Əsas Səhifə > Partiya, Güney Press > "Rusiya Qarabağda vəziyyəti yenidən gərginləşdirir"

"Rusiya Qarabağda vəziyyəti yenidən gərginləşdirir"


28-03-2022, 09:18
"Rusiya Qarabağda vəziyyəti yenidən gərginləşdirir"
“Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişi əsas götürərək “sülhməramlı” adı altında Qarabağa soxulmuş Rusiyaya arxalanan erməni quldur dəstələri öz məkirli niyyətlərindən əl çəkmək istəmirlər. Onlar cəzasız qalacaqlarına əminlik nümayiş etdirərək mütəmadi olaraq təxribatlar törətməkdə davam edirlər. Son olaraq martın 26-da Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərsələr də, görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur ediliblər”. Dia.az xəbər verir ki, bunu Reyting.az-a Təkamül Partiyasının sədri, iqtisadçı-alim Teyyub Qənioğlu deyib.

Partiya sədrinin sözlərinə görə, gözləmək olardı ki, “sülhməramlı” adı altında (əslində işğalçı statusunda!) Qarabağa yerləşdirilən Rusiya Müdafiə Nazirliyinin müvafiq kontingenti erməni quldurlarının təxribatlarının qarşısını alacaq və belə hadisələrin təkrarlanmaması üçün üçtərəfli sazişə uyğun olaraq üzərlərinə götürdükləri vəzifələri yerinə yetirəcəklər: “Ancaq belə olmadı, növbəti dəfə ermənipərəstlik nümayiş etdirərək baş vermiş hadisədə əsassız olaraq Azərbaycan tərəfini təksirləndirmək yolunu tutdular. Bu azmış kimi, “sülhməramlılar” martın 26-da bəyanat yayaraq bildirdilər ki, “Azərbaycan Respublikasının silahlı qüvvələri martın 24-dən 25-dək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq (?), Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına (?) daxil olub. Dağlıq Qarabağ ərazisində müşahidə məntəqəsi yaradıb. “Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı “Furux” (?) yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib. Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması (?) üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”.

T. Qənioğlu əlavə edib ki, göründüyü kimi, “sülhməramlılar” müvəqqəti yerləşdiyi əraziləri özlərinin “məsuliyyət zonası” adlandıraraq bu ərazilərin Azərbaycana aid olduğunu “unudurlar”: “Əgər onlar müvəqqəti yerləşdikləri əzaziləri özlərinin “məsuliyyət zonası” hesab edirlərsə, onda məsuliyyətsiz hərəkətlərinə son qoymalı, üçtərəfli sazişin 4-cü bəndinə uyğun olaraq üzərlərinə götürdükləri vəzifələrə məsuliyyətlə yanaşmalı, erməni quldurlarını dəstəkləməkdən imtina etməli və onları Qarabağdan çıxarmalıdır”.

T. Qənioğlu bildirib ki, əksinə, Rusiya tərəfi üçtərəfli sazişdə nəzərdə tutulan öhdəliklərinə qətiyyən əməl etmək istəmir, yenə də mövcud olmayan “Dağlıq Qarabağ”, “Stepanakert”, “Dağlıq Qarabağın silahlı birləşmələri” kimi ifadələri işlətməkdə, bütün imkanlarını səfərbər edərək erməni faşistlərinin Qarabağda mövcudluğunu qorumada davam edir.

“Rusiyanın Qarabağda sərgilədiyi hərəkətlər onun Ukraynada törətdiyi vəhşiliklər fonunda daha aydın görünməkdədir. Ona görə də biz, Azərbaycan olaraq öz haqlı mövqeyimizdən qətiyyən çəkilməməliyik, nə 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə, nə də Rusiya ilə 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə bel bağlamalıyıq, Zəngəzur dəhlizi məsələsində olduğu kimi, dövlətimizin mənafeyinə uyğun hərəkətləri daha qətiyyətlə həyata keçirməliyik. Haqq Azərbaycanın tərəfindədir!”,- deyə Təkamül Partiyasının sədri əlavə edib.

Geri qayıt