Əsas Səhifə > Partiya, Güney Press > "Təbii ki, bu, məcburiyyətdən atılan bir addım idi"

"Təbii ki, bu, məcburiyyətdən atılan bir addım idi"


29-11-2021, 09:46
"Təbii ki, bu, məcburiyyətdən atılan bir addım idi"
Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı qadağalar müəyyən edilir. Bu barədə "Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində müəyyən müddəalar yer alıb. Yeni qanun layihəsinə əsasən, hərbi qulluqçulara tətil etmək, seçkili orqanlarda vəzifə tutmaq, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq qadağan edilir. Həmçinin hərbi qulluqçular yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak edə bilməzlər. Onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xaricə getmək, siyasi və dini təbliğatla məşğul olmaq hüququ da yoxdur. Eyni zamanda hərbi qulluqçular dövlət sirrini yaymaq, komandirlərin (rəislərin) qanunla müəyyən edilmiş qaydada verilmiş əmrlərini, sərəncamlarını və göstərişlərini müzakirə etmək və ya tənqid etmək, hərbi xidmətlə bağlı kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə komandirlərin (rəislərin) icazəsi olmadan birbaşa müsahibə vermək səlahiyyətləri də yoxdur.
Qanun layihəsinə görə, hərbi qulluqçulara hərbi xidmət vəzifələrinin icrasının dayandırılmasına yönəlmiş hərəkət (hərəkətsizlik) etmək, qadağan olunmuş əşya və ya texniki vasitələri (cihazları) hərbi hissənin ərazisinə və xidmət yerinə gətirmək və onlardan istifadə etmək, sosial şəbəkələrdə, internet informasiya ehtiyatlarında hərbi xidmətlə bağlı məlumatları yaymaq, xidməti mənsubiyyətini açıqlamaq qadağan edilir.

Bir müddət əvvəl Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində, məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilmişdi. Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar, hüquq-mühafizə orqanlarına göndərilmişdi. Bu, cəmiyyət tərəfindən birmənalı qarşılanmamış və müxtəlif müzakirələrə səbəb olmuşdu.

Hərbi ekspert Ədalət Verdiyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, əslində bu, doğru addımdır. Çünki hərbçilərin sosial şəbəkələrdən istifadəsi, hərbi sirlərin yayılması, dövlət maraqlarına zidd olan məlumatların şəbəkədə geniş şəkildə paylaşılmasından çox böyük zərər gördük.

“Bu da həm müharibə zamanı, həm də müharibədən sonrakı bir ildə davam etdi. Müdafiə Nazirliyi son olaraq, bunun qarşısının alınması üçün bir neçə hərbçini ordu sıralarından xaric etmək qərarına gəldi. Təbii ki, bu, məcburiyyətdən atılan bir addım idi. Çünki yazılı əmrlər, şifahi xəbərdarlıqlar, mütəxəssilərin bu barədə dəfələrlə efir və mətbuat vasitəsilə hərbçilərə səslənməsi real nəticə verməmişdi. Bir çoxları, bu işdən nəticə çıxarsalar da, az sayda hərbçilər, yenə də rəhbərlik tərəfindən verilən əmrlərin icarsını tam yerinə yetirmirdilər. Əmri yerinə yetirməyən, hərbi intizam qaydalarını pozan, milli və hərbi maraqlarımıza ziyan gətirən fəaliyyətlərə yol verən hərbçilərin ordudan xaric edilməsi doğru addım idi”.

Ekspert bildirir ki, bu proseslərin qarşısının alınması üçün bir qanun yaradıldı və prosesə hüquqi don geyindirildi. Yəni, artıq bundan sonra qadağan edilmiş fəaliyyətlərə yol verən şəxslərin cəzalanması üçün artıq hüquqi bir baza mövcuddur.

Ə.Verdiyev hesab edir ki, bu qanun, hərbçilərə daha diqqətli olmağa verilən göstərişləri dəqiq yerinə yetirməyə sövq edəcək. O, həmçinin bildirib ki, hərbçilərin rabitə ilə təminatında heç bir problem yoxdur. Onlar şifrələnmiş rabitə vasitələrinə malikdirlər. Ərazidə baş verən prosesləri idarə etmək üçün kifayət qədər geniş rabitə imkanları mövcuddur. Sosial şəbəkə və ağıllı telefonlar isə, hərbçilərin həyatı üçün təhlükə mənbəyidir.

Geri qayıt