Əsas Səhifə > Partiya, Güney Press > "Onların cəzasını dünya birliyi, beynəlxalq qurumlar verməli idi"

"Onların cəzasını dünya birliyi, beynəlxalq qurumlar verməli idi"


4-06-2021, 08:48
"Onların cəzasını dünya birliyi, beynəlxalq qurumlar verməli idi"
30 il torpaqlarımızı işğalda saxlayan Ermənistan ərazilərimizin sülhlə qaytarılması haqda tələblərimizi qulaqardına vururdu, üstəlik, qudurmuşcasına bizi tankları ilə Bakını da ələ keçirəcəkləri ilə hədələyirdilər. Bu illər ərzində qanımızı tökən, uşaqları öldürən qatillərin sinələrini isə nümayişkaranə şəkildə medallarla doldurdular. Azərbaycan xalqına qarşı hər bir pislik etmək ermənilər üçün yüksək mükafat demək idi.

Lakin 44 günlük müharibədə belləri qırıldı, vurulmuş və ələ keçirilmiş tankları Bakıda muzey eksponatı oldu, qatillərin bir çoxu cəhənnəmə göndərildi, azərbaycanlı əsirlərə işgəncə verənlərin bəziləri isə həbs edildi.

Amma ermənilər müharibədən sonra da bu düşmənçiliklərindən əl çəkmədilər və yenə diversant qruplarını ölkəmizin ərazisinə soxdular ki, onlar da məqsədlərinə tam çatmamış həbsə alındılar. İndi Ermənistan bütün dünyaya yalandan car çəkib, həmin təxribatçı diversantların “hərbi əsir” olduğunu deyir. Azərbaycanlı əsirlərə işgəncələr vermiş iki erməninin Bakıda iyunun 2-də başlamış məhkəmə mühakiməsi və yaxın günlərdə başlayacaq daha 14 nəfər diversantın məhkəməsi isə Ermənistanın və onun dəstəkçilərinin ifşası olacaq. O səbəbdən anti-Azərbaycan mövqeyi tutanlar, əleyhimizə qərəzli qətnamələr qəbul edənlər həqiqəti bir daha eşidəcəklər. Hətta erməni sevgisi hərdən bütün dövlət prinsplərini üstələyən Fransa prezidenti Makron da istəsə, bu məhkəmə prosesini izləmək üçün gələ bilər. Bəlkə o zaman həqiqəti görə və eşidə bilər.

Amma əsas sual həm də budur ki, düşmən bundan sonra alçaq niyyətindən əl çəkəcəkmi, Azərbaycana qarşı diversantlardan istifadənin faydasız olduğunu anlayacaqmı? Bu ifşa prosesi dünyada erməni qərəzini azaldacaqmı?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, Ermənistanın saxlanılan diversantlar barədə hay-küy salmasına əhəmiyyət vermək lazım deyil. Çünki həmin indi məhkəməsi başlanan istər iki erməni, istərsə də məhkəmələri başlanacaq digər erməni diversantlar konkret cinayət əməllərini törədiblər: “Hər şey ortadadır, şahidlər, işgəncəyə məruz qalanlar var-o iki erməninin birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirlərə amansız işgəncələr verdiyi sübut olunub, onların işgəncə aktlarına məruz qalmış çoxlu sayda azərbaycanlı keçmiş əsirlər məhkəmədə ifadə verirlər və işəgncəni məhz bu ermənilərin həyata keçirdiyini faktlarla təsdiqləyirlər. Əslində bir ilahi ədalət baş verməkdədir. Bir vaxtlar azərbaycanlılara işgəncə verən, buna görə medallarla mükafatlandırılan cinayətkarlar idi Azərbaycanda ədalət mühakiməsi önündədirlər. Onlar əsirlərə işgəncə verməklə həm də Cenevrə Konvensiyasının tələblərini pozmuşdular. Buna görə də cavab verrməlidirlər. Məhkəmələri başlanacaq erməni diversantlar isə Azərbaycanın sərhədini qanunsuz olaraq keçiblər və Azərbaycan ərazisində silahlı qrup şəklində Azərbaycanın qanuni silahlı qüvvələrinə qarşı diversiya əməlləri həyata keçiriblər.

Bütün bu kimi hərəkətlər konkret cinayət məsuliyyəti yaradır. Ona görə də diversantlar məhkəmə qarşısında cavab verməlidirlər. Məhkəmə onların əməllərinə hüquqi qiymətini verəcək. Dediyim odur ki, bu ermənilərin heç biri əsir deyil və onların hüquqları pozulmur. Azərbaycan dövləti onların məhkəmə prosesini açıq keçirir, ombudsman məhkəmədə iştirak edir, hüquq müdafiəçiləri üçün proses açıqdır. Fransanın səfiri, hətta Makron istəyirsə, gəlib ermənilərin məhkəmə prosesində şəxsən iştirak edə bilərlər. Onda bir daha görəcəklər ki, reallıq, həqiqət nədən ibarərdir.

Ermənilərin bütün baş verənlərdən, ifşalardan nəticə çıxarıb-çıxarmayacağına gəlincə, bu gün müşahidə olunanlar onların hələ də ağıllanmadığını göstərir. Nəticə çıxarmadıqca daha böyük zərəri özləri görəcəklər. Sirkə nə qədər tünd olsa öz qabını çatladar".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, ermənilər, Ermənistanın terrorçu rejimi bizə qarşı çox cinayətlər törədib, bizi diz çökdürməyə, müqavimətimizi tam sındırmağa çalışıb. Ermənilər bütün bu cinayətlərə görə cavab verməlidirlər: “Onların cəzasını dünya birliyi, beynəlxalq qurumlar verməli idi. Amma biz bunu görmədik, dünya erməni cinayətlərinə, dinc azərbaycanlıların, o cümlədən uşaqların, qadınların xüsusi vəhşiliklə qətlə yetirilməsinə, torpaqlarımızın, mənəvi, tarixi dəyərlərimizin, yurdumuzun məhv edilməsinə, dağıdılmasına, talan edilməsinə görməzdən gəldi, heç bir reaksiya vermədi. Ona görə də cinayətkarların cəzasını biz öümüz, xalq, millət, dövlət olaraq verdik, özümüzə güvəndik, ayağa qalxdıq, düşməni darmadağın etdik. Erməni caniləri üzərində məhkəmə prosesləri artıq başlayıb. Bu, çox yaxşıdı. Biz bu prosesləri Nürenberq prosesinə, serb caniləri üzərində qurulan məhkəmə proseslərinə çevirməliyik. Bunun üçün aşkarlıq tam təmin edilməli, bütün beynəlxalq qurumların, dövlətlərin nümayəndələri, dünyada tanınan hüquq müdafiəçiləri proseslərə dəvət olunmalı, dünyanın aparıcı medialarının prosesi işıqlandırmasına nail olmalıyıq. Bu, həddindən atrıq vacib məsələdir”.

Akif Nağı hesab edir ki, ermənilər nə qədər işfa olunsalar da işğalçı, terrorçu xislətlərindən əl çəkən deyillər: “Ermənistan döyüş meydanında məğlub olub, ordusu yox dərəcəsindədir, yenidən hərbi əməliyyatlara başlamaq imkanı yoxdur. Ermənistanı böyük tərəddüdlə dövlət adlandırmalı olsaq, orada terror dövlət siyasətinə çevrilib. Ona görə də onlar bizə qarşı terror, təxribat, diversiya hərəkətlərini davam etdirəcəklər. Amma biz həm bu hərəkətlərin qarşısını almağa həmişə hazır olmalıyıq, həm də bu məhkəmə prosesləri elə keçməli, canilərə elə cəza verilməlidir ki, bir daha təşəbbas etməyə cürət etməsinlər. Ermənilər də başa düşürlər ki, Azərbaycanın cəzası sərt olacaq”.

“Yeni Müsavat”

Geri qayıt