Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan kimi kiçik ölkədə maksimum 5 böyük partiya, total 15 partiya ola bilər"

"Azərbaycan kimi kiçik ölkədə maksimum 5 böyük partiya, total 15 partiya ola bilər"


30-04-2021, 10:29
"Azərbaycan kimi kiçik ölkədə maksimum 5 böyük partiya, total 15 partiya ola bilər"
Cebhe.info-nun bugünkü müsahibi Azərbaycan parlamentinin sabiq sipkeri Rəsul Quliyevdir.

Rəsul Quliyevlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Baydenin qondarma erməni soyqırım iddiası, ABŞ-Azərbaycan münasibətləri, eləcə də ölkə gündəmində olan bir sıra məsələlərlə bağlı söhbətləşdik.

-Rəsul bəy, ABŞ Prezidenti Co Bayden qondarma erməni soyqırımını tanıdı. Bu, ABŞ-Türkiyə münasibətlərinə necə təsir edəcək?

-Baydenin soyqırım sözünü dilinə gətirməsi Türkiyə Cümhuriyyəti ilə ABŞ-ın əlaqələrinə fundamental zərbə vura bilməz. 2-ci dünya müharibəsindən sonra Türkiyə ABŞ-ın o regionda ən yaxın partnyoru olub. Stalin 1945-ci ilin avqustunda Bolqarıstandan hücum edib Bosfor boğazını ələ keçirmək istəyirdi. Onun qarşısını ABŞ-ın Yaponiyaya atom bombası atması aldı. Onun arxasınca ABŞ Türkiyədə strateji silahların bazasını yaratdı və ardınca Türkiyənin NATO-nun üzvü olmasını təşkil etdi. Aqressiv Rusiyanın (sovetlərin) bir daha Türkiyə tərəfə baxmamasına nail oldu. Düşünürəm ki, bu uzun dostluq əlaqələri çat verə bilər, ancaq dağılmaz.

-Bəllidir ki, Azərbaycan bütün proseslərdə birmənalı olaraq Türkiyəyə dəstəyini ifadə edib. ABŞ-ın qondarma erməni soyqırım məsələsi ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək? Azərbaycan Qərbdən tamamilə uzaqlaşa bilərmi?

-Azərbaycanın strateji partnyoru Qərbdir. Onun da başında ABŞ dayanıb. Azərbaycan strateji partnyorlarını itirib Rusiya kimi quzğun, İran kimi fundamentalistlərin qarşısında çılpaq qalmağa risk etməz. Türkiyə Qərbin köməyi olmadan bizi Rusiya kimi ayıdan müdafiə edə bilməz.

-Bu gün Azərbaycanda hakimiyyətin təşəbbüsü ilə siyasi partiyalarla təmaslar həyata keçirilir və dialoq mühiti formalaşır. Bu prosesi siz necə qiymətləndirirsiniz?

-Bu dialoq çox mühüm addımdır, ancaq müəyyən qanunların qəbul olunması ilə nəticələnməlidir. Məsələn, dünya praktikası ölkədə 30 partiyadan çox partiya olmasının zərərli olduğunu, demokratiyaya xidmət etmədiyini artıq çoxdan sübuta yetirib. Azərbaycan kimi kiçik ölkədə maksimum 5 böyük partiya, total 15 partiya optimal ola bilər. Partiyalar haqqında yeni qanun qəbul edilməlidir. Son vaxtlar “əgər seçkilər proporsional keçirilsə, demokratiya inkişaf edəcək” kimi psevdo fikirlər səslənir. Bu, düzgün deyil. Ümumiyyətlə, proporsional seçkilərin nə olduğunu düzgün başa düşmürlər. Yəni seçkilərdə ancaq partiyalar iştirak edir. Bu, əslində insan haqlarını pozmaq deməkdir. Azərbaycanda partiya üzvlərinin sayı real 200-300 mindən artıq olmaz. Seçmə və seçilmə hüququna malik olan 5 milyon əhalinin 10 faizi 500 mindir. Proporsional sistemlə seçicilərin 90 faizi seçilmək hüququndan məhrum olur. Proporsional seçkilərə gedən ölkələrin hər seçki dairəsindən konkret partiyanın konkret nümayəndəsi iştirak etməlidir. Hesab edirəm ki, seçilmək istəyən istənilən partiyada olmayan şəxs müəyyən şərtlər daxilində seçkilərə qatılmaq imkanına malik olmalıdır.

-Hazırda Azərbaycanda gündəmində olan məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Baxmayaraq ki, bəzi qüvvələr bu dəhlizin açılmasına maneə yaratmağa çalışır, ancaq Azərbaycanın mövqeyi kifayət qədər qətidir. Necə düşünürsünüz, Zəngəzur dəhlizi Azərbaycana və bölgəyə nə verəcək?

-Zəngəzur dəhlizinin açılacağına heç bir şübhəm yoxdur. Sadəcə geci-tezi var. Bu dəhliz Naxçıvanın və Naxçıvanın timsalında Azərbaycanımızın inkişafı üçün çox zəruridir. Bu dəhliz Azərbaycan-Ermənistan arasında transport sisteminin inteqrasiyasıdır. Bu dəhliz Azərbaycan-Naxçıvan-Ermənistan-Türkiyə-Qara dəniz-Mərmərə-Aralıq dənizinə gedən transport arteriyasıdır. Bu dəhliz Çin-Türkmənistan-Xəzər dənizi və ardınca yuxarıda sadaladığım kommunikasiyaların vəhdətidir. Bu, çox vacib və mühüm məsələdir.

-Rusiya sülhməramlıları 9 mayda Xocalıda hərbi parad keçirməyə hazırlaşır. Rusiyanın bu cür fəaliyyəti Azərbaycana qarşı təxribat deyilmi?

-Rusiyanın belə bir həyasız addım atacağına inanmaq istəmirəm. Sənin başqa bir ölkənin ərazisində parad keçirməyə nə haqqın var, cənab Putin? Belə bir addım Azərbaycana qarşı düşmənçilik sayılmalıdır. Belə bir iş baş verərsə, Azərbaycan üçün iki variant qalır:

-Azərbaycan Rusiyanın silahlı qüvvələrinin ölkəmizin ərazisindən çıxmasını tələb etməlidir;

-Sülhməramlı qüvvələrin BMT-nin sülhməramlı qüvvələri ilə əvəz edilməsini tələb etməlidir.


Geri qayıt