Əsas Səhifə > Partiya, Güney Press > "İillər boyu tələb edirdik ki, Azərbaycan vətən müharibəsinə başlamalıdır"
"İillər boyu tələb edirdik ki, Azərbaycan vətən müharibəsinə başlamalıdır"26-12-2020, 09:38 |
Azərbaycan müxalifətinin aparıcı ideologiyası 32 ildir dəyişməyən ''Ya Qarabağ, ya ölüm'' şüarına söykənirdi. Vətənpərvərlik, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Azərbaycan müxalifətinin öz opponentinə qarşı əsas “silahı” sayılırdı. Lakin 2020-ci ilin payızında iqtidar Qarabağ problemini həll etdi, müxalif liderlərdən heç biri əsas ideologiyası istiqamətində yaddaqalan fəaliyyət göstərmədi. Könüllü yazılan, öz tərəfdarlarına ön və arxa cəbhədə fəaliyyət istiqamətləri, direktivlər göstərən müxalif partiya sədrləri bəlkə də oldu; lakin ictimaiyyət belə bir çağırışları və fəaliyyətləri duymadı. İndi hər hansı səbəbdən müxalif düşərgə özünün ideoloji arsenalında, şüar və çağırışlarında yenilik etməlidir. Əks halda, yalnız virtual təftişçiliklə kifayətlənməli olacaqlar. Ortaya ciddi fəaliyyət proqramı və tərəfdarlara perspektivlər vəd ertmək üçün Azərbaycan müxalifəti nələrsə düşünür, öz aralarında müzakirə edirmi və ya etməlidirmi? ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Qarabağ məsələsi müxalifəti və xalqı birləşdirən ideoloji xətt olub və bu, belə olaraq qalır: “Əslində zaman göstərdi ki, müxalifət Qarabağ məsələsindən həlledici anda heç də hakimiyyətə qarşı silah kimi istifadə etmədi. Əksinə, Qarabağın azadlığı uğrunda başlanan vətən müharibəsində imzası, açıq mövqeyi ilə dövlətə, hakimiyyətə tam dəstək verdi. Biz sadəcə illər boyu tələb edirdik ki, Azərbaycan vətən müharibəsinə başlamalıdır, hakimiyyətdən bunu həmişə istəyirdik. Yəni bu heç də müxalifətin Qarabağ məsələsindən hakimiyyətə qarşı kart kimi istifadə etməsi kimi başa düşülməməlidir. Qarabağ məsələsini bu gün bir nömrəli milli məsələsi sayırıq və bunun ətrafında birliyimiz davam edir, edəcək. Müxalifət təşkilatları arasında müzakirələr də gedir. Bizim tərəfdarlarımıza deməyə kifayət qədər sözümüz və ideoloji əsaslarımız var. Bundan narahat olmayın”. AMİP katibi Əli Orucov bildirdi ki, Dağlıq Qarabağ problemi və torpaqlarımızın erməni işğalından azad edilməsi təkcə müxalifətin istək və tələbi deyildi. Bütün Azərbaycan xalqı, beynəlxalq hüquq və ədalət də bunu tələb edirdi: “Təəssüflər olsun ki, dünya siyasətindəki mövcud ikili standartlar və qeyri-obyektivlik Azərbaycanın haqq işinin bunca uzanmasına gətirib çıxardı. Heç kəsə sirr deyil ki, uzun sürən Ermənistan-Azərbaycan münaqişəsi həm regiondakı, həm də münaqişədə olan dövlətlərin bütün həyatına ciddi təsir göstərirdi. Xüsusi ilə Bakı və İrəvanda siyasi hakimiyyətlərin mövcudluğunu da məhz bu münaqişə şərtləndirirdi. 44 günlük müharibə nəticəsində işğal faktoruna son qoyulması tarixi hadisədir və buna hamı ürəkdən sevindi. Lakin hesab etmirəm ki, problem tam öz həllini tapıb. Qarşıda Azərbaycanı çox ciddi diplomatik fəaliyyət və hərbi sayıqlıq gözləyir. Göründüyü kimi, ermənilərin bəzi avropalı dəstəkçiləri qərəzli mövqelərindən əl çəkməyiblər. Eləcə də Rusiya sülhməramlılarının fəaliyyəti narahatlıq üçün əsaslar verir. Bir müddət əvvəl baş verən hadisələrin müşahidə xəritəsində özbaşına düzəliş, yaxud erməni silahlılarının bölgədə mövcudluğu, həmçinin Laçın dəhlizinə nəzarət edə bilməməyimiz, Xankəndində hələ də separatçı yuvanın qalması kimi hallar narahatçılıq doğurmaya bilməz. Azərbaycan müxalifəti bütün bu baş verənləri izləyir və dediyim bir sıra məsələlərdən narahatdır, narahatlığını da ictimaiyyətə, hakimiyyətə çatdırır. Müharibə dönəmində müxalifət dövlətin və hakimiyyətin yanında oldu. Lakin narahatedici məqamlarla bağlı mövqeyini bu gün də dilə gətirir. Müxalifət partiyaları arasında hazırda sıx əməkdaşlıq olmasa da, milli məsələlərlə bağlı istənilən an bir araya gəlməkdə, ortaya konkret proqram və təkliflər qoymaqda problem yoxdur. Qarabağ indi də müxalifəti, xalqı birləşdirən məsələdir, ideoloji xətlərdən biridir”. “Yeni Müsavat” Geri qayıt |