Əsas Səhifə > Partiya, Güney Press > "O adamlar çalışır ki, Azərbaycanın daxilində qarışıqlıq yaransın"

"O adamlar çalışır ki, Azərbaycanın daxilində qarışıqlıq yaransın"


29-04-2021, 08:20
"O adamlar çalışır ki, Azərbaycanın daxilində qarışıqlıq yaransın"
“Artıq tam əminliklə deyə bilərik ki, Qarabağ məsələsində prezident üstünlüyü ələ alıb və kimlərin nə deməsindən asılı olmayaraq Qarabağ Azərbaycanındır”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri rüşvətxor məmurların ölkə başçısının Qarabağla bağlı apardığı işə maneçilik törətdiyini də bildirib:

“Prezidentin son günlər Zəngəzurla bağlı çıxışı və işğaldan azad edilən torpaqlarımıza getməsi Azərbaycan xalqında böyük ruh yaradıb. Artıq tam əminliklə deyə bilərik ki, Qarabağ məsələsində prezident üstünlüyü ələ alıb və kimlərin nə deməsindən asılı olmayaraq Qarabağ Azərbaycanındır. Bizdə olan məlumata görə yaxın müddətdə Xankəndində, Xocalıda və digər rayonlarımızda bayraqlarımız asılacaq. Bu birmənalı şəkildə belədir. Amma ölkə başçısı bu işləri təkbaşına görür. Ona həm ictimai, həm də partiya daxilindən kömək lazımdır”.

H.Hacıyev həbs edilən icra başçılarından da danışıb və vəzifədə bu cür məmurların çox olduğunu bildirib:

“Çox təəssüflər olsun ki, prezidentin başını xırda məmurlar qatır. Rüşvət alırlar, saymamazlıqla, dövlətə xəyanət və başqa işlərlə məşğuldurlar. O adamlar çalışır ki, Azərbaycanın daxilində qarışıqlıq yaransın, prezidentin başı daxili məsələlərə qarışsın və Dağlıq Qarabağ istiqamətində ciddi adım atmasın. Hal-hazırdakı ab-hava bunu deməyə əsas verir. Hələ mən illər öncə demişdim ki, Alimpaşa Məmmədov qaval çalandı. Həmin vaxt müəyyən dairələr tərəfindən mənə təzyiqlər olundu. Mən o təzyiqlərə baxmayaraq yenə sözümü deyirdim. İndi o qaval çalan tək deyil ki, onun arxasında duranlar indiyə qədər hara baxırdılar? Bunu görmürdülərmi? Biz nəsə deyəndə deyirlər ki, danışmayın. Amma bu dərəcədə haqsızlıq olmaz axı. Ölkədə tək Alimpaşa deyil ki, hamısı belədir. Bunlar tam rüşvətin içindədirlər. Ona görə də bununla bağlı köklü islahatlara gedilməlidir”.

Partiya sədri yeni təyin olunan gənc icra başçılarının fəaliyyətinin də ürəkaçan olmadığını bildirib:

“İndi təzə qoyulan icra başçılarının da heç bir fəaliyyətini görmürük. Deyəndə də oluruq pis adam. Yaxşı, danışmayaq və onda ölkə dağılsınmı? Nə qədər ki, Ramiz Mehdiyevin təyin etdiyi adamlar var, bu məsələ heç vaxt həll olunmayacaq. Alimpaşa kimi qaval çalanı işdən çıxarıb onun yerinə saz çalan qoyacaqlar. Fərqi nədir ki? Bu baxımdan biz düşünürük ki, məsələ ciddi şəkildə həll olunmalıdır. Partiyaları bu işə cəlb etmək və onlarda olan kadrları vəzifəyə təyin etmək lazımdır. Onda rəqabət də olacaq. Necə ki, qardaş Türkiyədə kadrlar partiyalardan təyin olunduğu üçün rəqabət də gedir. Düşünürəm ki, köklü dəyişiklik etmək lazımdır. Bir-iki nəfəri həbs etməklə iş düzəlməyəcək”.

Geri qayıt