Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanlılar təcili Xocalı, Xankəndi, Xocavənd, Ağdərəyə köçürülməlidir"
"Azərbaycanlılar təcili Xocalı, Xankəndi, Xocavənd, Ağdərəyə köçürülməlidir"4-02-2021, 08:53 |
“Xocalı, Xankəndi, Xocavənd və Ağdərəyə geri dönüşün əsas yolu oranın demoqrafik strukturunu Azərbaycanın lehinə dəyişməkdir”. Bu sözləri türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib. O bildirib ki, bu addım həm də erməni təxribatlarının qarşısını almağa yardımçı olacaq: “Vaxtilə savaş zamanı bölgədən qaçqın və köçkün olaraq çıxarılan azərbaycanlı qardaşlarımızın yeni doğulan nəsillə birlikdə dövlətin dəstəkləyici siyasəti çərçivəsində oraya geri dönməsini tezləşdirmək lazımdır. Bu, ermənilərin hazırda oynadığı bütün oyunlara da son qoyacaq”. Türkiyəli ekspertin açıqlamasını “Şərq”ə təhlil edən Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı Sülhəddin Əkbər köç məsələsini daim izlədiyi və böyük hörmət bəslədiyi Abdullah Ağardan çox-çox əvvəl gündəmə gətirdiyini deyib. “Ağlın yolu birdir” deyən partiya sədri vurğulayıb ki, vətəndaşlarımızı öz doğma yurd-yuvalarına qaytarmadan həmin bölgədə Azərbaycanın suverenliyini bərpa etmək, hakimiyyət orqanlarının fəaliyyətini həyata keçirmək çox çətin olacaq: “Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin inzibati ərazisində yaşamış azərbaycanlıların geri dönüşü BMT-nin Ali Qaçqınlar Komissarlığına həvalə olunub. Rəsmi Bakı vaxt itirmədən Komissarlıqla əlaqə qurmalı, geri dönüşlə bağlı konkret siyasət həyata keçirilməlidir. Əvvəla, bütün ölkə üzrə demoqrafik strategiya işlənib hazırlanmalıdır. Bunun əsasında siyasi planlaşdırma aparılmalı, fəaliyyət proqramı icra olunmalıdır. Fəaliyyət proqramı da tarixi dövrlərə bölünməlidir. O cümlədən illik plan hazırlanmalıdır. Bu, çox böyük strategiyadır. Ancaq reallıq odur ki, konkret hansısa ərazidə dayanıqlı nəticəyə nail olmağın təməlində demoqrafik siyasət durur. Bu gün üzləşdiyimiz Dağlıq Qarabağ və erməni probleminin əsasında 300 ildir Rusiyanın apardığı demoqrafik strategiya dayanır. Hələlik nəzarətimizdə olmayan ərazilərdə azərbaycanlıların məskunlaşma siyasəti həyata keçirilməlidir. Nə vaxt bu reallığı anlasaq, problemin həllini görəcəyik”. Sülhəddin Əkbərin sözlərinə görə, hazırda əsas qayəmiz soydaşlarımızın doğma yurdlarına qayıdışına nail olmaq, Qarabağın dağlıq hissəsində Azərbaycanın suverenliyini bərpa etməkdir: “Bölgədə yaşayan, qeydiyyatda olan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, onların təhlükəsizliyi, demokratik haqları, milli-mədəni hüquqları qorunacaq. Qarabağda yaşayan ermənilərə təklifimiz bundan ibarət olmalıdır. Düzgün demoqrafik siyasəti həyata keçirsək, şübhə etmirəm ki, bizi narahat edən məqamlar öz-özlüyündən ortadan qalxacaq. Qarabağ türk torpağıdır. Uzunmüddətli perspektivdə də türklərə məxsus olacaq. Ona görə orada azərbaycanlılar üstünlük təşkil etməlidir”. Partiya rəhbərinin qənaətincə, köç prosesinin yubanmasının obyektiv və subyektiv səbəbləri var: “Nəzərə alaq ki, birbaşa nəzarətimizdə olan, işğaldan azad edilmiş ərazilərə belə yurddaşlarımızı köçürməmişik. İlk növbədə torpaqlarımızda təhlükəsizlik məsələsi təmin olunmalıdır. Həmin ərazilərin Azərbaycan Ordusunun, təhlükəsizlik qüvvələrinin nəzarətində olduğu tam müəyyənləşməlidir. Digər tərəfdən bölgə minalardan təmizlənməli, infrastruktur işləri həyata keçirilməli, qaz, su, işıq xətləri çəkilməli, digər zəruri xidmətlər yaradılmalıdır. Əlbəttə, bu işlərə başlamazdan öncə dəymiş ziyanın qiymətləndirilməsi prosesi başa çatdırılmalıdır. Qiymətləndirmə bitməmiş quruculuq işlərinə start verilsə, ərazilərimizin erməni işğalı zamanı hansı vəziyyətdə olduğunu sübut etmək çətin olar. Quruculuq başa çatdıqdan sonra əhalinin köçürülməsinə başlamaq mümkündür. Bu da kifayət qədər vaxt aparan prosesdir. Üstəgəl, Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsində subyektiv amillər də var. Bölgənin və sülhməramlıların statusu hələlik qeyri-müəyyən olaraq qalmaqdadır. Eyni zamanda erməni silahlı qüvvələri tamamilə tərksilah olunmayıblar. Bölgəyə azərbaycanlıların geri qayıtması üçün heç bir təhlükəsizlik tədbiri görülməyib. Yubanmanın səbəbləri bunlardır”. Geri qayıt |