Əsas Səhifə > Partiya, Güney Press > "Geyiminə görə yüksək rütbəli məmuru tənqid etmək doğru deyil"

"Geyiminə görə yüksək rütbəli məmuru tənqid etmək doğru deyil"


6-02-2021, 12:02
"Geyiminə görə yüksək rütbəli məmuru tənqid etmək doğru deyil"
ABŞ-ın vites-prezidenti Kamala Harris “Dolce & Gabbana”dan geyindiyi üçün ölkəsində sərt tənqid olunub. Xatırlatma üçün bildirək ki, “Dolce & Gabbana” İtaliya markasıdır və adı son vaxtlar irqçilikdə hallanır. Ötən ilin payızında brend Şanxaydakı şounu ləğv etmək məcburiyyətində qalmışdı. Səbəb - çinli qızın pizza, kanolli və spagettini taxta çubuqla yeməyə cəhd etdiyi reklam çarxı idi. Reklam Çin mədəniyyəti üçün təhqir hesab edilərək, bir müddət ölkədə brendin satışına qadağa qoyulmuşdu.

Burada maraqlı məqam ondan ibarətdir ki, adətən ABŞ-da, Avropada yüksək rütbəli məmurlar, eləcə də onların ailə üzvləri bahalı firmadan geyindikləri üçün tənqid olunub. Məsələn, sabiq Prezident Donald Trampın xanımının bahalı geyimləri hər zaman tənqid obyekti olub. Lakin indi Kamala Harris bahalı brenddən geyindiyi üçün deyil, irqçilikdə adı çıxmış firmadan geyindiyi üçün tənqidlərə məruz qalıb.

Bəs Amerikada, Avropada yüksək rütbəli məmurların, dövlət nümayəndələrinin daha hansı markalardan geyinmələri arzuolunmaz sayılır?

“Gucci” brendi. Bu brend də bir neçə dəfə irqçilikdə günahlandırılıb. Sonuncu dəfə brend yun qara sviterin boğazında dodaq yarığı ilə tənqidlərə məruz qalmışdı. Sosial şəbəkə istifadəçilərinin qaradərililərə qarşı irqi təhqir iddiasından sonra brend rəhbərliyi “Gucci”nin rəsmi səhifəsində açıqlama vermək məcburiyyətində qalmışdı. Açıqlamada deyilirdi ki, həmin qara sviter dərhal satışdan çıxarılacaq və bu hal komanda üçün unudulmaz həyat dərsi olacaq.

Məşhur “Prada” brendi də bu cür oxşar qalmaqalla rastlaşmışdı. Belə ki, Pradamalia kolleksiyasındakı Otto Toto adlı meymun fiquru irqçiliyə işarə kimi dəyərləndirilmişdi.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu yüksək rütbəli məmurların hansı brenddən paltar geyindiklərinin önəmli olmadığını bildirdi: “Geyiminə görə yüksək rütbəli məmuru tənqid etmək doğru deyil. Məsələn, Kamala Harrisin irqçiliyə görə günahlandırılan brenddən geyindiyi üçün tənqid olunmasını doğru hesab etmirəm. Əsas odur ki, o, ölkəsində, dünyada əmin-amanlıq, sülh yarada biləcəkmi? Və yaxud vəzifəsini layiqincə yerinə yetirəcəkmi? Yoxsa ki, istədiyi brenddən, istədiyi paltarı geyinə bilər. ABŞ-da geyimlə bağlı heç bir qadağa yoxdur. Bunun üçün də istəyər bahalı, istəyər də ucuz geyim geyinər.

Qeyd etdiyiniz kimi bundan əvvəl sabiq ABŞ Prezidenti Donald Trampın xanımı da bir müddət geyimlərinə görə tənqid olunurdu. Amma Tramp Prezident olmamışdan əvvəl milyarder idi və xanımı o zaman da xüsusi brendlərdən paltar geyinib. Tramp Prezident olduğu dövrdə öz şəxsi təyyarəsindən, evindən istifadə edib, Prezident maaşını almayıb. Yəni özünün imkanları olub. İndi Prezident olmuşdu deyə geyim brendlərini, tərzini dəyişməli deyildi ki. Azərbaycanda da bir sıra məmurlar, məmur övladları var ki, onlar da bahalı geyimləri, aksesuarları, lüks həyat tərzinə görə tənqid olunub. Bunun da səbəbi var. Məsələn, əgər bir məmur 2 milyonluq saat taxırsa, onun aylıq maaşı ən azı yüz min manat olmalıdır ki, o saatı ala bilsin. Əlbəttə ki, aldıqları maaşdan dəfələrlə bahalı geyimini, aksesuarını nümayiş etdirəndə bu, cəmiyyətdə qıcıq doğurur".

Geri qayıt