Əsas Səhifə > Partiya, Güney Press > Biz erməni dediyimiz albanlarla hayları qarşı-qarşıya qoymalıyıq

Biz erməni dediyimiz albanlarla hayları qarşı-qarşıya qoymalıyıq


5-11-2021, 08:52
Biz erməni dediyimiz albanlarla hayları qarşı-qarşıya qoymalıyıq
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanla Hafta.az üçün söhbətimizdə Ermənistan və Qarabağdakı ermənilərin mövcud durumu, Azərbaycanın hay və alban kökənli ermənilər arasındakı fərqlərdən necə yararlanması, Ermənistandakı revanşist güclərin rəsmi Moskva ilə münasibətlərimizi pozmaq cəhdləri, Rusiyanın Qarabağdakı sülhməramlı sayılan kontingentinin yanlış addımlarını sivil qaydada cavablandırmağımızın vacibliyi və s. haqda danışdıq.

- 44 günlük savaşdakı Zəfərimizdən sonra Ermənistan və Qarabağdakı ermənilərin, əslində hayların durumunu necə xarakterizə edərdiniz? Onların zəif durumda olmasına arxayın qala bilərikmi?

- Əsla arxayınlaşmaq olmaz. Deyir, ilan yatar, amma düşmən yatmaz… Hazırda Qarabağın bir hissəsi və Laçın dəhlizindəki mövcud durumu təhlil edərkən ilk növbədə nəzərə almalıyıq ki, Ermənistandakı, əslində Hayastandakı revanşist güclər həm etnik hay(!) lobbisinə, həm də haypərəst qüvvələrə arxalanır. Bu qəsbkar ölkə yeni hərbi doktrina qəbul edib və həmin doktrinaya əsasən hazırda onlar Azərbaycan dövlətinin büdrəməsini, ölkə daxilində milli barışığın pozulmasını gözləyirlər.

Hayların ilkin planları şərait yaranan kimi, ən azı, Şuşa və Hadrutu yenidən işğal etməkdir. Büdrəməyimizi isə iki istiqamətdən: həm daxili, həm də xarici miqyasda təşkil etməyə çalışırlar. Yəni daxildə dövlət-xalq qarşıdurması yaratmaq, xaricdə isə aparıcı ölkələr və əsasən Rusiya ilə münasibətlərimizin pozulmasına cəhd göstərirlər. Bunun üçün də hazırda Azərbaycanın müvəqqəti olaraq Rusiya hərbi kontingentinin nəzarətində olan ərazisində hər cür təxribat törətməyə çalışırlar, dəridən-qabıqdan çıxırlar ki, rus hərbçilərlə Azərbaycan ordusu arasında birbaşa silahlı qarşıdurma yaşansın və rəsmi Moskva ilə münasibətlərimiz pozulsun. Yəni revançist haylar istəyir ki, “atan yenə kazaklar" olsun. Onlar Rusiya hərbçilərinin arxasında gizlənib ordumuza, mülki insanlarımıza atəş açırlar ki, Azərbaycan ordusu əks atəş açmağa məcbur olsun və ara qızışsın. Biz belə təxribatlara qətiyyən getməməliyik...

- Belə olan halda Rusiya “sülhməramlı”larının suverenliyimizi təhdid edən qeyri-adekvat addımlarına susmalıyıqmı? Məsələn, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Laçın rayonu “Dağlıq Qarabağın rayonu” kimi təqdim olunur, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasından kənardakı strateji yüksəklik və kəndlərimiz, məsələn, Tərtər rayonunun Qapanlı kəndi həmin kontingentin nəzarət xəritəsinə daxil edilir...

- Xeyr, belə hallara susmaq olmaz. Müvafiq qurumlar bu hallara sivil qaydada, amma tələb formasında reaksiya verməlidir. Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Laçın rayonunun “Dağlıq Qarabağın rayonu” kimi təqdim edilməsi, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasından kənardakı strateji yüksəklik və kəndlərini, məsələn, Tərtər rayonunun Qapanlı kəndini həmin kontingentin nəzarət xəritəsinə daxil etmək və s. kimi hallar qətiyyən qəbuledilməzdir. Dediyim kimi, məsələlərə Azərbaycanın müvafiq qurumları, Müdafiə və Xarici İşlər nazirlikləri və s. dərhal, yəni bir neçə gün, bir neçə ay sonra yox, belə məlumat alınan dəqiqədə reaksiya verməli və Rusiya tərəfindən bu səpkidə yanlış addımlara dərhal düzəliş verilməsini tələb etməlidir. Xahiş, təklif yox, tələb etməlidir… Bunlar bizim suveren dövlətçilik hüququmuza daxil olan məsələlərdir. Odur ki, çox diqqətli və məsuliyyətli olmalıyıq. Belə görünür ki, Qarabağ “xəmir”i hələ çox su aparacaq...–

- Ermənistan və Qarabağdakı revanşist, radikal millətçi gücləri hərbi yox, sivil qaydada susdurmaq üçün nələri təklif edərdiniz?

- Əvvəla, keçmiş Dağlıq Qarabağ ermənilərinin əksər hissəsinin xaçpərəst alban-türk kökənli olduğunu, Ermənistanda alban mənşəli əhalinin yarısının da “erməni” adı ilə haylaşdığını, onların milli və dini kimliklərinin əlindən alındığını gündəmə gətirməliyik. Bununla bizimlə düşmənçilik edən revanşist qüvvələrin arasına bir təfriqə salmalıyıq. Bu, gecikmiş addımdır. Hərbi cəhətdən qalib gəlmək hələ diplomatik və ideoloji cəbhədə də qələbə demək deyil. Bu sahədə xeyli tər tökməliyik...

Biz “Ermənistan” adlandırılan ölkədə haylarla albanlar arasında fərq qoymalı və bu fərqi görüb dərk etməliyik. Xalq diplomatiyasında da məhz alban kökənli qarabağlı və ermənistanlılarla işləməliyik. Onların milli və dini kimliyini özlərinə qaytarmasına çalışmalıyıq...

- Siz özünü albanmənşəli hesab edən erməni görmüsünüzmü?

- Bəli, dəfələrlə. Xaricdəki, o cümlədən Rusiyadakı müxtəlif tədbirlərdə belələrinə rast gəlmişəm. Bakıdan köçmüş bir neçə erməni hesab etdiyimizə deyəndə ki, sən hay deyilsən, albansan, türksən, azərbaycanlısan, bizim etnik kökümüz eynidir, sadəcə, yalnız dini təsəvvürlərimiz ayrıdır, inanın ki, onların çoxu sevinir. Azərbaycanda görkəmli şəxsiyyətlər var ki, onların qohumları müsəlmanlığı qəbul etməyiblər və onlar da Qarabağdakı xristian alban türklərlə eyni soydandır...

Əgər Qorbaçovun köməkçisi olmuş Georgi Şahnazarovun oğlu kinorejissor Karen Şahnazarov deyirsə ki, mən türk, müsəlman köklüyəm, əslim şuşalıdır və biz belə faktdan istifadə etmiriksə, daha nə deyək? Adam öz dili ilə deyir ki, mən hay deyiləm, albankökənliyəm. O, hələ Tovuz döyüşlərindən xeyli əvvəl deyirdi ki, Qarabağ Azərbaycanındır, biz Azərbaycanın tərkibində yaşamalıyıq...

- Bəzi versiyalar da var ki, albanlar əslində xristianlığı qəbul etmiş qıpçaq türkləri olub...

- Əslində bu, versiya deyil, həqiqətdir... Albanların arasında oğuzkökənlilər də var. Bir düşünək, “erməni” dediklərimizdə Ayrumyan soyadı, Türkmənyan soyadı haradandır?...

- Sovet dövründə çəkilmiş “Dədə Qorqud” filmində qıpçaqlar qatı düşmənlərimiz kimi təqdim və təbliğ edilirdi...

- Bəli. Özümüz öz başımıza oyun açmışıq. Hayların dəyirmanına su tökmüşük. “Sarı gəlin” türk mahnısıdır. Xristian qıpçaqlar da başlayıb o mahnını oxumağa. Sonra da haylar qriqorian kilsəsi vasitəsilə qıpçaq tayfaları ilə birgə “Sarı gəlin”i “hay”laşdırıb öz adlarına çıxıblar. Hər şey belə sadə olub. Bilirsinizmi, hazırda Ermənistanda Qıpçaq kəndi var...

Bir sözlə, bütün faktlar bizim lehimizədir. Sadəcə, çox vaxt tarixçilərimiz bilgisiz, faktsız hərəkət edirlər. Ermənistanı Hayastan edib məhv etməliyik. Biz erməni dediyimiz albanlarla hayları qarşı-qarşıya qoymalıyıq. Albanlara kömək etməklə hayların sonuna çıxmalıyıq. Onillərlə hay-türk qarşıdurmasında türklər ona görə məğlub olmayıb ki, biz zəifik, ona görə ki, biz öz taleyimizə biganəyik...

- Tutaq ki, alban-türk mənşəli “erməni”lərlə hayları qarşı-qarşıya qoyduq. Sonra nə etməliyik?

- Bütün bu deyilənlərdən yararlanaraq, Ermənistanın federasiyaya çevrilməsinə çalışmalıyıq. Ermənistanın yerində İrəvan-Zəngəzur, Qafqaz Albaniyası və Hayastan muxtar respublikalarından ibarət üçsubyektli federasiya qurulmalıdır. Həmin Qərbi Azərbaycan torpaqlarında oradan zaman-zaman qovulmuş Azərbaycan türkləri ilə yanaşı, Qarabağdakı əslində xristianlaşmış, haylaşmış türklər, qıpçaqlar olan albanlar və əsl haylar da yaşayır. Bilirsiz, “Sünik” alban türkcəsində sönük deməkdir. Yəni günbatan, günün sönük göründüyü yer...

Ermənistan federallaşmamışdan öncə Azərbaycan türklərinin Qərbi Azərbaycan torpaqlarına qayıdışını təmin etməliyik.

Bir sözlə, hazırkı geosiyasi durumda düşmənlərimizə həm də “yumşaq güc”lə hücum etməliyik. Siyasətimizi nə müdafiə, nə yarımmüdafiə, nə də əks-hücum üzərində deyil, hərbi əməliyyatlar olmayan şəraitdə bütün digər mümkün cəbhələrdə və həm də hər gün, hər saat, hər dəqiqə total, kütləvi hücum üzərində qurmalıyıq...

Geri qayıt