Əsas Səhifə > Partiya, Güney Press > Radikallarla loyalların davası günbəgün qızışır
Radikallarla loyalların davası günbəgün qızışır24-06-2021, 08:31 |
Azərbaycanda özünü müxalifət elan edən çoxsaylı partiyalar var. Lakin müxalifət yekcins deyil, radikal və loyal tərəflərə bölünüblər. İllərdir aralarında qarşılıqlı ittihamlar hökm sürür. Bu iki qüvvə arasında münasibətlər hakimiyyətə münasibətdə daha sərt və barışmaz görünür. Loyallar radikalların çağırışlarının, şüarlarının, yanaşmalarının köhnəldiyini deyirlər. Radikallar isə loyalları hakimiyyətə bağlı, hakimiyyətin göstərişi ilə hərəkət edən “müxalifət” hesab edir və tərəflərdən biri hakimiyyətlə güzəştsiz mübarizə aparmaq xəttini tutur. Digər tərəf hakimiyyətlə fərqli taktikalarla mübarizə aparmağın, dialoq yolu ilə problemləri tədricən həll etməyin tərəfdarıdır. Bəs bu iki qüvvənin öz aralarındakı dava, fikir ayrılığı ümumi müxalifətə necə təsir göstərir və bu vəziyyət hakimiyyətin marağındadırmı? Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirdi ki, müxalifət düşərgəsində insanlar sərt ritorikadan istifadə edir, rəqibini aşağılayır, hərdən də bu təhqirə də keçir, qarşılığı da olanda pis bir mənzərə yaranmış olur: “Hansı ki, bu, heç bir münasibətlər silsiləsinə və siyasi mədəniyyətə uyğun gəlmir. Mən ölkədə radikal və loyal müxalifət anlayışını heç bir halda qəbul etmirəm. Mənim üçün müxalifət daxilində 2 qanad var: sivil mübarizə tərəfdarları və qaragüruhçuluq yolu ilə mübarizə tərəfdarları. Düşünürəm ki, ölkəmizdə normal siyasi münasibətlər sistemi yaratmağın zamanı çoxdan yetişıb. Söyüş, təhqir, qaragüruhçuluq siyasətə yaddır. Təbii ki, cəmiyyətimizin siyasi savadının aşağı olması bir çox partiyaların, xüsusilə də iqtidarın işinə yarayıb. Biz də məhz bu səbəbdən sivil, şüurlu siyasi münasibətlərdən yanayıq. Düşünürəm ki, cəmiyyətdə sağlam mübarizə həm də maariflənmə ilə nəticələnək. Nəticədə bundan ölkənin demokratik qüvvələri qazana bilər. Bugünədək formalaşmış ənənələri dəyişməyin zamanı çoxdan yetişib. Bir ara təmsil olunduğumuz düşərgədə belə bir adət vardı - “mənimlə deyilsənsə, məni dəstəkləmirsənsə hakimiyyətin adamısan”. Baxın, bu şantajdır. Şantajla siyasi ittifaqlar yaratmaq cəhdidir. Bunun da sonu iflasdır. Bu baxışı ölkə siyasətinə kimlərin gətirdiyi də məlumdur. Son nəticədə ümumi müxalifət zəifləyir və müxalifətin güclü olmaması isə hakimiyyətin xeyrinə işləyir. Ölkədə siyasi partiyalar arasında sağlam münasibətlərin formalaşmamasında iqtidar böyük məsuliyyəti daşıyır. Amma iqtidar gəlib müxalifətdaxili məsələləri tənzimləyəsi deyil. Bunu şəxsən mən də qəbul etmərəm. Amma çox təəssüflər ki, müxalifət daxilində də bu günədək monopoliya yaratmaq sevdasına düşmüş şəxslər olub. Müəyyən dövr üçün bunu bacarıblar da. Amma sonrakı dövrdə meydana Gələcək Azərbaycan Partiyasının, ReAl Partiyası, Ağ Partiya kimi yeni siyasi qüvvələrin çıxması bu monopolyanı dağıtmağa nail oldu". Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, uzun illərdir ənənəvi müxalifət ölkədə siyasi müxalifəti inhisara almağa və öz şəxsi ambissiyalarını həyata keçirməyə çalışır. Azərbaycanda müxalifətin irəli gedə və ciddi uğurlar qazana bilməməsində bu vəziyyət şübhəsiz öz təsirini illərdir göstərir: “Bu vəziyyət indi də davam edir. Biz bunu zamanla görürük, hətta Şuşa Bəyannaməsinə - Türkiyə və Azərbaycan əlaqələrinə böyük töhfə verən, müttəfiqlik müqaviləsi olan bu sənədə iki partiya imza atmadı. Hətta imza atanlara qarşı təhqirlərə keçdilər. Ənənəvi liderlərin baxışları 90-cı illərdə qalıb və onların köhnəlmiş baxışları, hər addımda digər müxalifət partiyalarını düşmən elan edib onlara qarşı hücumlar, qarşılıqlı ittihamlar illərlə bütün müxalifətə böyük zərbələr vurub. Hakimiyyətin son iki ilə yaxın müddətdə partiyalarla dialoqu və yeni bir siyasi mövqe ortaya qoyması, Ramiz Mehdiyevin hakimiyyətdən uzaqlaşdırılması ilə yeni bir açılım başlandı, ölkədə yeni siyasi konfiqurasiya formalaşdı. Radikal mövqeli bir neçə müxalif partiya özünü bu konfiqurasiyadan kənarda qoyub və ənənəvi zərərli xətti davam etdirirlər. Qarabağ müharibəsində də bu iki partiya kənarda qaldı. Belə bir yanaşma ilə özlərini cəmiyyətdən kənarlaşdırdılar. AXCP, Müsavat və Milli Şura hakimiyyətlə dialoqda olan partiyalara qarşı qara piar aparır. Onlar tərəfindən bizə qarşı savaş aparılır. Düşünmürəm ki, hakimiyyət burada maraqlı olsun. Hətta hakimiyyət bu iki partiyaya da dialoq təkli edib və dövlət naminə sənədlərə imza atmağa dəvət edib. Baxın Əli Kərimli, Arif Hacılı, Tofiq Yaqublu, Cəmil Həsənli bütün günü Qarabağda qələbəmizə kölgə salır. O qədər primitiv siyasət ortaya qoyurlar adam məəttəl qalır. Bəziləri hətta Robert Köçəryanın memuarlarından sitat gətirir və ona inanır. Tofiq Yaqublu deyir ki, sərhəddən geri çəkilək, Ermənistanda demokratiyaya mane olmayaq. Belə olduğu halda təbii ki, dialoq tərəfdarı olan müxalifətlə bu cür müxalifətin bir yerdə olması mümkün deyil və burada hakimiyyətin əlinin olduğunu düşünmək yanlış olardı. Bir kiçik qrup adamlar uzun illərdir müxalifəti parçalayıb və hər kəsi qaralamaqla məşğuldurlar. Mən o adamların hər birini siyasətdən getməyə çağırıram". “Yeni Müsavat” Geri qayıt |