Əsas Səhifə > Partiya, Güney Press > "Onsuz da ölkədə iqtisadi vəziyyət çətindir"

"Onsuz da ölkədə iqtisadi vəziyyət çətindir"


27-12-2021, 09:13
"Onsuz da ölkədə iqtisadi vəziyyət çətindir"
“İndi silahlanma mərhələsidir. Bu etapda iri miqyaslı müharibələr mümkün deyil. Nə ABŞ, nə Rusiya, nə də NATO belə bir addım atmayacaq. Problem müharibə anına çatarsa, tərəflər geri çəkilməli olacaqlar”. DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ukrayna məsələsinə görə Vaşinqton-Moskva münasibətlərini şərh edərkən deyib.

S. Cəlaloğlunun proqnozuna görə, hələlik ABŞ-Rusiya toqquşması real deyil: “ABŞ ən yüksək səviyyədə deyir ki, Rusiya ilə vuruşmayacağıq, ona qarşı öldürücü iqtisadi sanksiyalar tətbiq ediləcək. Bu sanksiyalar da dövlət kimi Rusiyanı çökdürəcək”.

ADP sədri əmindir ki, Rusiyanın indiki davranışları həm də ölkə daxilindəki vəziyyətlə əlaqədardır: “Rusiya daxilində mərkəzdənqaçma meylləri, ciddi iqtisadi problemlər var, görünməsə də, Putin hakimiyyətinə qarşı ciddi müxalifət formalaşıb. Belə bir vəziyyətlə üzləşən dövlətlər xarici interversiyalardan istifadə etməklə daxildəki durumu nəzarət altına almağa çalışırlar. İndiki halda Putinin xariclə bağlı aqressivliyi həm də daxildəki gərginliyi nəzarət altına almaq cəhdləri ilə bağlıdır”.

S. Cəlaloğlu xatırladıb ki, vaxtilə SSRİ dağılmamaq üçün Əfqanıstana hərbi müdaxilə etsə də, imperiyanın dağılmasının qarşısını ala bilməyiblər: “Proseslər təbii şəkildə inkişaf edir, süni yollarla onun qarşısını almaq mümkün deyil. Putin ən yaxşı halda bu prosesi ləngidə bilər. İndiki halda atdığı addımlar da bununla əlaqəlidir”.

Partiya sədrinin iddiasına görə, Qərb zamanında SSRİ-ni dağıtmaq üçün yararlandığı metoddan indi də Rusiyaya qarşı istifadə edir: “O dövrdə SSRİ silahlanmaya, ulduz müharibələrinə hazırlığa cəlb edildi və nəticədə çökdü. İndiki halda Rusiyanın Ukraynada, Suriyada, Liviyada, Gürcüstanda, Moldovada müharibə aparması, Aralıq dənizində ordu saxlaması, ABŞ yaxınlığında qoşununun olması, habelə Sakit okenda bazalarının mövcudluğu milyardlarla vəsaitə hesabına başa gəlir. Onsuz da ölkədə iqtisadi vəziyyət çətindir. Belə olan halda silahlanmaya, orduya köklənən Rusiya həm də itirə-itirə gedir. Bu, Qərbin metodudur. Özlərini elə göstərirlər ki, guya Rusiyanın qarşısından qaçırlar. Nəticədə Moskva istədiyini edir. Habuki hər bir yeni əraziyə daxil olması Rusiyanı məhvə yaxınlaşdırır”.

Geri qayıt