Əsas Səhifə > Partiya, Güney Press > Növbədənkənar seçki və referendum iddiası:

Növbədənkənar seçki və referendum iddiası:


2-08-2021, 08:24
Növbədənkənar seçki və referendum iddiası:
Son günlər bir sıra KİV-lərdə və sosial şəbəkələrdə Azərbaycanda yeni seçkilərə hazırlığın getdiyi ilə bağlı müxtəlif fikirlər yayılır.

İddia olunur ki, Azərbaycanda Konstitutsiya dəyişikliyi üçün referendum, sonrakı mərhələdə isə Milli Məclis buraxılaraq yeni qaydada növbədənkənar seçki keçiriləcək.

Bu iddiaları gücləndirmək üçün müxtəlif səbəblər gətirilsə də, hazırkı dönəm üçün bu, uğurlu variant hesab olunmur.

Bildirilir ki, indiki zamanda seçkiyə getmək ümumi işin ziyanına ola bilər. Azərbaycan 44 günlük müharibədən qalib çıxmış, tarixi zəfərə imza atmış ölkədir.

Hazırda Qarabağda quruculuq işləri sürətli şəkildə aparılır. Eyni zamanda, idarəetmənin optimallaşdırılması üçün kadr və struktur islahatları davam etdirilir.

Digər tərəfdən, Milli Məclisin VI çağırışı ötən ilin 9 fevralında formalaşıb. Qısa müddətlik fəaliyyətindən sonra Milli Məclisin buraxılması və təkrar formalaşdırılmasını zəruri edən ciddi səbəb yoxdur. Referenduma getmək üçün də zəruri səbəb yoxdur.

Qeyd edək ki, referendum iddiası da məhz proporsianal seçki sisteminin tətbiq olunması ilə əlaqədər səslənir.

Amma hazırkı seçki sistemi (majoritar) dünyanın bir çox demokratik ölkəsində tətbiq olunur və kifayət qədər də uğurlu hesab edilir.

Bunları nəzərə alsaq, istər referendum, istərsə də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün uğurlu zaman hesab edilmir.

Deputat Ramil Həsən Cebhe.info-ya açıqlamasında deyib ki, plüralizm, insanların azad və sərbəst şəkildə fikirlərini ifadə etməsi cəmiyyətin sürətli inkişafına və islahatlar prosesinin dərinləşməsinə xidmət edir:

“Təbii ki, bunlar qanunlar çərçivəsində və hər bir vətəndaşın özü hüquqlarını bilməsiylə bərabər, qanunlara, konstitutsion qərarlara riayət etmək şərtilə olmalıdır. Bu gün Azərbaycan mühitində növbədənkənar parlament seçkilərinin keçirilməsi və ya bu istiqamətdə digər fikirləri yaymağa çalışırlarsa, şübhəsiz ki, bu, dövlətin yaratdığı sərbəst fikir azadlığının təzahürüdür.

Amma təəssüf ki, bu azadlıqdan da sui-istifadə edən və bundan öz maraqları, məqsədləri üçün yararlanan qüvvələr də yox deyil. Azərbaycan dövləti, müzəffər ordumuz 44 günlük Vətən savaşından sonra Ali Baş Komandanın rəhbərliyi ilə torpaqları azad etdi, islahatlar qaldığı yerdən davam etməkdədir.

Şübhəsiz ki, bu prosesə düşmən işğalından azad edilən tarixi torpaqlarımız da əlavə olundu. Qarabağ Dirçəliş Fondunun yaradılması, bir sıra dövlət qurumlarının toplantılarını Hadrutda, Ağdamda, Şuşada keçirməsi göstərir ki, islahat prosesi dərinləşərək azad olunmuş torpaqlarımızı da əhatə edir. Əminəm ki, yaxın gələcəkdə o ərazilərdə həyatın qaynadığının, şəhərlərimizin inkişafının şahidi olacağıq”.

Deputat qeyd edib ki, Azərbaycann dövlətinin müstəqil siyasət yürütməsindən, daxildə və xaricdə dövlət maraqlarından çıxış etməsindən narahat olan qüvvələr var:

“Çünki Azərbaycan heç bir dövlətin forpostu deyil. Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycan vətəndaş müharibəsindən, parçalanmadan qurtardısa, bu gün də Prezident İlham Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmaq üçün var qüvvəsi ilə çalışmaqdadır. İradəsi, qətiyyəti, təcrübəsi ilə ölkəmizin maraqlarını qorumaqdadır”.

Ramil Həsən əlavə edib ki, dövlət strukturlarının optimallaşdırılması, bir il yarımdır formalaşan VI çağırış Milli Məclisin spiker Sahibə Qafarovanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərməsi, islahatların bütün istiqamətlərdə davam etməsi və I vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar layihələrin təşəbbüskarı kimi çıxış etməsi bir çox dairələri ciddi şəkildə narahat etməkdədir:

“Ümumi olaraq “beşinci kolon” adlandırdığımız qüvvənin ortaya atdığı bu iddiaların çürük olduğu yaxın gələcəkdə bir daha ortaya qoyulacaq. Azərbaycan müstəqil dövlətdir. Gələcəkdə hər hansı atılacaqsa, bu, Azərbaycan dövlətinin maraqlarına xidmət edəcək. Bunu da cənab Prezident tarixi bir cümlə ilə qeyd edib: “Mən nəyi nə zaman edəcəyimi çox gözəl bilirəm”.

Biz Prezidentin ideyalarına və atmış olduğu addımlara inanırıq. Cənab Prezidentin bundan sonra da verəcəyi qərar nə olacaqsa, bu da Azərbaycan dövlətinin daha da güclənməsinə, qüdrətlənməsinə, vətəndaşların milli maraqlarının yüksək keyfiyyətlə təmin olunmasına xidmət edəcək”.

Deputat Bəhruz Məhərrəmov isə deyib ki, VI çağırış Milli Məclis Azərbaycan parlamentarizm tarixində özünəməxsus rola malikdir. Hər şeydən öncə bu çağırış parlament çox mürəkkəb tarixi -siyasi şəraitdə fəaliyyətə başlayıb:

“Mühüm islahatlar dalğası kimi səciyyələnən növbədənkənar seçkilərdən sonra fəaliyyətə başlayan Milli Məclisin hazırkı çağırışı pandemiya şəraitində normativ-hüquqi bazanın yeni şərtlərə uyğunlaşdırılması, mövcud yeni münasibətlərin tənzimlənməsi istiqamətində çox çevik və məhsuldar fəaliyyət göstərdi.

Daha sonra Vətən müharibəsi dövründə parlament fəaliyyətin bütün spektrlarında müstəsna rola malik oldu, milli maraqların təmin olunması naminə çox gərgin və mürəkkəb bir yolu uğurla qət etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında zəfərimizin əldə olunmasında, beynəlxalq səviyyədə siyasi və diplomatik uğurlarda, milli həmrəyliyimizin möhkəmlənməsində Milli Məclisin təqdirəlayiq fəaliyyəti danılmazdır.

Bu gün də parlament öz səlahiyyətləri çərçivəsində, professor Sahibə Qafarovanın Sədrliyi ilə üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməkdədir. Belə bir fonda yeni seçkilərin keçiriləcəyi ilə bağlı fikirlərin heç bir əsası yoxdur. Bu gün gündəmimizdə zəfərimizin davamlılığının təmin olunması, bölgədə sülh və sabitliyin bərqərar olunması, quruculuq, bərpa, “Böyük qayıdış”, sərhədlərimizin delimitasiyasının yekunlşması, milli prioritetlərimizə nail olunması kimi məsələlər var.

Növbədənkənar seçki fikirləri cəmiyyətin diqqətini əsas məsələlərdən yayındırmaqda maraqlı olan bəlli qüvvələrin məqsədli şaiyələrindən başqa bir şey deyil. Referenduma gəlincə, konstitusiya da canlı orqanizmdir, yeni mühit və yeni münasibətlərlə ayaqlaşması vacibdir. Lakin hazırkı ana qanunumuz hələ ki, tələblərə cavab verir və əvvəlki dövrlərdə olduğu kimi, ehtiyac duyulduğu halda bu instituta baş vurula bilər. Hələlik isə belə bir məsələ gündəmdə deyil”.


Geri qayıt