Əsas Səhifə > Partiya, Güney Press > "Bəzən qələbə sözü kimlərdəsə qıcıq doğurur"

"Bəzən qələbə sözü kimlərdəsə qıcıq doğurur"


27-09-2021, 09:16
"Bəzən qələbə sözü kimlərdəsə qıcıq doğurur"
"27 sentyabr 2021-ci il Qarabağın Ermənistanın işğalından azad edilməsi üçün 44 günlük müharibənin başladığı gündür. 30 il öncə Ermənistan havadarları olmadan Azərbaycan ərazisini işğal edə bilməzdi. Bir yandan da Azərbaycan dağınıq, özünə gəlməyə çalışan qeyri-sabit, zəif, gücsüz bir dövlət idi, milli birlik isə yox idi, siyasətçilər də kreslo davasında, xeylisi də siyasi təcrübəsiz idi. Ermənistan da belə zamanda öz xislətini göstərdi, dar gündə çörək verənini, “dost” dediyini, qonşusunu arxadan vurdu. Prosesləri hər kəs bilir. Azərbaycanın daxilində nə sosial, nə siyasi stabillik vardı, ordu, silah, iqtisadiyyat yox idi, insanlar isə ac idi. Rusiya bizə acıqlıydı. Bütün çətinliklərə, güclərin qeyri-bərabərliyinə baxmayaraq Azərbaycan xalqı vuruşdu, hər qarış torpağı uğrunda canını qoydu, Rusiyanın silahlandırdığı Ermənistana qarşı bəzən ov tüfəngiylə vuruşdu".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

O bildirib ki, dünya da haqsızlığa, vəhşiliyə susdu:

"Amma biz sınmadıq, inamımızı itirmədik. Bu 30 ildə bəzən ümidsizliyə qapıldığımız da oldu, çünkü az müddət deyil 30 il, əsrin üçdə biri. Amma bir an da olsun qəbul etmədik torpaq itkisini, işğalı, durmadıq, gücləndik, güclü ordu qurduq, hər bir Azərbaycanlının beynində, dilində Qarabağ var idi, "Qarabağ bizimdir, bizim olacaq" şüarı var idi. Bu illər ərzində müharibə zamanı, işğala, Xocalıya, bir milyondan çox insanın yurdundan didərgin salınmasına susan dünya “sülhməramlı” missiyaya başladı.

Minsk qrupu yaradıldı və 30 il bu qrup turist səfərlərindən başqa bir işə yaramadı. Müharibədən bir neçə gün öncə kanalların birində dediyim kimi, nə xalqın, nə hökumətin, nə dövlət başçısının səbri qalmışdı və hər kəs anlayırdı, bu iş sülhlə olmayacaq. İllərdir savaş, qisas, torpaq həsrətiylə alışıb yanan xalq küçələrə axın etdi, hərbi komissarlıqların önü müharibəyə getmək istəyən insanlarla doldu-daşdı.

Yaşlı, gənc, hətta qadınlarımız canını ortaya qoymağa hazır idi. Tarix də belə bir birliyə çox nadir şahidlik edə bilərdi. İstər ön, istər arxa cəbhədə xalq varını-yoxunu ortaya qoydu. Ermənistan ordusu 44 gün ərzində demək olar darmadağın edildi, işğalda olan torpaqlar azad olundu. Azərbaycan ordusunun apardığı savaş dünya hərb tarixinə dərs kimi düşdü. Bütün dünya şokdaydı. İşğal olunmuş torpaqlarımız bir-birinin ardınca mütəşəkkil, güclü, müasir ordumuz, xalqımızın birliyi, mübarizliyi sayəsində işğaldan azad edildi".

Deputat qeyd eidb ki, Azərbaycan bu dəfə tək deyildi:

"Yanımızda qardaş Türkiyə də var idi. Şəhidlərin qanı bahasına çalınan zəfər. Bəzən qələbə sözü kimlərdəsə qıcıq doğurur. Bunu anlaya bilmirəm. Qələbə necə olur ki? Bəli, hələ tam aydınlaşmayan məsələlər, sülhməramlıların nəzarətində olan bəzi ərazilər var. Amma 44 gün ərzində Qarabağın işğal nəticəsində itirilən torpaqları azad edilib. Biz axı Lələtəpənin azad edilməsini illərlə bayram etmişdik. Necə olur ki, bu boyda ərazinin azad edilməsinə mız qoya bilirik? Xankəndi də Azərbaycandır. Sadəcə indi sülhməramlıların nəzarətində olan ərazilərdə də iki yüz əvvəl ora köçürülən ermənilər yaşayırdı.

Onlar da seçim etməli olacaqlar, ya Azərbaycan vətəndaşlığını qəbul edib bizim pasportumuzla yaşayacaqlar, ya da çıxıb Ermənistana gedəcəklər. İndi bir az da səbr edək. Bu qələbənin qürurunu hiss edək, xoşbəxtliyini yaşayaq. Biz artıq qalib ölkəyik, biz Azərbaycan tarixində ilk dəfə işğaldan torpaq azad etmişik, bunun qüruruyla yaşayaq. İndi isə həm də torpaqları azad edən, bu sevinci bizə yaşadan müharibə iştirakçılarının, əsgər və zabitllərimizin, şəhid ailələrinin qeydinə qalmalıyıq. Bu gün hələ də qapısı döyülməyən, diqqətə, qayğıya, işə ehtiyacı olan müharibə iştirakçıları var.

Səfərbər olunub onlara kömək olmaq, onları diqqətdə saxlamaq vacibdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!"



Geri qayıt