Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycan tərəfi əlinə düşən vasitədən yararlandı və sonra hay-küy yatdı”
“Azərbaycan tərəfi əlinə düşən vasitədən yararlandı və sonra hay-küy yatdı”22-05-2021, 10:25 |
“Rusiya ilə siyasi münasibətlərin yoluna qoyulmasında bu cür faktlardan istifadə olunmalıdır. Azərbaycan tərəfi də əlinə düşən vasitədən yararlandı və sonra hay-küy yatdı”. Bu sözləri “Yeni Müsavat”a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Şuşada qalıqları aşkarlanan “İsgəndər M” raketləri ilə bağlı danışarkən bildirdi. Rusiya tərəfi Ermənistanın əlinə keçən bu operativ-taktiki silah sistemi barədə indiyə qədər rəsmi izahat verməyib. ADP lideri hesab edir ki, müəyyən razılaşma əsasında Azərbaycan hökuməti məsələnin üzərindən artıq sükutla keçir. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə bu məsələni qapadılacaq hadisə saymır: “Həmin raketdən istifadə edilməsi faktı ortalıqdadır. ”İsgəndər M" yalnız Rusiyanın istifadəsində ola bilər və digər ölkələrə satışı qadağandır. Ona görə beynəlxalq səviyyəli bir skandaldır və kütləvi qırğına səbəb olan silahdır". AMİP sədri qeyd etdi ki, Azərbaycan və Rusiya prezidentlərinin son telefon söhbətində bu məsələyə toxunulmasa da, rəsmi Bakı cavab gözləməkdədir: “Bundan əvvəl Prezident İlham Əliyev Putinlə telefon zəngində Şuşada tapılan raket məsələsini qaldırmışdı. Rusiya tərəfi isə bildirir ki, məsələ araşdırılır. Amma araşdırmaların yekunu haqda ictimaiyyət məlumatlandırılmalıdır. Bu olmayana qədər məsələ qapanmış sayıla bilməz”. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin sözlərinə görə, bu məsələ hələ bağlanmayıb: “Azərbaycan Rusiyadan hələ izahat almayıb və hazırkı vəziyyətlə qane olduğunu da bildirməyib. Sadəcə, Moskva məsələni uzadır, Bakı isə sakit şəkildə gözləyir. Lakin məsələnin həlli mümkün ola bilər”. Partiya sədrinin fikrincə, razılaşma o halda reallaşa bilər ki, Qarabağla bağlı qalan məsələlər həllini tapsın, Zəngəzur dəhlizinin açılması prosesi sürətləndirilsin, minalanmış ərazilərin xəritələri verilsin: “Bunun qarşılığında Azərbaycan Şuşaya atılan raketlərlə bağlı məsələnin üzərindən susqunluqla keçə bilər. Ancaq Rusiya tərəfindən sadalanan nüanslar barədə konkret addım atılmadığı üçün Azərbaycan ”İsgəndər M" mövzusunu qapatmayıb". Ümumiyyətlə, Rusiya, eləcə də onun Bakıdakı səfirliyi Şuşaya atılmış “İsgəndər M” raketləri ilə bağlı qalmaqala hələ də reaksiya verməyib. Bu, o deməkdirmi ki, reaksiya heç vaxt olmayacaq və Moskva öz günahsızlığını qəbul edir? Çünki Kreml başçısı Vladimir Putinlə Prezident İlham Əliyev arasında telefon danışığında da bu məsələyə toxunulmadı. Hər halda mətbuat üçün verilən açıqlamada sözügedən məsələ haqda heç nə yoxdur. Bəs məlum olay ikitərəfli münasibətlərdə hansısa neqativ iz və ya təsir buraxa bilərmi? Siyasi ekspert Ramiyə Məmmədova Bakı-Moskva münasibətlərinin kövrək olduğunu düşünür. Onun fikrincə, indi tərəflər bir-birini narazı salmamağa çalışır, çünki irəlidə birgə atılacaq addımlar çoxdur. “Rusiya Qərbin canfəşanlığını yaxşı müşahidə edir və Qarabağ məsələsində öz dominantlığını əldən verməmək üçün Azərbaycan və Ermənistanı narazı salacaq addımlar atmamağa çalışır. Kreml Avropa Parlamentinin, Minsk Qrupunun fəallığını ”zərərsizləşdirmək" üçün regionda kommunikasiya məsələlərini tezləşdirmək niyyətindədir. Putinin həm Əliyevə, həm Paşinyana zəngi də bu tələskənliyin təzahürüdür. Ona görə də indi tərəflər üçün belə vaxtda “İsgəndər M” raketinin gündəmə gətirilməsi, qanqaraçılıq salınmasının zamanı deyil. Əlbəttə, məsələ ört-basdır edilmiş görünür, amma əsla qapanmayıb, bu, Rusiyaya qarşı hər zaman istifadə edilə biləcək faktdır", - deyə siyasi şərhçi qeyd etdi. Onun fikrincə, Şuşaya atılan raketlərlə bağlı Rusiya araşdırma aparır və yəqin ki, yekunda ümumi bir formal cavab veriləcək: “Bu cavab bizi nə dərəcədə qane edəcək bilmirəm, amma Zəngəzur dəhlizinin açılması işi intensivləşsə, Paşinyan sərhədlərin delimitasiyası işində problem çıxarmasa, bu proseslər üçtərəfli razılıqla normal qaydada davam etsə, ”İsgəndər M" hadisəsinin unudulacağını proqnozlaşdırıram. Yəni deyilə bilər ki, olub-olub da, gəlin üzərindən keçək, müharibədir, hər şey baş verə bilər, əsas bölgədə bundan sonra sülhü təmin etməkdir". Qeyd edək ki, “İsgəndər” raket kompleksinin istifadə olunması barədə ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan danışmışdı. O, 2020-ci ilin noyabrında jurnalistlərlə görüşü zamanı müharibənin son günlərində “İsgəndər”lərdən istifadə edildiyini bildirmişdi. 2021-ci ilin fevralında isə Ermənistanın baş naziri Nikol Paşinyan 1in.am portalına müsahibəsində keçmiş prezident Serj Sarkisyanın “İsgəndər” raket kompleksinin Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavab verərək “Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş (Serj Sərkisyan nəzərdə tutulur) gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə ”İsgəndər"dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb. Bəlkə o raket 80-ci illərin silahı idi?.." Geri qayıt |