Əsas Səhifə > Partiya, Güney Press > "Müxalifətin Prezidentə dəstək verməsinin əhəmiyyəti var"

"Müxalifətin Prezidentə dəstək verməsinin əhəmiyyəti var"


10-02-2021, 08:31
"Müxalifətin Prezidentə dəstək verməsinin əhəmiyyəti var"
Prezident İlham Əliyev ölkədə korrupsiyaya qarşı mübarizədə kimsəyə güzəşt edilməyəcəyini bəyan edib. Son zamanlar bir sıra keçmiş iri ranqlı məmurların, sabiq nazir və icra başçılarının korrupsiya ittihamı ilə həbsi belə söyləməyə əsas verir.

Artıq müxalifət düşərgəsindən də korrupsiyaya qarşı Prezidentin apardığı mübarizəyə dəstək açıqlamaları verilməkdədir. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Müsavat.tv-yə müsahibəsində bildirib ki, müxalifət korrupsiyaya qarşı mübarizədə də Prezidentə dəstək verməyə hazırdır.

Qeyd edək ki, ötən il 44 günlük Vətən müharibəsində müxalifət Ali Baş Komandanı dəstəkləyirdi. Vətən müharibəsində Ali Baş Komandana dəstək verən müxalifətin indi də belə bir dəstək verməsi niyə əhəmiyyətlidir?

Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda daim aparılan prosesdir. Ola bilsin ki, bəzi vaxtlarda bu mübarizə mediada müəyyən qədər az işıqlanıdırılıb, az ictimailəşdirilib. Müəyyən mərhələlərdə isə daha çox ictimailəşdirilib. Yüksək vəzifəlilərin həbs olunduğu zamanlarda bu məsələ ətrafında media və sosial şəbəkələrdə daha çox müzakirələrə yol açılıb. Ona görə də belə təəssürat yaranıb ki, korrupsiyaya qarşı mübarizə məhz indi aparılır: “Cənab Prezident İlham Əliyev daim korrupsiya və rüşvətxorluğa qarşı sərt münasibət ortaya qoyub. Azərbaycan cəmiyyəti tərəfindən Prezidentin bu siyasətinə daim dəstək olub və bu gün də cəmiyyət dəstəkləyir. Müxalifətin dəstəyinə gəlincə, ölkənin inkişafını istəyən, şəxsi maraqları milli maraqlardan üstün tutmayan müxalifət təşkilatları da dövlətin, xalqın maraqları naminə ötən il 44 günlük müharibədə hamılıqla Ali Baş Komandanı dəstəklədilər. Ölkədə olan 50-dən çox siyasi partiya dəstək bəyanatı imzaladı. Beynəlxalq təşkilatlara da bu bəyanatlar göndərildi. Azərbaycanın Vətən müharibəsində qələbəsini şərtləndirən mühüm amillərdən biri milli birlik, xalq-Ali Baş Komandan birliyi, siyasi qüvvələrin birliyi oldu. Korrupsiyaya qarşı mübarizə də ölkənin, xalqın maraqları baxımından çox ciddi əhəmiyyət daşıyır. Hər bir dövlətin inkişafında korrupsiyaya qarşı mübarizənin ciddiliyi az əhəmiyyət daşımır. Odur ki, bu məsələdə də böyük uğurlara nail olmağımız üçün cəmiyyətin, müxalifətin Prezidentə dəstək verməsinin əhəmiyyəti var. Cənab Prezident dəfələrlə bəyan edib ki, korrupsiya və rüşvətxorluqla mübarizədə həm də ictimai nəzarət önəmlidir”.

Müxalifətdə olan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də bildirdi ki, müxalifət olaraq korrupsiyaya qarşı mübarizədə hakimiyyətə dəstək verməyə hazırdırlar: “Biz dəstəkləyirik və dəstəkləməyə hazırıq. İstəyimiz odur ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakterli olmasın. Çox ciddi və ardıcıl mübarizə aparılmalıdır. Bu mövqeyimizi biz həmişə bəyan eləmişik. Bununla bağlı təkliflərimiz də var. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ictimai nəzarət ciddi formalaşmalıdır. İctimai nəzarətlə bağlı Azərbaycanda təkmilləşmiş qanunvericilik var. Dövlət və hökumət orqanlarının yanında yaradılan ictimai şuralarda müxalifətdən də olan siyasi partiyaların nümayəndələrinin olmasını vacibliyini biz bəyan eləmişik və təklif vermişik. Müharibə dövründə birmənalı şəkildə dövlətin, Ali Baş Komandanın yanında olduq. Dövlət maraqları, milli maraqlar olan yerdə müxalifətçilik dayanmalıdır. Biz bunu savaş dövründə sübut etdik və qələbəmizdə bu birliyin də payı oldu. İndi də hesab edirəm ki, korrupsiya və rüşvətxorluğa qarşı real ciddi daimi mübarizədə müxalifətin ölkə rəhbərinə dəstək verməsi prosesin daha uğurlu nəticələnməsində öz təsirini göstərər. Dövlətin malını öz malı hesab edən nazirlər və digər şəxslərin hamısı vəzifələrindən uzaqlaşdırılmalıdır, cəzalandırılmalıdır. Müxalifətin də istəyi budur və bu istəyin həyata keçməsi üçün dəstəyini verməyə hazırdır. Dövlətin rəhbərinin öz iradəsini sona qədər həyata keçirməsi üçün cəmiyyətin, müxalifətin dəstəyi əhəmiyyətlidir”.

Geri qayıt