Əsas Səhifə > Partiya, Güney Press > "Bu vəziyyət isə yalnız Azərbaycanın deyil, elə Rusiyanın özünün də maraqlarına ziddir"

"Bu vəziyyət isə yalnız Azərbaycanın deyil, elə Rusiyanın özünün də maraqlarına ziddir"


12-08-2021, 09:03
"Bu vəziyyət isə yalnız Azərbaycanın deyil, elə Rusiyanın özünün də maraqlarına ziddir"
"Dünya təcrübəsində belə bir hal olmayıb ki, sülhməramlı adı altında bölgəyə dislokasiya olunmuş qüvvələr təlim keçsin".
Bunu Bizimyol.info-ya açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.

Onun sözlərinə görə, bu dəstələrin Azərbaycan ərazisinə gətirilməsi üçtərəfli bəyannamənin şərtlərinin, həm də beynəlxalq hüquq normalarının pozulması deməkdir: "Lakin Putinlə Paşinyanın bu məsələdə ortaq razılığa gəlməsi absurd görünür. Paşinyanın və son günlər Ermənistan müdafiə nazirinin səsləndirdiyi sərsəm bəyanatlar bu proseslərdə birbaşa Qərbin dəstəyini göstərir. Çünki ABŞ və Fransanın bölgəyə hansısa formada daxil olmaq cəhdləri fonunda Ermənistanın təxribatlara əl atması təsadüfi deyil. Bu vəziyyət isə yalnız Azərbaycanın deyil, elə Rusiyanın özünün də maraqlarına ziddi".

Anar Əsədli bildirib ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Moskvaya səfəri zamanı KTMT-nin yardım etməməsindən gileylənməsi faktı da Putinlə Paşinyan arasında sövdələşmənin olması ehtimalını azaldır: "Görünən odur ki, Paşinyan Rusiyadan gözlədiyi dəstəyi əldə etməyincə açıq şəkildə Qərbin dəstəyini almağa çalışır və rus sülhməramlıların bölgədəki rolunu kölgə altına salmaq istəyir. Bu plan isə Rusiyanın müəyyən mənada maraqlarına uyğundur. Çünki bölgədə sabitliyin olması, tərəflər arasında sülh müqaviləsinin imzalanması sülhməramlı qüvvələrə ehtiyacı aradan qaldırır. Rusiya təxribatların davam etməsindən həm də Ermənistanın Qərbə üz tutduğuna görə faydalanmağa çalışır. Kreml İrəvana mesaj verir ki, sərhəd xəttində topladığım qoşunlar əks fəaliyyətə də keçə bilər. Həm də Rusiya yaxşı başa düşür ki, Azərbaycan tərəfi suverenliyini təmin etməkdə iddialıdır və ərazisindən heç bir şəkildə güzəştə getməyi düşünmür. Təxribatlar isə davam etdikcə Azərbaycan ordusunun antiterror əməliyyatı icra etmə ehtimalı artmış olur. Mövcud durumda bu halı Rusiyanın Ermənistandan intiqamı kimi başa düşmək olar.

Sərhəddə təxribatlar və rus sülhməramlılarının diversiya aktlarına göz yumması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi də açıqlama verib və demək olar ki, postmünaqişə dövründə ilk dəfədir ki, Azərbaycandan rus sülhməramlılarının fəaliyyətinə qarşı açıq bəyanat səsləndirilir. Ötən yazılarımızda da təxribatlara son qoyulması üçün mərhələli fəaliyyətin ilk aşamasının separatçıların bölgədən təmizlənməsi olduğunu qeyd etmişdik. MN-in bəyanatından da başa düşmək olar ki, Azərbaycan tərəfi antiterror əməliyyatlarının qaçılmaz olduğunu anlayır".

AY Partiya Başqanının sözlərinə görə, bəyanatda rus sülhməramlılarının qınanması faktı göstərir ki, Azərbaycan MN rus sülhməramlılarının öz missiyasını yerinə yetirməməsini arqument gətirərək separatçıların təmizlənməsini öz üzərinə götürəcəyi mesajını verir: "Bu mesaj əslində ilk dəfə deyil, bundan öncə də prezident Əliyev tərəfindən dəfələrlə səsləndirilib. Ancaq nə qədər səbrli olsaq da səbrimizin daşdığı məqamın olduğunu 44 günlük savaşla hər kəsə göstərdik. Lakin ermənilər bundan dərs çıxarmadı. Görünən odur ki, növbəti dəmir yumruq əməliyyatına ehtiyac yaranıb. Yaxın günlərdə böyük ehtimal ki, biz bu əməliyyatın, səslənən bəyanatların reallaşacağının şahidi olacağıq".


Geri qayıt