Əsas Səhifə > Partiya, Güney Press > "Sadəcə, xristian təəssübkeşliyidir"

"Sadəcə, xristian təəssübkeşliyidir"


16-03-2022, 09:02
"Sadəcə,  xristian təəssübkeşliyidir"
Bütün dünyanın diqqətinin Rusiya-Ukrayna cəbhəsinə yönəldiyi vaxtda, Ermənistan ABŞ-da olan hamilərini hərəkətləndirib. “Yeni Müsavat” yazır ki, Birləşmiş Ştatlarda olan erməni lobbisi, hər zaman olduğu kimi, əlaqələrindən istifadə etməklə Azərbaycana qarşı məkrli fəaliyyətini davam etdirməkdədir. Bu istiqamətdə təbii ki, erməni diasporu da dəridən-qabıqdan çıxır. Onların budəfəki arzusunu ABŞ Konqresinin Nümayəndələr Palatası həyata keçirib. Palata Qarabağda olan qondarma “artsax”a qarşı hərbi əməliyyatların mümkünlüyü barədə hesabat tələb edən qanun layihəsi qəbul edib. Nəticədə 2022-ci maliyyə ilinin xərclərini ümumiləşdirən, Ermənistana ən azı 45 milyon dollar və “artsax”da humanitar minatəmizləmə üçün 2 milyon dollar nəzərdə tutan layihə qəbul olunub.

Qanun layihəsinin özündə “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin redaksiyası var və həmçinin “bu qanunun qüvvəyə mindiyi tarixdən sonra 90 gündən gec olmayaraq” “artsax”a qarşı hərbi əməliyyatların aparılması ehtimalı haqda hesabat tələb olunur.

ABŞ konqresmenlərinin heç kimin tanımadığı Azərbaycan ərazilərində məskunlaşmış ermənilərin qondarma “artsax” adını dövlət siyasətinə alət etməsinin arxasında dayanan plan nədir? Konqresmenləri narahat edən hansı “hərbi əməliyyatdan” söhbət gedir? Ümumilikdə, ABŞ konqresmenlərinin Qarabağda erməni separatçılarına belə qahmar çıxmağının arxasında nə dayanır? Bundan az əvvəl Avropa Parlamentinin məlum qərəzli qətnaməsi, indi də ABŞ Konqresində anti-Azərbaycan sənədinin qəbuluna qarşı rəsmi Bakının addımları necə olmalıdır? Dia.az xəbər verir ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın rəsmi strukturları, eləcə də bir sıra Qərb dövlətləri Qarabağda əldə etdiyimiz qələbədən narahat olublar. Partiya sədri hesab edir ki, 30 il ərzində Azərbaycana və Ermənistana ikili yanaşmanın şahidi olmuşuq deyə, indi baş verənlər təəccüb doğurmur: “Ona görə bu cür qanun layihəsinin qəbul edilməsi birmənalı şəkildə düşmən mövqeyi kimi qiymətləndirilməlidir. Çünki Gürcüstana, Moldovaya, Ukraynaya münasibətdə separatçılara qarşı çıxan Qərb ölkələri və ABŞ eyni separatizm bəlası ilə üzləşmiş Azərbaycana tamamilə ədalətsiz mövqe sərgiləyir. Buna nə ad vermək olar?”

AMİP sədrinin fikrincə, ABŞ Luqansk, Donetskdəki separatçılara yox, amma Xankəndində yuva salmış terrorçulara dəstək olur: “Bayden administrasiyası bir neçə il əvvəl Bakıya hansı münasibət bəsləyirdisə, indi də o xətti davam etdirməkdədir. Çox təəssüf ki, bu da ədalət tərəzisinin pozulmasıdır. ABŞ Ukraynaya dəstək göstərir, amma digər tərəfdən, bədnam 907-ci düzəliş hələ də qüvvədə saxlanır. O baxımdan bu, dünənin işi deyil, 30 ildir davam edən siyasətdir”.

A.Əlizadə erməni lobbi təşkilatlarının bu məsələdə gücünü istisna etmir, lakin şişirtməyin də tərəfdarı deyil: “Sadəcə, xristian təəssübkeşliyidir. Türkiyə və Azərbaycana qarşı qərəzli münasibət göz qabağındadır. Qardaş ölkəni Avropa Birliyinə üzv qəbul etmirlər, amma Moldova və Ukrayna müraciət edəndə dərhal üzvlük ərizəsi qəbul olundu, baxılacağı deyildi. Ərdoğan da haqlı olaraq sual elədi ki, bəs bizi niyə üzv etmirsiniz? Yəni dünya ədalətli deyil...”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə hesab edir ki, ABŞ Konqresinin Azərbaycana mənfi münasibəti yeni məsələ deyil. Partiya sədrinin sözlərinə görə, separatçı rejim hələ Qarabağda fəal olduğu dövrlərdə 907-ci düzəliş qəbul edilməklə Azərbaycana nəzərdə tutulan yardımlar dayandırılmışdı. Q.Əlibəylinin fikrincə, Konqresdə ermənipərəstlər çoxdur və lobbinin təsirləri də öz sözünü deməkdədir: “Bu, Amerika dövlətinin Azərbaycana isti münasibəti olmamasından qaynaqlanır. Ona görə ermənilərə dəstəyi nümayiş etdirirlər. Dəfələrlə qondarma rejimə yardımlar olub, hansısa layihələr irəli sürülüb və Amerika bununla maraqlıdır ki, bölgədə separatizm ömrünü sürə bilsin. Nə qədər qeyri-sabitlik davam etsə, bir o dərəcədə ABŞ regionda istəklərini reallaşdırmaq istiqamətində manevrlər edə biləcək”.

Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Konqresdə ölkəmizin mənafeyinə uyğun hansısa qanun layihəsi irəli sürülməsini xatırlamaqda çətinlik çəkir. Partiya sədri Amerikanın “artsax” sevgisini Minsk Qrupu ilə izah edir: “Həmsədr ölkələrdən biri kimi ABŞ hələ də o fikirdədir ki, Minsk Qrupu bərpa olunmalı, ”münaqişə nizamlanmalı", Qarabağdakı ermənilərə “status” verilməlidir. Bu cür addımlar məhz həmin təzyiq siyasətinin nəticəsidir. Amma “status” çoxdan gorbagor olub, Azərbaycan dövləti mövqeyini açıq bəyan edib, o baxımdan Konqresdə bu şəkildə müzakirələr ermənilərə dəstəklə yanaşı, separatçıları yaşatmaq niyyətidir. Rəsmi şəkildə bu addımlara etiraz edilməli, “artsax”a yardımların çatdırılmasına imkan verilməməlidir".

Geri qayıt