Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimlini qalib edən sorğunun pərdəarxası:

Əli Kərimlini qalib edən sorğunun pərdəarxası:


5-05-2021, 11:56
Əli Kərimlini qalib edən sorğunun pərdəarxası:
“Bumerang Media” internet kanalının müxalif partiya sədrləri ilə bağlı keçirdiyi onlayn sorğu elə müxalifət daxilində ciddi narazılıqlara səbəb olub.

Belə ki, keçirilən sorğunun nəticələri cəmiyyət, eləcə də müxalif partiya sədrləri tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, ilk mərhələdə hər biri 5 partiya sədrini əhatə etməklə 3 sorğu keçirilib. Birinci mərhələdə 15 partiya sədri arasından seçilən 3 qalib növbəti mərhələyə çıxarılıb. Birinci mərhələdə “Azərbaycanda hansı müxalifət partiyasının liderini prezident görmək istərdiniz?” sualı təqdim olunub. 26 min virtual respondentin iştirakı ilə keçirilən ilk sorğuya 5 partiya sədrinin adı daxil edilb.

Səsvermə nəticəsində AXCP sədri Əli Kərimli 45%, ikinci virtual səsvermədə HƏP sədri Əli İnsanov 62%, üçüncü virtual səsvermədə KXCP sədri Mirmahmud Mirəlioğlu 65% səs qazanıb. İkinci mərhələdə ilk dövrədə birinci yerə çıxan üç şəxsin adları və “prezident olmağa layiq müxalifət lideri yoxdur” bəndi səsverməyə çıxarılıb. Səsvermədə yenə də birinci yerə 46%-lə Əli Kərimli çıxarılıb. “Prezident olmağa layiq müxalifət lideri yoxdur” sualına 45% müsbət cavab verib.

Narazılıq yaradan maqam isə sorğuda səs verən respondentlərin real şəxslər olmadığı, xüsusi trol şəbəkəsinin fəal iştirakı ilə nəticələrin süni şəkildə formalaşmasıdır.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Əli Kərimlini öz trol şəbəkəsi qalib edib:

“Sosial şəbəkələrdə keçirilən sorğular obyektiv ola bilər, amma Azərbaycanda belə deyil. Azərbaycanda iqtidarın da, müxalifətin də trol şəbəkəsi var. Çox təəssüfedicidir ki, müxalifətdə trol şəbəkəsi bir partiyada total şəkil alıb. Əli Kərimlinin rəhbəri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin onlarla hesab idarə etdiyi heç kimə sirr deyil. Hətta onların bəzi üzvləri ilə bağlı məndə səlis məlumatlar var ki, bir şəxsə 20 hesab açmaq tapşırığı verilib.

Belə bir saxta mühitdə obyektiv sorğu da keçirmək mümkün deyil. Ən obyektiv sorğu küçə sorğusu ola bilər. Hesab edirəm ki, sosial şəbəkədə keçirilən sorğu şişirdilmiş rəqəmlərdir. Əgər sorğuda 45 min respondetin iştirakı göstərilirsə, əmin olun ki, o sorğuda cəmi 5 min adam iştirak edib. Hərəsi onlarla hesabdan səs verərək rəqəmi 45 minə qaldırıb. O sorğu ilə mən də tanışam və onu obyektiv hesab edə bilmirəm. Reallıqlar məni bu sorğuya inanmamağa əminliklə sövq edir”.

A.Şakiroğlu bildirib ki, Gələcək Azərbaycan Partiyası iqtidara qarşı sərt müxalif mövqeyi ilə seçilən partiyadır:

“Əminəm ki, demokratik mühitdə seçki keçirilərsə, bizim partiya parlamentdə də çoxluq təşkil edər. Həmçinin digər partiyalar da uğur qazana bilər. Bu gün parlamentdə 1 deputatla təmsil olunan partiyalar var ki, onlar ən azından 10-a yaxın deputatla Milli Məclisdə təmsil olunmaq imkanındadır”.

Partiya sədri hesab edir ki, onlar bu cür sorğular keçirməklə ictimai rəyi çaşdırmağa çalışırlar:

“Beynəlxalq təşkilatların düşüncələrinə təsir etməkdən ötrü bunu edirlər. Azərbaycanda elə partiyalar var ki, qanunazidd olaraq Qərb institutlarından qrant alır. Həmin o münasibətləri tənzimləmək üçün bu cür saxta sorğular keçirirlər. Son il yarımda mediada müxalif fikirlərin mütəmadi olaraq yer aldığını müşahidə edir, teledebatların keçirildiyini görürük. Yəni bir mühit formalaşıb. Bu düzəndə də kənarda qalmış qüvvələr unudulmaqdan qorxduqları, Qərb institutlarının digər partiyalara diqqətindən təşvişə düşdüklərinə görə bu cür saxta sorğulara ehtiyac duyurlar”.

Ağasif Şakiroğlu əlavə edib ki, əslində keçirilən sorğu normal olardı, amma ona haram qatan konkret olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır:

“Açıq deyək ki, o sorğuda elə insanlar var onların nüfuzları ya Əli Kərimliyə bərabərdir, ya da ondan üstündür. Məsələn, buna misal Mirmahmud Mirəlioğlunu, Əli İnsanovu, özümü göstərə bilərəm. Digər tərəfdən, həmin sorğuda hakimiyyətə real alternativ olan şəxslərin bəzilərinin heç adı yoxdur. Məsələn, Rəsul Quliyevin adı sorğuya namizəd olaraq salınmayıb. Kim zəmanət verə bilər ki, Rəsul Quliyev sorğuda namizəd olardısa, hansı nəticə alınardı? Reallıqlar odur ki, sorğuda iştirak edənlərin 10 mini nəinki cəmiyyətdə, heç öz ailəsində bir nüfuzu olmayan şəxsə səs verib. Təbii ki, bu səslər real deyil. Ona görə də sorğuya haram qatan trol şəbəkəsinin fəaliyyətini pisləyirəm. Sorğu jurnalistlər tərəfindən videogörüntü vasitəsilə keçirilərsə, o zaman obyektiv nəticə olar. Ən azından bilərik ki, bir nəfər 10 profillə səs vermir. Əminəm ki, yaxın bir ildə Azərbaycanda sağlam mühit formalaşacaq və real sorğular o zaman keçiriləcək”.

Geri qayıt