Əsas Səhifə > Partiya, Güney Press > "Əgər görürlərsə ki, Azərbaycan bayrağı qırışdır, o zaman görüşün yaxud tədbirin keçirilməsindən imtina etsinlər"

"Əgər görürlərsə ki, Azərbaycan bayrağı qırışdır, o zaman görüşün yaxud tədbirin keçirilməsindən imtina etsinlər"


12-12-2020, 08:26
"Əgər görürlərsə ki, Azərbaycan bayrağı qırışdır, o zaman görüşün yaxud tədbirin keçirilməsindən imtina etsinlər"
Son illərdə Azərbaycan rəsmilərinin İrana səfərlərində tez-tez bayraq qalmaqalı yaşayırıq. Sonuncu belə hadisə xarici işlər naziri Ceyhun Bayramovun qonşu ölkəyə səfəri zamanı baş verdi. Əvvəlki illərdə bir neçə dəfə şahidi olduğumuz hadisə yenidən təkrarlandı. Nazirimiz iranlı həmkarı ilə görüşü zamanı Azərbaycan bayrağının qırış olduğunu görərək, bayrağın yanında deyil önündə dayanaraq foto çəkdirib. Bu da medianın diqqətindən qaçmayıb.

Hətta belə fikirlər də dolaşır ki, Azərbaycan bayrağı ümumiyyətlə asılmayıb, C.Bayramovun sərt etirazlarından sonra tələm-tələsik qırış bayraq gətirib asıblar. Bütün bunlar da haqlı olaraq, ölkə ictimaiyyətində ciddi narazılıqla qarşılanıb, sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Belə təkliflər var ki, bundan sonra İran səfər edən rəsmilərimiz özləri ilə üçrəngli bayrağımızı da aparsınlar.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bu hadisədən üzüldüyünü söylədi: “Təbii ki, biz həmişə bayrağımızla bağlı qeyri-adekvat yanaşmanı görəndə, bayrağımızın yanlış asıldığının şahidi olanda üzülürük. Çünki bayrağımız bizim atributumuz, simvolumuzdur. Başımızın üzərinə qaldırdığımız, bizi uca edən bayrağımızdır. Həm də birliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin və suverenliyimizin simvoludur. Bizim üçün ən əziz olan, öpüb göz üstümüzə qoyduğumuz üçrəngli o bayraqdır. Onunla bağlı yaşanan belə hadisələr hər bir azərbaycanlını, o cümlədən məni də çox üzür”.

Deputat onu da bildirdi ki, belə məsələlərlə Protokol Şöbəsi məşğul olur: “Hər bir nazir ölkələrə səfər edəndə ölkəsinin bayrağının necə asılmasına nəzarət edə bilmir. Onun komanda üzvləri, eləcə də, həmin ölkədə səfirlik, protokolla məşğul olan katiblik nümayəndələri var. Onlar belə məsələlərdə çox diqqətli olmalıdırlar. Düşünmürəm ki, burada birbaşa nazir günahkardır. İstənilən halda bu məsələdə ciddi nəzarət edilməlidir. Bu cür yanlışlığa yol verənlər hansı tərəfdən olursa olsun cəzalandırılmalıdır. Qarşı tərəfə etiraz bildirilməlidir. Belə xoşagəlməyən halın bir daha yaşanmaması üçün diqqət, qayğı göstərilməlidir. Onu da deyim ki, burada hər bir məsələnin İranın üzərinə atılması yanlışlıq olar. Dediyim kimi belə məsələlərlə Protokol Şöbəsi məşğul olur. Əgər görürlərsə ki, Azərbaycan bayrağı qırışdır, o zaman görüşün yaxud tədbirin keçirilməsindən imtina etsinlər, başqa bayraq tələb etsinlər. Bütün bunlara axı həm də Azərbaycan tərəfi baxır. Bayraq qəsdən elə asılıbsa, yaxud yanlış asılıbsa, ona hökmən etiraz etmək lazımdır. Açığı düşünmürəm ki, rəsmi Tehran açıq şəkildə bunu etsin. Edirsə də, bəs bizimkilərin gözü hara baxır? Ortada bu məsələ də var. Tehranın bunu qəsdən etdiyini düşünüb, onun üzərinə getmək bəzən yanlışlıqlara yol aça bilər. Cənub qonşumuz deyə bilər ki, biz yanlışlıq etdiksə, siz bunu düzəldərdiniz, bayrağınızı düzgün asardınız və s. Mən ütüsüz bayraq gətirdim, sən ütülü gətirərdin. İrandakı səfirliyimizdə məgər Azərbaycan bayrağı yoxdur? Açığı öz məsuliyyətimizi başqalarının üzərinə atmağı doğru hesab etmirəm. İstənilən halda İran tərəfi müəyyən açıqlamalar verəcək, məsələyə aydınlıq gətirməyə çalışacaq. Belə bir sual meydana çıxa bilər ki, mənim asdığım bayraqdan xoşun gəlmirsə, o zaman ütülü, səliqəli bayrağını özün niyə gətirməmisən? Bu baxımdan hesab edirəm ki, Protokol Şöbəsinin işçiləri, səfirliyin əməkdaşları daha çox bu məsələlərə diqqət yetirməli idilər. Görüş başlayır, canlı yayım gedir, belə bir vəziyyətdə xarici işlər nazirinin hansı doğru addımı ata bilməsini deyə bilmərəm. İstənilən halda mənə elə gəlir ki, Azərbaycan bayrağına hörmətsizlik varsa, problem yaşanırsa, demək, bunu mütləq şəkildə nəzərə almaq lazımdır. Tədbir ləğv olunsa, gecikdirilsə belə mütləq lazımı addımları atmaq lazımdır”.

Politoloq Elçin Mirzəbəyli: “Allah Mirzə Ələkbər Sabirə rəhmət eləsin, zamanında çox gözəl yazıb: “Ağladıqca kişi qeyrətsiz olur. Necə ki, ağladı İran oldu”. Bu iki misranın dövlət bayrağımıza münasibətlə bağlı konkret hadisələrə aidiyyəti olmasa da, İranın siyasi hakimiyyətinin daxilindəki bəzi ultramillətçi, panfarsist, panariist dairələrin mahiyyətini əks etdirir. Belələri üzdə qətlə yetirilən günahsız müsəlmanlar üçün göz yaşları tökdüklərini nümayiş etdirir, arxada isə ultraradikal millətçi təfəkkürlə elə həmin müsəlmanları qətlə yetirənlərə, soyqırımına məruz qoyanlara dəstək verirlər. Bu adamların təfəkkürü hələ də Firdovsinin şeirlərindəki əfsanə və nağıllardan sıyrılıb çıxa bilməyib və bu səbəbdən də, hələ də 1 qəpik dəyəri və heç bir perspektivi olmayan paniranizm geosiyasi konsepsiyasının arxasınca sürünməyə davam edirlər. İran İslam Respublikasında keçirilən müxtəlif səviyyəli görüşlərdə Azərbaycan bayrağına olan münasibət, çox güman ki, bu ölkənin müxtəlif dövlət strukturlarındakı paniranistlərin xəbis, cılız, miskin xislətindən qaynaqlanır. Bu məsələdə, Azərbaycan diplomatlarının da müəyyən qədər məsuliyyət daşıdığını düşünürəm. İranda bilmirəm, amma bütün sivil dövlətlərdə belə məsələlərlə protokola cavabdeh olan qurumlar, yaxud şəxslər məşğul olurlar. Nəzərə alsaq ki, Azərbaycan bayrağı ilə bağlı təxribata və sayğısızlığa yol verilməsi faktı ilk dəfə deyil ki, baş verir, o zaman Tehrandakı səfirliyimiz bu məsələ ilə bağlı daim həssaslıq nümayiş etdirməli, ən azı belə görüşlərdən öncə vəziyyəti dəyərləndirməli və çevik reaksiya verməlidir. Hesab edirəm ki, Azərbaycan diplomatları, yüksək vəzifəli məmurları İranda keçirilən görüşlərə Azərbaycan bayrağı və fars dilində onun necə asılmasını anladan, nümayiş etdirən materiallar aparmalı və təqdim etməlidirlər. Adətən Azərbaycan bayrağının yaşıl zolağının yuxarıda olmasını dini amillərlə əlaqələndirirlər. Bu da təbii ki, absurd və gülünc yanaşmadır. Bayrağın əzik bir şəkildə asılması isə sayğısızlıq kimi də qəbul edilə bilər. Ola bilsin ki, bəziləri bunu qəsdən etmirlər, səviyyələri, dünyagörüşləri bu qədərdir. Yəni belə hallarda hər faktla bağlı özünə görə dəyərləndirmə aparmaq lazımdır”.
“Yeni Müsavat”

Geri qayıt