Əsas Səhifə > Partiya, Güney Press > Deputatlarda "PUA və tank" olduğunu deyən Elman Nəsirov:

Deputatlarda "PUA və tank" olduğunu deyən Elman Nəsirov:


28-02-2022, 16:09
Deputatlarda "PUA və tank" olduğunu deyən Elman Nəsirov:
“Hesab edirəm ki, bu günlər Avropa qitəsində çox ciddi siyasi proseslər baş verməkdədir. Bunun səbəbi Rusiya ilə Ukrayna arasında başlanmış müharibədir. Müharibə öz əhatə dairəsini getdikcə genişləndirməkdədir. Bu, 3-cü Dünya müharibəsi hesab edilməsə də, əslində iqtisadi, siyasi sferada, diplomatik – informasiya cəbhəsində artıq bu müharibə başlayıb”. DİA.AZ xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Milli Məclisin üzvü, deputat Elman Nəsirov hazırda Rusiya ilə Ukrayna müharibəsinin gedişatını şərh edərkən deyib.

Onun sözlərinə görə, sözügedən prosesə birbaşa hərbi olmasa da, digər vasitələrlə dünyanın mütləq əksəriyyəti cəlb edilməkdədir:

“Kimi humanitar, kimi hərbi yardım edir, kimi iqtisadi sahədə sanksiyalar tətbiq edir. İlk dəfədir ki, 2-ci Dünya müharibəsindən sonra dünya bu qədər qlobal müharibəyə sürüklənməkdədir. Hesab edirəm ki, Rusiya və Ukrayna kimi iki slavyan xalqı arasında baş vermiş hadisəyə görə bütün iştirakçı və maraqlı tərəflər məsuliyyət daşıyırlar. Burada Rusiyanın, Ukraynanın, Qərb dövlətlərinin, ABŞ-ın və NATO-nun üzərinə də çox böyük məsuliyyət düşür. Hadisələrin qarşısını almaq prinsip etibarilə mümkün idi. Qarşılıqlı güzəşt və kompromis yolunu seçib, diplomatik yolla müharibəni dayandırmaq olardı. Görünür ki, xüsusilə Qərb siyasi dairələri heç bunda maraqlı olmayıblar. Hətta ABŞ Prezident səviyyəsində dəfələrlə müharibənin baş verə biləcəyi tarixi də göstərmişdi. Proqnozlar özünü doğrultdu və müharibə başlandı. İndi isə Rusiyaya qarşı sanksya təqdim edilməkdədir. Rusiya dünya iqtisadiyyatında 6-cı yerdədir. Rusiya iqtisadiyyatının müflis olması dünya iqtisadiyyatı üçün də bumeranq effekti yaradır. Belə olan vəziyyətdə bütün dünya uduzacaq”.

Deputat bildirib ki, Rusiyanın üzərindən hava uçuşları dayandırılır, ancaq Rusiyanın ərazisi Avropadan Asiyayadək uzanır. Nəticə etibarilə Rusiya da başqa ölkələrə hava yollarını bağlayanda vəziyyət qəlizləşəcək:

“Mənə elə gəlir ki, gec də olsa, diplomatik tənzimləmə üsulları, çıxış yolları var. Bundan sonrakı fəlakətlərin qarşısını almaq üçün addımlar atılmalıdır. Çünki Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nüvə silahının döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı əmr verdi. Bu, çox ciddi siqnaldır. Ancaq ümid var ki, danışıqlar yolu ilə vəziyyətdən çıxılsın. Burada bir tərəf birmənalı qalib ola bilməz. Qarşılıqlı şəkildə elə etmək lazımdır ki, dünya fəlakətdən qurtara bilsin”.

Azərbaycanın da bu məsələdə öz mövqeyinin olduğuna diqqət çəkən deputat bildirib ki, beynəlxalq normalar və prinsiplər çərçivəsində mürəkkəb problemin həllinin tərəfdarıyıq.

Elman Nəsirov sosial şəbəkələrdə ukraynalı deputat Segey Qluşenkonun Xarkov uğrunda gedən döyüşlərdə həlak olması və onun azərbaycanlı deputatlarla müqayisə edilməsinə də öz münasibətini bildirib:

“O fikri sosial şəbəkədə söyləyənlər bir az səmimi olsunlar. Açıq etiraf etsinlər ki, şər qüvvələrin daşıyıcılarıdıır və Azərbaycan deputatlarının ölməsini arzu edənlər var. Buna başqa ad vermək olmaz. Mən şəxsən millət vəkili olaraq bu gün informasiya cəbhəsinin əsgəriyəm. Hazırda 3-cü Dünya müharibəsi yoxdur, amma kim deyə bilər ki, informasiya cəbhəsində bu müharibə baş verməyib? İstənilən ön cəbhədə qələbənin əldə edilməsində informasiya cəbhəsində qazanılan qələbə böyük fundament rolunu oynayır. Biz deputatlar bu gün informasiya cəbhəsində döyüşürük, vuruşuruq. Bu informasiya cəbhəsinin "PUA-ları, tankları" var, zenit-raket kompleksləri var, çox ciddi müharibə gedir. Azərbaycanın yüz mindən çox döyüşçüsü olan ordusu var. Mən heç arzulamazdım ki, müharibə təcrübəsi olmayan insanların döyüşə getmək zərurəti yaransın. Bu, vəziyyətin çox ciddiliyinin əlaməti olardı. Ancaq lazım gələrsə, zərurət yaranarsa, döyüşərəm. Dediyim kimi, illərlədir informasiya cəbhəsində döyüşürəm. İnformasiya cəbhəsindən ön cəbhəyə keçmək mənimçün çox rahatdır. Mən onsuz da döyüşçüyəm”.

Geri qayıt