Əsas Səhifə > Partiya, Güney Press > “İnsanlarımızın bir çoxunda ”şahsevərlik" var, ona görə də... “

“İnsanlarımızın bir çoxunda ”şahsevərlik" var, ona görə də... “


3-11-2021, 08:24
“İnsanlarımızın bir çoxunda ”şahsevərlik" var, ona görə də... “
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov özünə “çətirtutan” işçi götürüb. Məsələ ondadır ki, Vətən müharibəsi şəhidinin məzarı önündə işçiləri icra başçısının üzərində çətir tutub. Onun bu addımı ictimaiyyətin müzakirə obyektinə çevrilib və kəskin tənqid olunub. Qeyd edilir ki, dövlət başçısı özü çətirini daşıyır, amma yerli icra hakimiyyətinin başçıları yağışlı havada tədbirə gedəndə kimsə onlara çətir tutmalıdır.

Ümumilikdə bu, tək Qubadlı ilə bağlı olan məsələ deyil. Əksər icra başçıları müxtəlif tədbirlərdə o cür davranırlar. Tədbir açıq hava şəraitində keçirilirsə və yağışlı hava müşahidə olunursa, o zaman mütləq aparat işçilərindən biri onların başı üzərində çətir tutmalıdır. Çətiri tutmaq çoxmu çətindir? Bir növ, icra başçıları bu kimi davranışları ilə özləri barədə “kiçik padşah” təəssüratı yaradırlar. Onsuz da rayon icra başçılarının çoxunun özünü rayonun sahibi kimi aparması heç də sirr deyil. Ancaq bəzən bu o həddə gəlib çatır ki, açıq tərzdə əndazəni aşırlar. Bu da haqlı olaraq ictimaiyyətdə qıcıq yaradır. Onsuz da cəmiyyətdə icra başçılarına münasibət yaxşı deyil. Bəzi məmurların bu yekəxana davranışlarının səbəbi nədir?

Mövzu ilə bağlı millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a danışıb: “Özünü yekəxana aparan kifayət qədər məmur və icra başçıları var. Lakin konkret olaraq Qubadlı İcra Hakimiyyətinin başçısı ilə bağlı məsələdən xəbərdar deyiləm. Lakin deyə bilərəm ki, hansısa icra başçısının ”çətirtutan" işçi götürməsinə və yaxud gözləsin ki, kimsə gəlsin ona çətir tutsun, bu məsələyə inanmıram. Əslində bizim insanların bir çoxunda “şahsevərlik” olduğuna görə özünü gözə soxmaq və yaxud başqa məqsəd üçün heç icra başçısı demədən tez gəlib onun başına çətir tutur. Məlum olduğu kimi, indi məmurlara qarşı diqqət çox artıb, hər kəs nəzarətdədir, ona görə də gərək özləri özlərini qorusun. Hətta kimsə gəlib onların başı üzərinə çətir tutanda bundan imtina etsin. Beləliklə, inanmıram ki, indi özü üçün xüsusi “çətirtutan” məmurlar olsun, daha belələri yoxdur. Lakin əlbəttə ki, içlərində hələ də köhnədən qalma “mənəm-mənəmlik” hissləri qalıb. İndi cəmiyyət elədir ki, hər kəsin sadəsini sevir, vəzifəlisinin də sadə, canı yanan olmasını istəyir və bu cür məmurlara münasibət çox yaxşı olur. İnsanlar hər zaman o cür məmurları qorumağa, dəstək olmağa çalışır. Əgər kimsə özünü yekəxana aparırsa, təbii ki, sosial şəbəkələrin qurbanına çevrilir. Arzulamazdım ki, vəzifəli şəxslər bu cür vəziyyətə düşsünlər. Bu da hər kəsin özündən, özünü sadə aparmasından, xalqın yanında olmasından asılıdır".

Siyasi ekspert Elxan Şahinoğlu isə qeyd etdi ki, hələ sovet dövründə də birinci katiblər özlərini “kiçik padşah” kimi aparırdı: “Həmin vaxt onların vəzifələri birinci katib idi. O zaman da onların adları ”balaca padşah" idi. Yəni özlərini firon kimi aparır, sanki ağa bunlardır, digərləri isə rəiyyətdir, onun dediyi əmrləri yerinə yetirməlidir. Sovet dövrü dağıldı, vəzifənin adı dəyişdi, lakin onların yanaşması dəyişmədi. Halbuki Prezidentin özü də dəfələrlə vurğulayıb ki, icra başçıları ona görə yerlərə təyin olunub ki, xalqa xidmət etsin, onların problemlərini həll etsinlər, problemlərin həllini sürətləndirsinlər. Nəinki bahalı maşınlarla, mühafizələrlə gəzmək, insanlarla ünsiyyətdə olmamaq və sairə davranış sərgiləsinlər. Bu, inkişafa deyil, əksinə, Azərbaycanı geri aparır. Bəzi məmurlar bundan nəticə çıxartmalıdırlar.

Doğrudur, indi prinsip dəyişib, hakimiyyət strukturlarında xaricdə təhsil almış gəncləri də irəli çəkirlər. Əlbəttə ki, bu, təqdirəlayiqdir. Lakin mahiyyət dəyişmir. Ona görə də bizim üçün fərq etməməlidir ki, vəzifəyə yaşlı yoxsa gənc gətirilir. Əsas odur ki, məsələyə baxış dəyişsin, problemlərin həlli ilə ciddi məşğul olunsun. Hesab edirəm ki, Azərbaycanda bu vəziyyətdən çıxış yollarından biri bələdiyyələrin formalaşmasıdır. Yəni icra strukturlarının əvəzinə bələdiyyələrin statusları artırılsın. Bələdiyyələr icra hakimiyyətlərindən niyə üstün olmalıdır? Bələdiyyələrin xalqın qarşısında məsuliyyəti var. Lakin bu “kiçik padşahlar” özlərini məsuliyyətli hiss etmirlər, deyirlər ki, “məni onsuz da xalq seçməyib, məni təyin ediblər”. Ona görə də məsələlərə barmaqarası yanaşırlar. Beləliklə, məsələdən çıxış yolu kimi bələdiyyə institutunun gücləndirilməsini görürəm. Amma bir şərtlə ki, bələdiyyə seçkiləri azad və şəffaf keçirilsin.

Geri qayıt