Əsas Səhifə > Partiya, Güney Press > İqtidar müxalifətə görə referenduma gedə bilər

İqtidar müxalifətə görə referenduma gedə bilər


23-04-2021, 08:54
İqtidar müxalifətə görə referenduma gedə bilər
Son illər hakimiyyətin müxalifətlə bağlı atdığı addımlara birinin də əlavə olunacağı gözlənilir. “Yeni Müsavat”ın məlumatına görə, bu parlament seçkilərində proporsional, yəni partiya siyahısı ilə seçkiyə qatılmaq sisteminin bərpası ola bilər. Cənubi Qafqazda həm Gürcüstan, həm Ermənistan proporsional seçki sisteminin tətbiqinə qərar veriblər. Bu mənada yalnız Azərbaycanda majoritar seçki sistemi qalır ki, hakimiyyətin bu yöndə addımlar atmasına zərurət yaranır.

İqtidar proporsional seçki sisteminin bərpası ilə partiyaların cəmiyyətdə rolunu artıra bilər, ölkənin siyasi palitrasında durğunluğu aradan qaldıra bilər, o cümlədən müxalifətin qanunverici orqanda daha geniş təmsilçiliyinə şərait yarada bilər. Aydındır ki, seçki sisteminin tətbiqi konstitusiyaya düzəlişləri tələb edir. Bu isə asan məsələ deyil, referendum keçirilməli, səsvermə olmalıdır. Bunun isə pandemiya dövründə tezliklə reallaşacağı bir qədər çətin görünür.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Turan”a deyib ki, seçki qanunvericiliyində islahatlar zəruridir. F.Ağamalının sözlərinə görə, son vaxtlar Azərbaycanda proporsional seçki sisteminin tətbiqinə də artıq diqqət yetirilir: “Bu məsələ cəmiyyətdə son vaxtlar müzakirəyə çıxarılıb. Məncə, təkcə proporsional deyil, qarışıq sistemin Azərbaycanda tətbiqi daha məqsədəuyğun olardı”.

F.Ağamalının sözlərinə görə, proporsional seçki sistemi ölkə Prezidentinin bu gün aparmış olduğu islahatlarda xüsusi yer alan siyasi islahatlara adekvatdır: “Son parlament seçkilərindən sonra cənab Prezident siyasi partiyaların siyasi proseslərdə yeri və rolunu artırmaq üçün yeni konfiqurasiyasının müəllifi kimi çıxış etdi. Təkcə Yeni Azərbaycan Partiyası deyil, parlamentdə təmsil olunan partiyalar parlamentin rəhbərliyində təmsil olundular. Bunun davamı olaraq proporsional sistemin majoritarla bərabər tətbiq olunması faydalı olardı və siyasi partiyaların yeni konfiqurasiyada yerini möhkəmləndirərdi”.

Deputat vurğulayıb ki, ayrı-ayrı ekspertlər parlamentdə millət vəkillərinin sayının artırılmasını da önə çəkirlər, buna da baxmaq olar. Bu təklifi siyasət adamları necə qiymətləndirirlər? Proporsional seçki sistemi qayıda bilərmi? İndiki vəziyyətdə referendum keçirilməsi mümkündürmü və hakimiyyətə qarışıq seçki sistemi lazımdırmı?

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, həmişə qarışıq seçki sisteminin tətbiqinin tərəfdarı olub. Partiya sədri hesab edir ki, 125 deputatdan yarısı proporsional, yarısı majoritar qaydada seçilə bilər: “Bu, həm də partiyaların cəmiyyətdə rolunu artıracaq. Ancaq əvvəlcə referendum keçirilməldir və konstitusiyada müvafiq maddə olmalıdır. İndiki şəraitdə hazırlıq görülməlidir, gələcəkdə referendum keçirilməlidir”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə xatırlatdı ki, 2002-ci ildə keçirilən referendumla proporsional seçki sistemi ləğv edilib və siyasi təşkilatlara ciddi zərbə dəyib: “Bununla bağlı dəfələrlə çağırışlarımız olub. Sonuncu belə təklifi ötən ilin yazında hakimiyyətə təqdim etmişik, eyni zamanda bir neçə partiya olaraq siyasi islahatlar paketini vermişik. Ona görə ölkədə normal seçki mühitinin formalaşması, partiyalaşma institutunun inkişafı üçün proporsional seçki bərpa edilməlidir. Hazırkı majoritar sistem partiyaların gücünü göstərmir, adekvat deyil. Həmçinin demokratik mühitə ciddi zərbədir. Buna təkcə müxalifətin təklifi kimi baxılmalı deyil, Azərbaycan dövlətinin inkişafı üçün nəzər yetirilməlidir və hakimiyyət referenduma getməklə proporsional seçki sisteminə qayıtmalıdır”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə hesab edir ki, ölkədə siyasi institutların normal fəaliyyəti üçün seçki sistemində islahat olmalıdır: “Parlamentdə proporsional sistemlə seçilən deputatlar olmalıdır. Proporsional seçki sistemi ləğv edildikdən sonra ölkənin siyasi təşkilatları dərnək səviyyəsinə enməyə başladı, insanların partiyalara marağı azaldı, seçkilər saxtalaşdırıldı, nəticədə mirələmovlar parlamentdə yer aldılar. Ona görə proporsional sistem qayıtmalıdır”.

BAP sədrinin fikrincə, bu zaman təşkilatların sayı da azalacaq: “Uğur qazanmayanda ya sıradan çıxacaq, ya başqasına birləşəcək. Hakimiyyətə isə nisbi majoritar sistem sərf edir. Çünki bu qaydada istədiyi adamları Milli Məclisə rahat keçirə bilir. Biz isə arzu edərdik ki, seçki sistemində islahatlar aparılsın”.

Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin üzvü Xəzər Teyyublu qeyd etdi ki, Azərbaycan siyasi sistemində proporsional qaydada son seçki 2000-ci ildə olub: “Bunun üzərindən 21 il keçir və siyasi arenada nələr baş verdiyinə baxın. Ölkədə 60-dan çox partiya qeydiyyatdan keçsə də, onların fəaliyyətinə məhdudiyyətlər ucbatından heç bir normal iş görə bilmirlər. Ona görə bu sistemin bərpası mütləqdir, hakimiyyət referenduma getməlidir”.

X.Teyyublunun sözlərinə görə, 125 deputat yerinin ən azı 50 faizi proporsional sistemlə seçilə bilər: “Bu da partiyaların aktivliyinə, insanların siyasi düşüncələrinin genişlənməsinə səbəb ola bilər. Bundan əlavə, ölkənin siyasi mədəniyyətinin inkişafına böyük töhfə verə bilər”.
“Yeni Müsavat”

Geri qayıt