Əsas Səhifə > Partiya, Güney Press > "Rusiyanın apardığı siyasət əvvəlkindən daha yaxşıdır"

"Rusiyanın apardığı siyasət əvvəlkindən daha yaxşıdır"


21-10-2021, 09:41
"Rusiyanın apardığı siyasət əvvəlkindən daha yaxşıdır"
Karnegi Moskva mərkəzinin direktoru Dmitri Trenin AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib ki, Rusiya artıq Qarabağ məsələsində dominant deyil. Onun fikrincə, 2020-ci ilin payızında Qarabağda gedən müharibə Moskvanın Qafqazdakı ümumi mövqelərinin ciddi zəifləməsinə gətirib çıxardı. “Yeni Müsavat” bildirir ki, söhbət Kremlin bölgədə şəriksiz liderliyinə son qoyulmasından gedir. Artıq regionda Türkiyə var və Moskva Ankara ilə hesablaşmalı, koordinasiyalı hərəkət etməlidir. Rus ekspert deyib ki, Türkiyə regionda daha aktiv iştirakçıya çevrildi, Rusiya isə ötən ilin noyabrında Qarabağ regionuna sülhməramlıları yeritməklə onun münaqişə regionundakı vasitəçi kimi mövqelərinə dəyən zərəri ancaq qismən məhdudlaşdıra bildi. Bəs bu fikirlərdə gerçəklik varmı? Rusiya bu nəticə ilə niyə razılaşıb? Putin Qafqazda mövqeyinin zəifləməsinə nədən razı olub? Moskva hansı böyük hesablama aparıb? Putin Qafqaz itkisini hansı regionda kompensasiya edəcək? Türkiyədən nə kimi güzəşt qoparacaq?

Reallıq budur ki, Türkiyə regiondadır və Prezident Ərdoğanın ayın 26-da Füzuli beynəlxalq hava limanının açılışına gəlməsi də göstərir ki, Ankara əlini çəkməyib. Əksinə, Soçi görüşü təsdiqlədi ki, Putin türk həmkarı ilə birgə məsələlərin həllində maraqlıdır. Əlbəttə, burada Zəngəzur dəhlizinin açılması, 3+3 formatı, kommunikasiyaların bərpası bütün dövlətlərin marağındadır, yalnız Ermənistan tərəddüd edir, Gürcüstan isə düşmən olduğu Rusiyaya görə prosesin əleyhinədir. Odur ki, dördlük platforması da mümkün ola bilər. Beləliklə, Qarabağın açarının Rusiyada olduğunu illərlə söyləsək də, indi bu açar Azərbaycanın əlindədir və Türkiyə də mümkün təzyiqlərə qarşı yanımızdadır. Yəni Rusiya daha əvvəlki hegemonluğu nümayiş etdirə bilməyəcək. Deyə bilərik ki, ordusunu Qarabağa sülhməramlı kimi yerləşdirib, amma ortada müqavilə var və zamanında getməsi üçün tərəflərdən birinin mövqeyi kifayət edir.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Karnegi Moskva mərkəzinin direktorunin fikirlərini bölüşmür. Deputatın “Yeni Müsavat”a bildirdiyinə görə, dünya inkişaf edir, mövqelər dəyişə bilir, bir dövlətin marağı azalır, o birinin çoxalır: “Buna uyğun da siyasət aparılır. Rusiya gördü ki, Qarabağ münaqişəsində uzun müddət status-kvonu saxlasa, onun iştirakı olmadan da problem həll edilə bilər, onda Moskvanın ”ağsaqqal" sözünə qulaq asan olmayacaq. Ona görə siyasəti dəyişdi. Sadəcə, Türkiyənin regionda mövqeyi güclənib və Rusiyanın səviyyəsinə çatıb".

R.Nurullayev hesab edir ki, Türkiyə müqayisəsində Rusiyanın mövqeyinin zəiflədiyi deyilə bilər: “Rusiyanın apardığı siyasət əvvəlkindən daha yaxşıdır, yəni siyasətini dəyişməli oldu, amma zəifləmə olmadı. Bu zaman Azərbaycan öz siyasətinə Türkiyəni daxil etmək şansı əldə etdi”.

Siyasi təhlilçi Züriyə Qarayevanın qəzetimizə dediyinə görə, Moskva nəinki Qafqazda, hegemonluq etdiyi bütün coğrafiyalarda dayaqlarını itirmək üzrədir. Onun fikrincə, Moskva strategiyasını hegemoniya üzərində deyil, sadəcə, bölgədə qalmaq üzərində qurub: “Rusiyada vəziyyət olduqca gərgindir. Qərbin xüsusi sanksiyaları ilə üzləşir. ”Şimal axını 2" layihəsi ilə rus qazının Avropaya satılmasına baxmayaraq, bu layihəyə ABŞ, Ukrayna, Polşa və Baltikyanı ölkələr müxalifdir. Rusiya anlayır ki, Türkiyənin vasitəsilə Avropa bazarına çıxması qarantiya altına alına bilər". Ekspertin sözlərinə görə, Mərkəzi Asiyada da mövqelərini itirmək üzrə olan Rusiya məcburən Qarabağ məsələsində Türkiyə ilə dirənə bilmir: “Ankara konkret şərt irəli sürür ki, ”ya Qarabağdakı proseslərə müdaxilə etməyəcəksən, ya da mən Suriyada mövqelərimi gücləndirəcəm". Ona görə də Rusiya Türkiyə ilə hesablaşma yolunu seçib onun vasitəsilə öz qazını və neftini dünya bazarına çıxarmağa çalışır".

Geri qayıt