Əsas Səhifə > Partiya, Güney Press > "Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil"
"Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil"30-11-2021, 09:58 |
Erməni lobbisi postmüharibə dövründə də həyasız fəaliyyətindən geri qalmır. Rəsmi İrəvan Bakı ilə bölgədə yeni konfiqurasiyanın yaranmasında maraqlı olduğunu bəyan etsə də, erməni lobbisi köhnə və ənənəvi işini davam etdirir. “Yeni Müsavat” bildirir ki, ötən həftə Avropa Parlamentinin 33 deputatının Azərbaycanı təcavüzkar adlandırması, bizi Ermənistanın guya suveren ərazisinə daxil olmaqda günahlandırması və bununla əlaqədar qətnamə qəbul edilməsi erməni lobbisinin təsirlərini bir daha üzə çıxardı. Görünür ki, Avropa Parlamentində, Avropa Şurasında, ABŞ Konqresində və digər beynəlxalq tribunalarda erməni lobbisi iş aparmaqdadır. AP-da 33 deputatı, qarayaxması, bizə əsassız ittiham irəli sürməsi göstərdi ki, bu dərəcədə fəallaşıblar. Əslində həmin qətnamənin sənəd kimi heç bir hüquqi statusu yoxdur, daha əvvəl də bənzər qətnamələr əski parçasına çevrilib, lakin istənilən halda bu qurumun erməni lobbisinin təsiri altında olduğu təsəvvürü formalaşır. Bəs kontur addımlarımız necə olmalıdır? Azərbaycan lobbi işini gücləndirməklə Ermənistan əleyhinə müxtəlif beynəlxalq təsisatlarda qətnamələr qəbul edilməsinə nail ola bilərikmi? Əgər erməni tərəfi iddia edirsə və AP deputatlar da qətnamə şəklində bildirirsə Azərbaycan Ordusu guya Ermənistanın ərazilərinə girib, yeri gəlmişkən, bunu üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında baş nazir Nikol Paşinyan da açıqlamışdı, o halda bizim lobbi terrorçu Mirzoyanın Şuşa yaxınlığında hərbçilərimizə qumbara atmasını niyə gündəmə gətirməsin, Azərbaycanla işləyən AŞ PA və AP deputatlarının dilindən bu bəyanatlar səslənməsin? Yada salaq ki, AP deputatları Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelə bununla bağlı məktub göndəriblər. Məktubda Azərbaycan Silahlı Qüvvələrinin Ermənistandan çıxarılması tələb olunur: “Noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri Ermənistan Respublikasının şərq sərhədi boyunca hücuma keçib. Avropa Parlamentinin üzvləri kimi biz Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə hücumunu və ora soxulmasını pisləyirik”. Müraciətdə qeyd ediblər ki, guya Azərbaycanın günahı üzündən 10 noyabr 2020-ci il atəşkəs bəyanatı pozulub və bölgədəki kövrək sülh ciddi şəkildə təhdidlə üzləşib. Fransalı senator Natali Qule deyib ki, Fransada siyasi partiyaları sülhə deyil, müharibəyə sövq edən erməni lobbisi bizi dərindən narahat edir və onlar prosesə heç də kömək etmirlər. Görünür ki, ermənipərəst Fransada da bunu etiraf edənlər var. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “”Yeni Müsavat"a bildirdi ki, Avropa parlamentarilərinin belə qətnaməyə imza atması Azərbaycana qarşı qərəzin göstəricisidir. Onun sözlərinə görə, həmin avropalı deputatları bir-bir araşdırsaq, əlləri erməni lobbisinin cibindən çıxacaq: “Hesab edirəm ki, 33 deputatın məlum qətnaməyə imza atması Avropa Parlamentinin nüfuzuna ciddi şəkildə zərbələrdən biri olacaq. Bu, bizə qarşı erməni lobbisinin pulu hesabına yürüdülən siyasətdir və beynəlxalq qurum olaraq imicini zədələyir. Halbuki 30 il ərzində torpaqlar işğalda olarkən Avropa Parlamentinin 10 deputatı bir araya gəlib Ermənistanın təcavüzkar addımlarına qarşı qətnamə qəbul etməyiblər. Hərçənd 30 il icra olunmayan BMT qətnamələri var idi, indisə olmayan məsələ haqda Avropa Parlamentində 33 rüşvətxor deputat qətnamə qəbul edir”. GAP sədri hesab edir ki, Avropanın ayrı-ayrı mərkəzlərinin ikili standartlarla yanaşması Qərbin özünə etimadı azaldır: “Belə dünyada ədalət yaratmaq istəyən Avropa pis bir nümunə qoymuş olur. Biz heç bir kəsin suveren ərazisinə daxil olmamışıq, bizim suveren ərazilər 30 il işğalçı orduda olub. Ona görə Azərbaycanın öz strategiyası var və bizim Ordumuz BMT-nin 4 qətnaməsini icra edib, hansısa qətnamələr hüquqi sənəd ola bilməz. Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil, orada Fransanın və erməni lobbisinin təsiri var. Ona görə rəsmi Bakı öz yolunu getməlidir. Biz ”Böyük qayıdış"ı nəzərdə tuturuq, Qarabağda quruculuq işləri gedir, dünya buna şahiddir ki, Azərbaycan öz ərazilərini yenidən yaradır, hansısa çürük qətnamələr bizi maraqlandırmır. Yaxşı olar ki, pulla işləyən avropalı deputatları öz ölkələri araşdırsınlar. Məlum olacaq ki, erməni lobbisi və diasporasının əlinə baxırlar". Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, erməni lobbisinin böyük imkanları və təcrübəsi var: “Azərbaycan da ABŞ, Fransa və digər ölkələrdə lobbi işini qurub, bizi dəstəkləyənlər də az deyil. Amma etiraf etmək lazımdır ki, erməni diasporasının 100 yaşı var, lobbiçilikdə uzun yol keçiblər və təbii ki, dünyada erməni təəssübü çəkənlər də var, xristian faktoru burada rol oynayır”. Geri qayıt |