənin dayanması haqda proqnozlar reallığa uyğun olmayacaq"
Aprelin 2-də Rusiyanın Ukraynaya hərbi təcavüzünün 38-ci günü yaşanmaqdadır. “Z” ordusu şəhərləri bombalayır, raket zərbələri ilə darmadağın edir, insanlar fəlakət içindədir və xüsusən ölkənin şərq hissəsində müharibə cinayətləri baş verməkdədir.

Artıq Xerson, Xarkov, Mariupol şəhərləri Hələb, Dəməşq kimi viran qoyulmaqdadır. Lakin bəzən konspiroloji proqnozlar səslənir ki, bu müharibə də Azərbaycanın apardığı Vətən savaşı kimi 44 gündə başa çatacaq. Bu fikri səsləndirənlərə inansaq, o halda təxminən 6 günə toqquşmalar dayanmalıdır.

Amma gedişat göstərir ki, müharibə daha çox uzana bilər. Çünki Rusiya Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi dəfələrlə azaltmaq qərarı versə də, tamamilə geri çəkilməyib, döyüşlər gedir, Donbasda müharibə davam edir, NATO və Qərb rəsmiləri də müharibənin uzanacağını, hətta ABŞ və Böyük Britaniya müdafiə nazirlikləri Rusiyanın manevr etdiyini, daha güclü hücum olacağına xəbərdarlıq edirlər.

Bu arada Ukrayna prezidenti ofisinin rəhbərinin köməkçisi Aleksey Arestoviç deyib ki, döyüş əməliyyatları daha bir həftə çəkə bilər. Belə çıxır ki, həmin proqnozları irəli sürənlər haqlıdırmı? Ukrayna müharibəsi də 44 günə bitə bilərmi?

Rusiyalı hərbi ekspert Maksim Şevçenko isə Caliber.az-a deyib ki, Azərbaycanda Ukrayna müharibəsi ilə bağlı yanlış rəy mövcuddur və bu, Azərbaycanın ziyanına işləyə bilər. Bildirib ki, Rusiya heç də Ukraynada uduzmur, əksinə, öz hədəflərinə yavaş-yavaş yaxınlaşır. Yeri gəlmişkən, Rusiya qoşunları Kiyev vilayətinin Brovar rayonunu tam tərk ediblər. Bu barədə Brovar meri İqor Sapojko məlumat verib. O bildirib ki, Ukrayna hərbçiləri yaxın vaxtlarda ərazini düşmənin qalıqları və texnikasından, o cümlədən minalardan təmizləyəcəklər: “Brovar əhalisi geri qayıdır. Kiçik və orta biznes tədricən canlanır. Müəssisələr, mağazalar, kafelər açılır. Şəhər öz həyatını yaşamağa başlayır. Bizim Ukrayna ordusundan ümidimiz var idi, həmişə deyirdik ki, hər şey sakitdir, hər şey yaxşıdır”.

Sapojko Brovardakı blok-postların götürülməyəcəyini deyib və bildirib ki, təhlükə anında şəhər müdafiəyə hazır olmalıdır. Üstəlik, Rusiyanın Belqoroddakı neft bazasına hücum edən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter geri qayıdarkən Mayski və Repnoe qəsəbələri üzərində görünüb. Dia.az-ın məlumatına görə, deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ukrayna arasında fevralın 24-dən başlanan müharibənin 38 günü tamam olur: “Gedişata baxanda müharibənin dayanması haqda zamanı göstərmək çox çətindir. Faktiki olaraq, müharibənin dayandırılması haqda real addımı atan yeganə dövlət Türkiyədir. Cənab Ərdoğanın bu istiqamətdə müstəsna xidmətləri, səyləri olduğunu söyləmək lazımdır. Əvvəlcə, Antalyada xarici işlər nazirlərini görüşdürdü, İstanbulda nümayəndə heyətlərini bir araya gətirdi, tərəflər arasında müəyyən paramentrlər üzrə yaxınlaşma əldə olundu, Ukraynanın NATO üzvü olmayacağı şifahi razılaşma var. Yəni cənab Ərdoğan çalışır ki, müharibə dayansın və onun əsas hədəfi Putin-Zelenski görüşünü təşkil etməkdir”.

E.Nəsirov qeyd etdi ki, eyni zamanda, xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçiriləcək və rəsmi Ankara bu yöndə çox ciddi cəhdlər göstərir: “O baxımdan Türkiyənin addımlarını diplomatik uğur adlandırmaq olar. Ancaq nə qədər ki Putin-Zelenski görüşü baş tutmayıb, müharibənin dayanması haqda proqnozlar reallığa uyğun olmayacaq”.

“Rusiyanın Belqorod şəhərindəki neft bazasını həqiqətən də Ukrayna vurubsa, bu, o deməkdir ki, Rusiyanın hava hücumundan müdafiə qoşunları artıq hansısa bir təhlükənin qarşısını ala bilməyəcək vəziyyətdədir”.

Bu fikri isə hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bölüşüb. Ü.Cəfərov Belqoroddan sonra Ukraynanın Rusiyanın içərilərinə doğru girə bilmə ehtimalını isə belə dəyərləndirib: “Müharibəni Rusiya Ukrayna ərazisində başladıb. Bu səbəbdən Ukraynanın özünümüdafiə üçün bütün variantları keçərlidir. Əlbəttə, bunu arzulamazdım. Əgər elə bir hadisə baş versə, yenə də bütün məsuliyyət Rusiyanın üzərinə düşəcək. Rusiya özü çıxış yolu tapmalıdır. Lakin son olanlar göstərir ki, Rusiya bunu istəmir. 37 gün ərzində yaranan mənzərə hər kəsi üzdü. Fakt isə ondan ibarətdir ki, Rusiya ordusu prioriteti, strategiyasını, taktikasını düzgün qurmadı”.

Geri qayıt