Əsas Səhifə > Partiya, Güney Press > "Necə ola bilərdi ki, Şah İsmayıl Xətainin törəmələri torpaq itkisinə məruz qalsın"

"Necə ola bilərdi ki, Şah İsmayıl Xətainin törəmələri torpaq itkisinə məruz qalsın"


2-01-2021, 09:44
"Necə ola bilərdi ki, Şah İsmayıl Xətainin törəmələri torpaq itkisinə məruz qalsın"
2020-ci ili başa vurduq. Keçən il Azərbaycanın tarixində yeni bir səhifə açdı, heç bir zaman yaddaşlardan silinməyəcək bir səhifə...

2020-ci ilin yekunları barədə hafta.az-a müsahibə verən Milli Məclisin sədr müavini Fəzail İbrahimli həmin səhifənin maraqlı nüanslarına toxunub.

- Fəzali müəllim, istərdim 2020-ci ilin Azərbaycan tarixində əhəmiyyəti barədə fikirlərinizi bildirəsiz?

- 20 rəqəmi Azərbaycan üçün həm faciəni göstərən tarixi bir rəqəmdir, həm də bir coşqulu rəqəmdir. 1920-ci il aprel işğalı Azərbaycanın müstəqilliyinin əlindən alınması tarixidir. 2020-ci il isə Azərbaycan tarixinin ən şərəfli səhifəsi, millətin ləyaqətinin özünə qaytarılması, dünya dövlətlərinin boy sırasında Azərbaycanın başını dik tutdurması, dünya dövlətlərinin liderləri sırasında Azərbaycan liderinin birinci yerdə durması, ən nəhayət isə 28-30 il müddətində küskün yaşayan, ayaqlarımızın izi dəyməyən, daima həsrət gözü ilə bizə baxan o vətən torpağının 20 faizinə qovuşmağımız oldu. Poetik desək, Şuşanın xarı bülbülü “hanı mənim sahibim”-deyib gözündən yaş axırdı. Bu torpaqlarımızın hər yerində bir sızıltı var idi. Yağı düşmən o yerləri tapdayanda o torpaqların qəlbi sızıldayırdı. Bütün düşən daşlar yerinə oturub. Poetik düşüncələrin fonunda real ifadə etsək, 20-ci ildə Azərbaycanın dövlət başçısı Azərbaycan tarixinin 100 ildən artıq bir səhifəsinə yeni bir cığır açdı. 1918-ci ildə bizim 114 min kilometr kvadrat metr torpağımız var idi. Ondan 86,6 min kvadrat metr qalmışdı. Onun da 20 faizi işğal edilmişdi. Həmin torpağımızı özümüzə qaytardı və Zəfər paradında kürsüyə sinə gərən cənab Prezident dünyaya bəyan etdi: - Mənim millətim ədalətsizliklə barışmaz! Mənim dövlətim, torpağının basılmasına icazə verməz. Mənim dövlətçilik tarixim var. Mənim dünya millətlərinin boy sırasında durmaq haqqım var. Çünki Amerika 16-cı əsrdə kotanın nə olduğunu bilmirdi. Amerikada inkişaf etmiş cəmi 3 xalq var idi. Mayalar, asteklər, inklər. Amma Azərbaycanın yetişdirdiyi Şah İsmayıl Xətainin yaratdığı Səfəvilər dövləti var idi. Necə ola bilərdi ki, onun törəmələri, varisləri torpaq itkisinə məruz qalsın. Şah Abbas itirilmiş torpaqları geri qaytardı, dastana çevrildi. Torpaqların geri qaytarılmasında bir qədər fasilə verildi. Tarixi zaman baxımından bu elə də böyük müddət deyildi. Amma ömür nöqteyi-nəzərdən kifayət qədər ciddi fasilədir. Məsələn, 30 yaşı olanların 60 yaşı, 60 yaşı olanların 90 yaşı oldu. Bu mənada çox insanlar o dünyaya sadəcə olaraq, “vətən-vətən” - deyib köçdü. Amma bu gün onların ruhu şaddır. Bu gün Azərbaycanın hər kəndində, hər şəhərində torpaq uğrunda vuruşub qazi, şəhid olanlar var. Eləcə də 20 Yanvar faciəsini, Xocalı soyqırımını yaşayan dünyasını dəyişənlərin ruhu şaddır. Qələbə çaldıq, ona görə də ruhumuz yüksəkdir. Ona görə də 2020-ci il Azərbaycan tarixinin ən şərəfli, ən yüksək qalibiyyət tarixidir.

Təsəsvvür eliyin, dünyanın ən böyük ölkələri pandemiyanın qarşısında zəlil olub. Dünya siyasi sükanının arxasında dayanan ABŞ, dünyanın bütün ideoloji nöqtələrini idarə edən İngiltərədə nələrin baş verdiyini müşahidə elədik. Amma Azərbaycanın 44 gün ərazində ağlına pandemiya qorxusu gəlmədi. Azərbaycan xalqı bu xəstəliyi də tapdalayıb keçdi. Və Şuşaya qələbə bayrağını sancdıq. İşğaldan azad olunan torpaqlarımız bizim qeyrət ocağımız, namus yurdumuzdur. Ona görə də 2020-ci ili tarixdə ən böyük uğurlu il və ən şərəfli səhifəs hesab edə bilərik. 10 illiklər, 100 illiklər keçəcək, amma 2020-ci il bir zəfər tarixi kimi yadda qalacaq.

- Bu gün ölkə ictimaiyyəti torpaqlarımızın tam olaraq təmizlənmədiyindən narahatlığını və bu problemlərin yeni ilə daşındığını bildirirlər. Necə hesab edirsiz, bu fonda Qarabağda, regionda vəziyyət nə yerdədir?

-Biz Qarabağı azad edən zaman təkcə erməni ordusu ilə vuruşmurduq. Biz dünya erməniçiliyi ilə vuruşurduq. Biz dünya erməniçiliyinə qalib gəldik. Yarandığı gündən Daşnaqsütun Partiyasının bəyan etdiyi “böyük ermənistan” ideyası yavaş-yavaş ayaq tutub yeriyirdi. Biz bu ideologiyanı puça çıxartdıq. Erməni tərəfi düşünür ki, əldə etdiklərinin hamısı əllərindən çıxdı. Biz xristian təəssübkeşliyinə qalib gəldik. Cənab Prezident 30 dəfə dünyanın ən hörmətli, etibarl hesab edilən, eyni zamanda ən aqressiv jurnalistlərinə müsahibə verdi, ideoloji cəbhəni darmadağın etdi. Əgər 30 ildə bizim ideoloji işimizdə Qarabağ problemini dünyaya çatdıra bilməmişdiksə, təkcə 30 müsahibə ilə bütün dünya Qarabağ mühnaqişəsinin fəlsəfəsini anladı. Biz gör nələrə qalib gəldik. Üstəgəl ermənilər 200 ildən artıq xristian ağuşuna sığınıb orda özlərinə yuva qurmuşdular, bir qala tikmişdilər. O qaladan başımıza güllə və qumbara yağdırılaraq, tariximizdə fazilər yaratdılar. Siz tariximizə fikir verin: 20 yanvar facisəsi - kim törətdi? - ermənipərəst rus hərbçiləri! Fevral , Xocalı soyqırımını 366-cı alay, mart soyqırımını erməni-daşnak bolşevikləri, apreldə Kəlbəcəri kim işğal etdi - arxasında rus qüvvəsinin durduğu ermənilər, may işğalını və sair. Biz 200 ildən artıq başımıza qumbara yağdıran o qalanı sıradan çıxartdıq. 12 ayımızın təqviminə fikir verin: yanvarın 20-i faciə başlayır, noyabrın 20-də vertalyot qəzası ilə bitir. Amma bu sonuncu 20 rəqəmi Azərbaycan tarixinə bir qırmızı xətlə yazılacaq. Biz ermənilərə qalib gəlməklə dünya ermənilərinə qalib gəldik.

Amma təbii ki, Xankəndi ilə bağlı yaranan narahatlıq dolu düşüncələr o vaxt real görünə bilərdi ki, ora hansısa status verilsin. Biz o zaman deyə bilərdik ki, işimiz yarımçıq qaldı. Qarabağda heç bir status yoxdur. Cənab Prezident bəyan edib ki, burda yaşayırsansa, Azərbaycan vətəndaşısan.

Biz rus sülhməramlılarının Qarabağa gəlməsini təhlil edəndə bir sıra nəticələrə gəlməliyik. Birincisi, biz bir strateji rayonlarımızı – Kəlbəcəri, Laçını, Ağdamı silahsız, gülləsiz azad edə bildik. Torpaq uğrunda geri dönüş yox idi, sonuncu əsgərimiz qalana qədər vuruşmalı, o yerləri azad etməliydik. Amma görün nə qədər qanlar tökülmədi, nə qədər analar gözüyaşlı qalmadı. Tutaq ki, biz gəlib Ermənistan sərhədində dayananda dünya imperializmi ilə üz-üzə qalacaqdıq. Bundan əlavə sərhəddə düşmənlə üz-üzə dayanmışıq. Bizə erməni diversantlarının ərazilərimizdə saxlanmasının şahidi olduq. Biz xeyli qurbanlar hesabına torpaqları saxlamalıydıq. İndi isə vəziyyətə sülhməramlılar nəzarət edir. Rusiya Azərbaycan torpaqlarına iddia etmir. Rusiya bəyan etmir ki, Qarabağa status verilsin. Bu tarixin gedişində narahatlıq doğuran bu məsələlər həll olunmalıdır. 8 rayonumuzun azad olunması böyük qələbədir. Digər ərazilərimizdə Azərbaycan qanunlarının işləməsinə gəlincə, bizim dövlətimizin böyük siyasəti var. Və biz bu məsələyə cənab Prezidentin “mən nəyi nə zaman edəcəyimi yaxşı bilirəm” düşüncəsi ilə yanaşmalıyıq.

- Artıq Milli Məclis də 2020-ci il üzrə öz işini yekunlaşdırdı. Məclisdə bu il ərzində hansı mühüm məsələlər müzakirə olundu?

- Milli Məclisin hər bir sessiyasının özünün proqramı var. Milli Məclisin yaz, payız sessiyası başlanan zaman o məsələ gündəmə gəlir - “bu sessiyada hansı məsələləri müzakirə edək” sualı, proqramı ilə Milli Məclis müzakirə aparır və gündəlik təsdiq olunur. O məsələlərin hər biri ardıcıllıqla – qanunlarda dəyişiklik, yeni qanunların qəbulu, siyasi xarakterli məsələlər, eyni zamanda hər hansı zaman kəsiyində baş verən hadisələrə münasibət və sair. Proqramlar işləndi, çox uğurlu Məclis keçdi. Kifayət qədər ciddi məsələlər hərtərəfli müzakirə olundu. İclaslar çox demokratik ab-havada keçdi. Deputatlar çox demokratik şəkildə öz fikirlərini bildirdilər. Gündəlik məsələlər müzakirə olundu, strateji kursa aid olan məsələlər və ona aid olan hallar gündəmdə oldu. Ona görə də burda hansısa bir məsələnin ayrıca götürülüb önə çəkilməsi, hesab edirəm ki, Milli Məclis proqramının pozulması demək deyildi. Bəzən günün vacib məsələləri önə çəkilirdi. Ona görə də Milli Məclis öz qarşısında duran istər beynəlxalq səviyyədə, istər dövlətlərarası münasibətlərdə, istər daxili problemlərdə və qanunvericilik bazası çərçivəsində qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirdi.

- Fəzail müəllim, sosial şəbəkələrdə ictimaiyyətin ayrı-ayrı kəsimi 2020-ci ildə əldə olunan həmrəyliyin qorunaraq, 2021-ci ildə vətənin tam olaraq azad olunmasını arzu edir. Ümumiyyətlə, 2021-ci ildə nəyi daha çox önəmsəməli və onun üzərində mübarizəmizi qurmalıyıq?

-Yenə cənab Prezidentdən sitat gətirirəm. O, Şuşa alınan zaman, televiziya vasitəsilə bəyan etdi: Əziz Şuşa sən azadsan, Əziz Şuşa biz səni dirçəldəcəyik. Qarşımızda duran ən ümdə vəzifələrdən biri iqtisadi xarakterli məsələlərdir. İşğaldan azad edilən torpaqların dirçəldilməsi. Bunun müxtəlif yolları, proqramı var. Qarabağın əvvəlki vəziyyətinə qaytarılması üçün dövlət proqramı var və bu məsələ dövlət tərəfindən uğurla yerinə yetirilir. Qarşıda duran ilk vəzifəmiz o yerlərin abadlaşdırılmasıdır və qaçqın və köçkünlərin öz doğma torpaqlarına qaytarılmasıdır.

İkinci, digər bir məsələ isə ölkə daxilində siyasi sabitliyin qorunmasıdır. Azərbaycanda bütün dünyaya nümunə olan bir sabitlik var. Təsəvvür edin ki, dünyanın böyük dövlətlərinin özünün strateji kursu, maraqları var. Bu maraqlar içərisində həmişə məkirli niyyətlər yatır. Pandemiyaya qədər dünyada baş verən hadisələrə baxın. Ərəb dünyası odun içində idi, İranda tələbə hərəkatı başlamışdı, Türkiyədə müxtəlif hərəkatları tərpədirlər. Amma bunlara baxanda Azərbaycanda siyasi sabitlik var idi. Həmin o sabitlik bizim qələbəmizə rəvac verdi.

Digər tərəfdən, müxtəlif siyasi partiyalarla dialoqlar apardıq. Azərbaycanda vətəndaş həmrəyliyini müharibə dövründəki qədər qoruyub saxlamaq, büdcənin imkan verdiyi qədər əhalinin maddi durumunu yaxşılaşdırmaq - bütün bunlar hamısı dövlətimizin strateji kursuna daxildir. Xüsusi aidiyyatı orqanlar var ki, onlar öz işlərini uğurla yerinə yetirir. Ümid edirəm ki, 2021-ci ildə də bu məsələ uğurla davam edəcək.

Qarabağdakı uğurların səbəblərindən birinci, Ali Baş Komandanın siyasi iradəsi, qətiyyətli mövqeyi, bu mövqeni reallaşdıran güclü ordu, güclü ordunun qurulmasına rəvac verən iqtisadi durum, iqtisadi durumu reallaşdıran Azərbaycan hökumətidir. Bunlar hamısı bir-biri ilə bağlı və gündəmdə olan məsələlərdir. Və Azərbaycan xalqı çox sevincək haldadır. Şəhidlərimizi Allah rəhmət eləsin. Onların analarının gözyaşı ən yüksək zirvələrə qədər gedib çıxır və ona səbəb olanları tanrı cəzalandıracaq. Bu gün dövlətimiz şəhidlərə çox böyük hörmətlə yanaşır və onların ailəsinin, qazilərimizin arxasında duracaq. Bunlar bizim itkilərdir. Amma eyni zamanda biz bu il başıyuxarı olan bir millətə çevrildik. Həm də uğurlarımız var. Ona görə də hər bir Azərbaycan insanını qarşıdan gələn Yeni təqvim, Yeni İl münasibətilə və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edirəm. Qoy həmişə ölkəmizdə əminəmanlıq olsun. Azərbaycan dünya dövlətlərinin sırasında başını həmişə uca tutsun.

Geri qayıt