Əsas Səhifə > Partiya, Güney Press > "Bizim qarşımızda guya ”ya deputat mandatı, ya da təşkilatın sədri" seçimi qoyulmayıb"

"Bizim qarşımızda guya ”ya deputat mandatı, ya da təşkilatın sədri" seçimi qoyulmayıb"


14-07-2021, 08:58
"Bizim qarşımızda guya ”ya deputat mandatı, ya da təşkilatın sədri" seçimi qoyulmayıb"
Ötən ilin sonunda keçirilən qurultayda ölkənin hakim partiyası olan YAP-ın yeni Nizamnaməsi qəbul edilib; 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdi.

Sədrdən sonra əsas səlahiyyətlərin cəmləşdiyi İcra Katibliyi ləğv edilərək əvəzində Mərkəzi Aparat yaradılıb və Aparatın sədri keçmiş icra katibi Əli Əhmədov deyil, Statistika Komitəsinin sədri Tahir Budaqov təyin olundu. Əli Əhmədov hazırda partiyada sədrin müavinlərindən biri olaraq qalır və əvvəlki yüksək statusu əlindən alınıb. Qurultaydan keçən müddətdə YAP-da dəyişikliklər davam edir və proses dayanmayıb. Məlumatlara görə, kadr dəyişiklikləri davam edəcək. Ciddi kadr dəyişiklikləri hakim partiyanın Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəzarətindən çıxarılması kimi də izah edilirdi.

Azpolitika.info-nun məlumatına görə, Hesablama Palatasının YAP-ın son 5 ildəki fəaliyyəti ilə bağlı başladığı yoxlamalar da bu prosesin tərkib hissəsidir. Çünki partiyanın maliyyə-təsərrüfat işlərinə uzun illər “köhnə qvardiya”nın aparıcı üzvləri rəhbərlik edib. Həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub.

Maraqlıdır ki, ilk dəfə olaraq hakim partiyanın maliyyə vəziyyətinin yoxlanması kənar auditə - Hesablama Palatasına həvalə olunub. Qeyd edək ki, hakim partiya ölkədə ən iri büdcəli partiyadır, illik gəliri və xərcləri milyonlarla ölçülür. Gözlənilir ki, yoxlamaların Əli Əhmədovun, eləcə də Siyavuş Novruzov və onlarla birlikdə bu vəsaitlərin toplanmasına və xərclənməsinə cavabdeh olan şəxslərin sonrakı taleyinin müəyyənləşməsində həlledici rolu olacaq.

İlk dəfə olaraq Hesablama Palatasının (yəni partiyadan kənar strukturun) YAP-da ciddi maliyyə yoxlaması aparması üçün görəvləndirilməsi təsadüfi deyil. Bu o anlama gəlir ki, bu yoxlamalarda hakimiyyətin üst düzeyi maraqlıdır və yəqin ki, partiyaya toplanan pulların mənimsənilməsi ilə bağlı ciddi siqnallar var. Bu isə yuxarıda adları çəkilən və çəkilməyən bir çox YAP funksionerinin gələcək karyerasının üzərindən xətt çəkə, hətta bəziləri həbs də edilə bilər. İstənilən halda, YAP elitasının dəyişdirilməsi prosesinə start verilib və hakim partiya islahat prosesinə cəlb edilib.

Daha bir informasiyaya görə, qurultaydan sonra yerli təşkilatların sədrləri və mərkəzi aparatda vəzifə tutan deputatlar seçim qarşısında qoyulub. Onlara ya mandat, ya da təşkilatdakı vəzifələrindən birini seçmək tələb olunub. İddialara görə, bunun nəticəsi olaraq YAP Mərkəzi Aparatının Analitik İnformasiya və Təhlil şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə, Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı, Qaradağ rayon Təşkilatının sədri, deputat Aydın Hüseynov, Gəncə Şəhər Təşkilatının sədri, deputat Naqif Həmzəyev, Nizami (Bakı) rayon Təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, Yevlax rayon Təşkilatının sədri, deputat İlham Məmmədov, Ağdaş rayon Təşkilatının sədri, deputat Cavid Osmanov və Partiyanın Beynəlxalq Əlaqələr şöbəsinin sədri, deputat Sevinc Fətəliyeva partiyadakı vəzifələrindən gediblər. Lakin hələ ki, onların yerinə yeni sədr seçilmədiyi üçün vəzifələrini müvəqqəti icra edirlər.

Musavat.com bildirir ki, YAP-da islahatlar aparmaq və partiyanı yeniləmək siyasi iradə sahibinin 2 il öncədən olmaqla, planında vardır. Lakin bu prosesi sakit və asta templə, partiya qarşısında xidməti olan, lakin hazırda bir işə yaramayan kadrları tədricən əvəzləməklə həyata keçirtmək taktikası seçilib. Artıq ciddi bir məsafə qət olunub, kadr və struktur islahatları geriyədönməz xarakter alıb. 700 mindən çox üzvü olan bu nəhəng təşkilatı işlək və faydalı bir mexanizm halına gətirmək islahatın əsas hədəfidir. Bəlli olduğu kimi, hətta indiki halında belə YAP, böyük potensialına rəğmən, sosial mediada və ictimai rəy rıçaqlarında müxalifət partiyalarından geri qalır və hakim siyasətə ciddi dəstək ola bilmir.

Qeyd olunanlarla bağlı deputat Aydın Hüseynovla əlaqə saxladıq. Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sonuncu qurultayda qəbul olunmuş yeni Nizamnaməyə görə, YAP-ın ərazi təşkilatlarının sədrləri ikinci, üçüncü vəzifəni daşıya bilməz, əsas iş yeri hansıdırsa, orada fəaliyyət göstərməlidir: “Deputatın isə əsas iş yeri Milli Məclis hesab edilir. Biz Milli Məclisdə fəaliyyət göstərdiyimiz üçün dövlət büdcəsindən əməkhaqqı alırıq. Bizim rayon təşkilatının sədri vəzifəsindən getməyimizdə başqa heç bir səbəb yoxdur. Onu da deyim ki, hələ rayon təşkilatlarına yeni sədrlər təyin olunmadığı üçün bizlər o vəzifəni müvəqqəti icra edirik. Bizim qarşımızda guya ”ya deputat mandatı, ya da təşkilatın sədri" seçimi qoyulmayıb. Məsələyə sırf yeni Nizamnamənin tələbinə uyğun olaraq yanaşmaq lazımdır. Yeni Azərbaycan Partiyasının bir sıra rayon təşkilatlarının sədrləri eyni zamanda həmin rayonun icra hakimiyyəti başçısının müavinidir. Nizamnamənin yeni tələbi onlara da şamil edilir. Onlar da bu iki vəzifədən birində olmalıdırlar. Bu məsələləri başqa cür təqdim etməyə, başqa istiqamətlərə yönəldib uzağa gedən nəticələr çıxarmağa lüzum yoxdur.

Partiyada maliyyə yoxlamasının aparılmasına gəlincə, bu cür yoxlamalarda qeyri-adi heç nə yoxdur. Bütün təşkilatlarda olduğu kimi Yeni Azərbaycan Partiyasında da maliyyə yoxlaması keçirilir. Burada başqa nə var? Bu, bir. İkincisi, hələ yoxlamanın nəticəsi məlum deyil ki, hansısa nəticəyə gəlinə və fikirlər yürüdülə. Üçüncüsü, Yeni Azərbaycan Partiyasında əməkhaqqından başqa hansı bir maliyyə vəsaitləri olur? Ona görə də hesab edirəm ki, media bu məsələləri həddən artıq şişirdərək təqdim edir".



Geri qayıt