Əsas Səhifə > Partiya, Güney Press > “Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək”

“Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək”


7-01-2022, 08:08
“Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək”
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu il Şuşanın yaranmasının 270 illiyi qeyd olunacaq. Bununla bağlı böyük tədbirlərin, festivalların keçirilməsi gözlənilir.

Qeyd edək ki, Şuşada artıq erməni işğalı zamanı ucaldılan binaların sökülməsinə başlanılır. Şuşada yeni məscid kompleksinin tikintisi üçün erməni işğalı illərində tikilmiş obyektlər söküləcək. Altı beşmərtəbəli bina, “parlament” adlanan bina və digər obyektlər sökülməlidir. Həmçinin abadlıq işləri aparılacaq. Erməni izləri birdəfəlik silinir.

Çox güman ki, “Şuşa İli”ndə həm də Şuşaya ilk qayıdış da gerçəkləşsin. Bəs tanınmışlar bu il Şuşada hansı tədbirlərin keçirilməsini arzulayır, gözləntiləri nədir?

DİA.AZ-ın məlumatına görə, millət vəkili Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Şuşanın əvvəlki şöhrətini özünə qaytarmaq üçün çox işlər görülməlidir: “Yəni abidələrimiz bərpa olunmalıdır, erməni izləri silinməlidir. Bu il, yəni ”Şuşa İli"ndə şuşalıların Şuşaya geri dönüşü başlayacaq, onlar öz vətənlərinə qayıdacaqlar. Əlbəttə ki, proses tədricən həyata keçiriləcək. Lakin əsas odur ki, geri dönüş başlayacaq. Bütün Azərbaycan Şuşanın 270 illiyini qeyd edəcək. Bütün dünyadan, böyük ölkələrdən Şuşaya nümayəndələr gələcək, bu şəhəri görəcəklər. Həmçinin orada yenidən “Xarıbülbül” festivalı, Yazıçılar İttifaqının qurultayı keçiriləcək. Bildiyim qədər Şuşaya avtobus reysləri açılır. Yəni Şuşaya gediş-gəliş normal vəziyyətinə dönəcək. Ən əsası şuşalıların bir hissəsi bərpa olunmuş evlərinə köçə biləcəklər. Həmçinin gözləyirəm ki, Şuşada televiziya, radio açılsın. Vaxtilə orada televiziya olub. Özü də təkcə Azərbaycan dilində deyil, müxtəlif dillərdə. Lap elə erməni dilində də olsun, qoy onlar eşitsinlər ki, Şuşada, Azərbaycanda nələr olur.

Əvvəllər Şuşada pioner düşərgələri olub, indi də arzulayıram ki, hansısa formada o cür düşərgələr olsun, ölkənin hər yerindən uşaqlar Şuşaya axışsın. Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək, eşidiləcək".

Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xanın sülaləsinin ən parlaq nümayəndəsi Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk öncə fürsətdən istifadə edib, bütün xalqımızı təbrik edirəm. Gözümüz aydın olsun, çox şükür! Gözləmədiyimiz anları yaşayırıq.

Əlbəttə ki, Şuşa bizim üçün çox doğmadır, əzizdir. Şuşa mənim ruhumun şəhəridir. Körpəliyim, uşaqlığım, xoşbəxt atalı-analı günlərim Şuşada keçib.

Bildiyiniz kimi, Şuşa şəhərinin 1752-ci ildə mənim ulu babam Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən bünövrəsi qoyulub. Şuşa əvvəllər Qala adlanırdı. Görkəmli musiqiçi Rəşid Behbudov “Qalalıyam, qalalı” mahnısını oxuyanda “Şuşalıyam, şuşalı” demək istəyirdi. Şuşa bir müddət Pənahabad adlandırılıb. Pənah xan qalanı tikib, ora zəmanəsinin tanınmış şairlərini, sənətkarlarını, nəqqaşlarını, alimlərini, simaca gözəl insanlarını cəlb edib, məskunlaşdırıb. Sonradan Şuşaya gəlib, orada yaşamaq istəyənlər qalanın ətrafında məskunlaşıblar, hansı ki, həmin yer Çöl Qala adlanırdı. Hərdən düşünürəm ki, bir əsrdə bu qədər dahi şəxsiyyətlər nədən məhz kiçik bir şəhərdən çıxıb? Bunun cavabı məhz bir az öncə dediyim faktla bağlıdır. Həqiqətən də o cür insanlardan, ziyalılardan törəyənlər dahi şəxsiyyətlər olmalı idi.

Şuşa bir zamanlar “Qafqazın konservatoriyası” adlanırdı. Lakin mən deyərdim ki, təkcə Qafqazın deyil, Şərqin konservatoriyası idi. Şuşada hər məhəllədən, hər qapıdan bir dahi çıxıb.

Çox sevindim ki, Prezidentimiz Şuşanı Azərbaycanın mədəniyyət mərkəzi adlandırdı. İstərdim ki, 2 əsr öncə olan ənənələr yenidən bərpa olunsun. Məsələn, Şuşada Realnıy məktəb var idi, orada tez-tez məclislər təşkil olunar, tanınmış ziyalılar, alimlər, şairlər bir yerə toplaşardı. Elə mənim babamın evində də bu cür məclislər keçirilərmiş. Həmin məclislərdə elə orada şeirlər yazılar, mahnılar bəstələnərmiş, hansı ki, hazırda da həmin vaxtlar sevilərək ifa olunur.

Atamda da musiqiyə sevgi, maraq məhz həmin gecələrdə yaranıb. Evlərində qrammafonlar olub, onlarda Şərqin tanınmış böyük sənətkarlarının səs yazılarını dinləyiblər.

Şuşa çox gözəl təbiətli şəhərdir. 30 il işğal altında olmasına baxmayaraq, öz əzəmətini qoruyub saxlaya bilib. Hazırda Prezidentimizin sərəncamı ilə orada çox gözəl bərpa işləri aparılır. İnanıram ki, həmin bərpa işləri bu il daha da sürətlənəcək. Düşünürəm ki, Prezidentimiz həm bu bərpa işlərinin sürətlənməsi, həm də Şuşanın bütün dünyada tanınması üçün bu ili “Şuşa ili” elan edib. Düşünürəm ki, Şuşa tezliklə dünyanın ən tanınmış turizm şəhərlərindən biri olacaq, dünyanın müxtəlif ölkələrindən ora axın edəcək, orada dünyaya səs salacaq musiqi və kino festivalları, müsabiqələr, konsert və tədbirlər keçiriləcək".

Əslən Şuşadan olan “Parni iz Baku” KVN komandasının üzvü, əməkdar artist Tahir İmanov da Şuşa ilə bağlı öz arzularını bildirib: “İşğaldan əvvəl mənim babam xalq artisti, bəstəkar Süleyman Ələsgərov konservatoriyanın Şuşa filialına rəhbərlik edib. Bu onun son vəzifəsi olub. Mən də onun nəvəsi kimi, ümumiyyətlə, ailəmiz çox istərdik ki, həmin filial yenidən bərpa olunsun və öz fəaliyyətini davam etdirsin. Şuşa ilə bağlı daha bir arzum, orada ”Parni iz Baku"nun konsertlərini keçirək. Şuşa işğaldan azad olunana qədər biz hər konsertimizi bu sözlərlə bitirmişik ki, gün o gün olsun yeni konsertimizi Şuşada keçirək. Komandamız hər an bu konsertə hazırdır.

Şuşa ilə bağlı keçirilən bütün tədbirləri alqışlayır və çox böyük sevinclə qarşılayıram. Düşünürəm ki, bundan sonra həyatımızın hər bir anı Şuşaya, Qarabağa həsr olunmalıdır. 30 il bu xalq, bu millət bu günləri gözləyib və öz əməlləri ilə ona yaxınlaşıb. Bundan sonra nə ediriksə-edək, hər kəs öz sahəsində, fəaliyyətində bu mövzuya həsr etməlidir".

Geri qayıt