Əsas Səhifə > Partiya, Güney Press > "Şəxsən mən vaksinin ölkəmizə gətirilməsini gözləyirəm"

"Şəxsən mən vaksinin ölkəmizə gətirilməsini gözləyirəm"


8-01-2021, 08:38
"Şəxsən mən vaksinin ölkəmizə gətirilməsini gözləyirəm"
Azərbaycanda koronavirusa yoluxanların və virusdan dünyasını dəyişənlərin sayında azalmalar davam edir. Əksər mütəxəssislər qeyd edir ki, vaksinasiya prosesi də başladıldıqdan sonra virus aprel ayına qədər həyatımızdan ya çıxa, ya da əhəmiyyətli şəkildə azala bilər.

İndi bütün dünyanın ümidi əldə edilən müxtəlif vaksinlərədir. Dünyanın bir çox ölkələri artıq bu prosesə başlayıb. Məlum olduğu kimi, Azərbaycanın da qardaş Türkiyə ilə birlikdə eyni vatxda vaksinasiyaya başlayacağı gözlənilir. Artıq ötən ilin sonunda Türkiyə Çində istehsal olunan “Sinovac” vaksinlərini alıb. Məlumata görə, hazırda Türkiyə vaksinləri Səhiyyə Nazirliyinin laboratoriyalarında yoxlamadan keçirir. Prosesin yanvarın 14-də başa çatacağı gözlənilir. Rəsmi açıqlamalara görə, ölkəyə gətirilən vaksinlərin yoxlanması başa çatan kimi kütləvi peyvəndləmə ilə bağlı qərar veriləcək. Hələlik yoxlamadan keçirilən “Sinovac” vaksinləri ilə bağlı mənfi fikir yoxdur.

Qeyd edək ki, Çinin “Sinovac” vaksini Türkiyədə klinik sınaqlardan uğurla çıxıb. İlkin mərhələdə 50 milyon doza sifariş edilib. İlk növbədə səhiyyə işçiləri arasında peyvəndləmə aparılacaq. Hər kəsə iki dozanın vurulması tövsiyə edilir. Bildirilir ki, vaksinlər 28 günlük fasilə ilə vurulduqda infeksiyaya qarşı daha dözümlü vəziyyət yaradır.

Beləliklə, ölkəmizdə də gözlər Türkiyədə bu prosesin nə zaman başladılmasına dikilib. Vaksinlərin ilk öncə kimlərə tətbiq ediləcəyi məsələsinə gəldikdə isə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov mətbuata açıqlamasında bildirib ki, ənənəvi olaraq birinci mərhələdə əhalinin risk qruplarına aid edilmiş daha həssas hissəsi, o cümlədən tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65-dən yuxarı olan insanlar bu prosesə cəlb olunacaq.

Ötən gün TƏBİB məlumat yayaraq bildirdi ki, ölkəmizdə artıq koronavirusa qarşı vaksinasiya hazırlıqları başlayıb. Belə ki, “Yeni klinika” tibb müəssisəsinin nəzdində olan təlim mərkəzində “COVİD-19 vaksinasiya prosesinin təşkili və əlavə təsirlərinin idarə edilməsi” adlı təlimlərə start verib. Təlimlər zamanı vaksinin daşınması, saxlanması və istifadəsi qaydaları, vaksinlərin inyeksiyası zamanı ola biləcək əlavə təsirlərin növləri, allergik reaksiyalar baş verdikdə tibbi yardımın təşkili kimi mühim təlimatlar ÜST və UNİCEF-in təlimatları əsasında məruzə, prezentasiya və maket üzərində praktik məşğələlər şəklində vaksinasiya prosesinin yerlərdə həyata keçirilməsi üçün seçilmiş səyyar briqadaların üzvlərinə çatdırılıb.

Maraqlıdır, bəs ölkəmizdə də vaksinasiya prosesinə start veriləndə könüllü olaraq hansı tanınmış simalar vaksin vurduracaq?

Deputat Fəzail Ağamalı sorğumuza bu cür cavab verdi: “Hazırda vaksinasiya prosesi bütün dünya miqyasında aparılır. Ona peşəkar yanaşmalar mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatı, onun yüksək səviyyəli mütəxəssisləri, eyni zamanda inkişaf etmiş iri dövlətlər artıq 1 ilə yaxındır ki, ən müxtəlif səviyyədə araşdırmalar aparır və fakt bundan ibarətdir ki, vaksinlər ən yüksək ölkələr səviyyəsində hazırlanıb. Deyilənlərə görə, ən keyfiyyətli vaksinlər Çin və Almaniya istehsalı olanlardır. Azərbaycana da məhz Çində istehsal olunan vaksinlərin gətirilməsi gözlənilir. Bundan qardaş Türkiyə də istifadə edəcək. Məlumata görə, Türkiyə həmçinin Almaniyada istehsal edilən vaksinlərdən də istifadə edəcək”.

Deputat hər kəsi vaksinlərə inanmağa çağırıb: “Xatırlayırsınızsa, koronavirus pandemiyası başlayanda bir çoxu buna inanmırdı. Virusu gah ”oyun", “fırıldaq” adlandırır, ən müxtəlif şəkildə buna qiymət verməyə çalışırdılar. Çox təəssüf ki, bəzi vətəndaşlarımız ümumdünya səviyyəsində bunun ciddi təhlükəli virus olduğunu nəzərə almır, inanmaq istəmirdilər. Nəticədə indi gördüyümüz mənzərə yaranıb. Ona görə də müxtəlif şayiələrə, fikirlərə əsaslanmayaraq, sosial şəbəkədə gedən bəzi əsassız müzakirələri bir kənara qoyaraq, peşəkar rəyinə inanmayılıq".

Fəzail Ağamalı ölkəmizdə vaksinasiya prosesi başlayanda vaksin vurduracağını bildirib: “Şəxsən mən vaksinin ölkəmizə gətirilməsini gözləyirəm və onu qəbul edəcəm. Bəli, vaksinlə özümü sığortalamağa çalışacam. Bir sözlə, vaksindən istifadə etmək lazımdır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova isə qeyd etdi ki, hazırda vaksinlərlə bağlı ən müxtəlif şayiələr var: “Lakin biz ömür boyu karantin rejimində yaşaya bilmərik. Uşaq vaxtı hər birimiz müxtəlif xəstəliklərə qarşı peyvənd olunmuşuq. Valideynlər də maraqlı idilər ki, peyvəndlər vaxtında vurulsun. Dünya hər zaman müxtəlif pandemiyalarla üz-üzə olub, bu koronavirus da yenisidir. Mən də vaksindən vurduracam. Əgər biz qorunmaq istəyiriksə, bu cür proseslərdən qorxmamalıyıq”.

Mehriban Zeynalova qeyd etdi ki, vaksinasiya prosesi ilə bağlı ölkədə maarifləndirməyə böyük ehtiyac var: “Kimsə vurduracaqsa, özündə baş verən reaksiyaları danışmalıdır və sairə. Ötən gün sosial şəbəkədə bu barədə qeyd etmişdim. İzləyicilərdən biri yazmışdı ki, İsveçdə olan dostları vaksin vurdurduqdan sonra dünyasını dəyişib. Lakin digər izləyicləri bu məlumatın əsassız olduğunu belə bir hadisə baş vermədiyini yazmışdılar. Yəni peşəkarların rəyinə diqqət etməli, əsassız şayiələrdən uzaq olmalıyıq”.

İqtisadçı-politoloq Natiq Cəfərli qeyd etdi ki, yaşına görə, eyni zamanda xroniki xəstəlikləri olmadığı üçün ona növbə sonra çatacaq: “Ona görə də düşünürəm ki, indidən bununla bağlı qərar verməyim doğru olmazdı. Yəni ilkin olaraq kimin ehtiyacı varsa, onlar vaksinasiya olunmalıdır. Sonra növbə çatdıqda bununla bağlı ayrıca qərar verəcəm. Ümid edirəm ki, vaksinasiya prosesləri koronavirusla bağlı vəziyyəti tədricən düzəldəcək”.
“Yeni Müsavat”

Geri qayıt