Əsas Səhifə > Partiya, Güney Press > “Səlim Müslümov Ramiz Mehdiyevin kassası idi”

“Səlim Müslümov Ramiz Mehdiyevin kassası idi”


5-02-2021, 09:33
“Səlim Müslümov Ramiz Mehdiyevin kassası idi”
“Mən dəfələrlə demişəm, bu gün də fikrimdə qalıram ki, keçmişdə vəzifədən kənarlaşdırılan məmurların heç biri azadlıqda qalmamalıdır”.
Bu sözləri Reportyor.info-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov haqda danışarkən deyib.
Partiya sədri bildirib ki, bir müddət əvvəl mətbuatda səsləndirdiyi sözlərin arxasında dayanır, S.Müslümovun həbsi gecikdirilib.
“O, Ramiz Mehdiyevin dövlət çevrilişi işində kassa rolunu oynayırdı. Mən çox şadam ki, dövlətin naminə açıqladığım fikirlər, müvafiq yerlərə çatdırdığım sözlər nəticəsini verir”, – deyə MMP sədri vurğulayıb.
H.Hacıyevin sözlərinə görə, bu gün Səlim Müslümov və digər sabiq məmurlar AMEA prezidenti Ramiz Mehdiyevin “dirijor çubuğu” altında qisas almaq məqsədi ilə ölkədə qarışıqlıq yaratmağa çalışırlar.
MMP sədri deyib ki, Prezidentin əvvəlki komandası ona xəyanət edib, və bunu illərlə söyləyir: “Şadam ki, dediklərim təsdiqini tapır. Ramiz Mehdiyev çevriliş üçün çalışır. Amma biz küçələrə çıxıb xalqımızı və dövlətimizi qorumağa hazırıq”.
Qeyd edək ki, S.Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.
Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunmuşdur.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Geri qayıt