Əsas Səhifə > Partiya, Güney Press > "Bizdə rektora görə universitet açılır, müəllimi yerləşdirmək üçün kafedra açılır"

"Bizdə rektora görə universitet açılır, müəllimi yerləşdirmək üçün kafedra açılır"


4-02-2022, 08:28
"Bizdə rektora görə universitet açılır, müəllimi yerləşdirmək üçün kafedra açılır"
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi inzibati bina Ramiz Mehdiyevdən alına bilər.

Hazırda R.Mehdiyevin də təmsil olunduğu Rəyasət Heyəti “İsmailiyyə” tarixi binasında yerləşir. Ancaq indi binanın Rəyasət Heyətindən alınaraq xalqa açılması təklif olunur.

Son zamanlar elmlə yox, qalmaqallarla gündəmə gələn Akademiyanın fəaliyyətinin dayandırılaraq, qurumun tərkibindəki institutların uyğun universitetlərin tərkibinə verilməsi və elmi fəaliyyətin bu qaydada davam etdirulməsi təklifi gündəmə gəlib. DİA.AZ xəbər verir ki, deputat Fazil Mustafa mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında ölkədəki universitetlərin çoxunun publik- hüquqi şəxslər olduğunu bildirib:

"Publik- hüquqi şəxslər ilkin dövrdə dövlətin dotasiyası ilə ayaqda qalır. Amma sonra özü imkanlardan istifadə edib, gəlir qazanıb özünü ayaqda tutmalıdır. Problemlər kifayət qədər çoxdur. Bunun nə dərəcədə effektli olmağı barədə izah vermək olduqca çətindir. Publik- hüquqi şəxslərin özünün də problemləri var. Elə məsələdir ki, tənzimləmək çətin olar. Əslində AMEA sosial müavinət xarakteri daşıyan sistemdir. Çünki bizdə elmi tədqiqatlar aşağı səviyyədədir. İdeologiya naminə elm və təhsil arxa planda tutulub. Ona görə də bunun fəsadlarını yaşayırıq. Normal universitetlərimiz, tədqiqat mərkəzlərimiz yoxdur. Burada çox ciddi narahatlıq və problem var. Məncə, biz əgər islahat istəyiriksə, birinci universitet islahatından başlamalıyıq. Universitetlər beynəlxalq standartlara cavab vermir. Bir neçə universitetin imkanları var, qalanları çox acınacaqlı vəziyyətdədir. Ancaq tələbə ödənişi hesabına ayaqda dururlar".

Deputatın fikrincə, universitetlərdə beynəlxalq standartlara uyğun mühit yaradaraq akademiya məsələsini həll etmək olar: "Birinci universitetlərdə bu kimi məsələləri çözmək, ardınca AMEA da islahatların keçirilməsi məsələsini gündəmə gətirmək olar. Bu, böyük təhsil konsepsiyasıdır. Birinci təhsilin hədəfləri dəyişilməlidir. Təhsilin hədəfi ideolojidir. Təhsil ideologiyadan çıxmalıdır. Biliyi kim, hara yaxşı verirsə, odur əsas qüvvə. Bizdə rektora görə universitet açılır, müəllimi yerləşdirmək üçün kafedra açılır. Dünyada belə bir şey yoxdur. Əcaib sistemlə reformanı keçirtmək olmaz. Yanaşma tərzi dəyişməlidir. Əks halda universitetlərdə qeyd olunan problemlər qalacaq və akademiya da mənasız qurum kimi fəaliyyətini davam etdirəcək".

Fazil Mustafa bildirib ki, AMEA elmi potensialı hərəkətə gətirən imkana sahib deyil: "Bizdəki akademiklər, müxbir üzvlərinin əksəri elmi standartlara cavab verən əsərlərə, tədqiqatlara sahib deyillər. Hamısı siyasi məqsədlər, meyarlarla bu tituli alıblar. Siyasi meyarlarla alınıbsa, deməli, heç kimi elmi meyarlarla qalxmağa, yüksəlməyə maraqlı olmayacaq. Sovet mirasından qurtula bilməyəcəyik".

Geri qayıt