Əsas Səhifə > Partiya, Güney Press > “Dünyagörüşü məhdud olan insan Vətən uğrunda o cür savaşa bilməz”

“Dünyagörüşü məhdud olan insan Vətən uğrunda o cür savaşa bilməz”


10-12-2021, 08:16
“Dünyagörüşü məhdud olan insan Vətən uğrunda o cür savaşa bilməz”
Gənc nəslin milli ruhda böyüməsi, onlarda vətənpərvərlik hissinin aşılanması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi ekspertlər hesab edir ki, gənclər arasında Qərbə meyllilik, ifrat kosmopolit ideyaların olması narahatlıq doğurmalı və bunun qarşısını almaq üçün müxtəlif layihələr həyata keçirilməlidir. Bəziləri isə hesab edir ki, Azərbaycanda bu sahədə hər hansı dəyişikliyə ehtiyac yoxdur. 44 günlük müharibədə gənclərin kifayət qədər milli ruhda tərbiyə olunduqları sübut olundu. Göründüyü kimi, bu mövzu ətrafında müxtəlif fikirlər səsləndirilir, polemikalar aparılır...

Millət vəkili Fazil Mustafa isə mövzu ilə bağlı fərqli yanaşma sərgiləyib. O, “Yeni Müsavat” a bildirib ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirmə ideologiyasını o qədər də qabartmamalıyıq, gənclərə bilik verməliyik: “Bilik olandan sonra insan özü düşünən məxluqdur və düşünüb özü doğru yolu tapacaqdır. Fikrimcə, cahil, biliksiz insana vətənpərvərlik təbliğ etsən də, sonradan onu yaşam tərzində hansısa peşənin sağlam daşıyıcısı kimi ifadə etməyəcək. Ona görə də bu istiqamətdə təbliğatın daha böyük ziyanı var. Hamı vətənpərvər rolunu oynamağa daha çox üstünlük verəcək, nəinki vətənpərvər olmağa. Amma əsas vətənpərvərliyin mahiyyəti odur ki, insan düşüncəli, sağlam yaşam tərzinə malik, həm də bilikli olsun. Bunlar olandan sonra o insana dövlət üçün, cəmiyyət üçün, millət üçün faydalı olmağı aşılamaq çox rahatdır. Amma savadsız, biliksiz insana nəyisə robot kimi aşılayırsınızsa, bəzən bu, ziyana işləyir. Vətənpərvərlik roluna girənlərin də çoxunun nə qədər ölkəyə ziyan vurduğunu görürük. Populistcəsinə bunu etdiyini görürük. Ona görə də bilgiyə dayanan, dünyada hamının qəbul etdiyi əxlaq normativlərinə uyğun gələn insan obrazını yaratmaq üçün çalışmaq lazımdır. Bunun üçün də orta məktəbdə təhsilin səviyyəsini qaldırmalıyıq. Bizdə orta məktəbdə normal insanın yetişməsi üçün mühit yaratsaq, o, gələcəyə, bütün ömrə bəs edir. Amma biz hələ də bunu yarada bilməmişik”.

Mustafa əlavə edib ki, mənəvi dəyər anlayışı bəzən mübahisə doğurur: “Burada bəşəri dəyərlər əsas götürülməlidir. Bəşəri dəyər dedikdə, məsələn, bizdə düşüncə sistemi əsasən yunan mənbələrindən alınır. Onu mükəmməl bilən insan, hər halda, faydalı bir düşüncə adamına çevrilə bilir. Amma bilməyən adam bayağı bir sabahın savadsız professoru, kiminsə himayəsində, hansısa bir elmi titul almış adama çevrilir. Yaxud da qabiliyyətsiz bir həkim, bacarıqsız bir çilingər olur. Xaricdən gələn insan da bir fərd olaraq öz peşəsində faydalı olursa, onun vətənpərvərlikdən danışmasına ehtiyac yoxdur. Hər kəs öz peşəsində vicdanlıdırsa, millətin yüz övladının sağlam yaşaması üçün fayda verirsə, onun vətənpərvərliyinə bu baxımdan yanaşmaq lazımdır. Yoxsa, bizdə universitetlərdə xeyli müəllimlər var ki, vətənpərvərlikdən danışırlar, amma tapşırıqdan başqa heç kimə qiymət yazmırlar. Nə olsun? Elə həkim də var ki, xəstəyə uyğun olmayan dərmanı yazdı, adamın orqanizmi sıradan çıxdı. Amma televiziyada çıxıb vətənpərvərlikdən danışır. Ona görə də mənim yanaşmam budur ki, vicdanlı insan olmaq əsasdır. Vicdanlı insan elə vətənpərvər insan deməkdir. Yaxşı nümunələri Azərbaycan cəmiyyətinə gətirmək elə vətənpərvərliyin təbliği deməkdir. İnsan vicdanlı olursa, o, sonda mütləq vətənpərvər olacaq. Vətənin məsuliyyətini daşıyan insan olacaq”.

Deputat “məktəbdə aşağı qiymət alanlar tarix yazdı” kimi cəmiyyətdə səsləndirilən fikirlərə də münasibət bildirdi: “Ümumiyyətlə, şəhidlik şüurlu anlayışdır. Təsadüfi anlayış deyil. Biz bütövlükdə hamıya şəhid adını veririk. Təsadüfən əlindən güllə açılana da, döyüşdə hansısa bir situasiyada qəfildən ölənə də şəhid deyirik. Amma diqqət edirsinizsə, Şuşanın dağına dırmaşanla başqalarının fərqi var. O, iradə nümayiş etdirir. Heç vaxt dünyagörüşü məhdud olan insan vətən uğrunda o cür savaşa bilməz. Söhbət burada attestat almaqdan getmir. Burada söhbət sağlam dünyagörüşündən gedir. Düşünürəm ki, sağlam dünyagörüşünün aşılanmasına ehtiyac var. Məsələn, yaxınlarda Türkiyədən Nobel mükafatı laureatı, professor Aziz Sancar Bakıya gəlmişdi. Ola bilsin, yüzlərlə insan olar ki, Vətən uğrunda döyüşüblər. Qiymətləndirmə aparılsa, deyə bilərsinizmi ki, onlar Aziz Sancardan daha üstündürlər?! Aziz Sancar əgər yüz tələbə yetişdiribsə, elmdə yüksək bir mərhələyə gəlibsə, bu gün Türkiyənin dəyərlərini dünyaya tanıdırsa, onun vətənpərvər olması üçün müharibədə şəhid olması mütləq deyil. Heç vətəndən danışmaya da bilər. Amma faktiki olaraq bunu sübut edə bilib. Ona görə mən istəmirəm ki, biz bunu bayağı meyar kimi götürək. Təbliğat aparsaq, hamı vətənpərvər olacaq deyə bir anlayış yoxdur. Biz birinci insanlara peşəkarlığı öyrətməliyik. Peşəsini sevən, peşə məsuliyyətinin daşıyan, sonra ailə məsuliyyətini daşıyan şəxs sonra şəhər, kənd məsuliyyətini daşıyır. Sonra da Vətən məsuliyyətini daşıyır. Əsasən bu prinsiplə yanaşmaq lazımdır. Yalnız bundan sonra görə bilərsiniz ki, Azərbaycanda xeyli insan saxtakarlıq etmədən vətənpərvərə çevrilir. Heç bir təbliğatın aparılmasına da ehtiyac yoxdur”.

Geri qayıt