Əsas Səhifə > Partiya, Güney Press > "Şəxsən mən özüm heç vaxt maskasız evdən çölə çıxmamışam"

"Şəxsən mən özüm heç vaxt maskasız evdən çölə çıxmamışam"


10-12-2020, 09:47
"Şəxsən mən özüm heç vaxt maskasız evdən çölə çıxmamışam"
Dünyada və eləcə də ölkəmizdə koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Son günlərdə Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayı 4 min və ondan çox, virusdan ölənlərin sayı isə ortalama 40 nəfər olur. Məlum məsələdir ki, virusa yoluxan xəstələrin demək olar ki, böyük əksəriyyəti evdə müalicə almağa üstünlük verir. Ümumilikdə isə artıq xəstəxanalarda da artıq yer tapmaq, lazımi tibbi yardım almaq müşkül məsələyə çevrilib.

Mövcud vəziyyəti nəzərə alaraq hökumət dekabrın 14-dən etibarən yenidən sərt karantin rejiminin, SMS-lə icazə qaydasının tətbiq edilməsi haqda qərar qəbul edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus (COVID-19) infeksiyası ilə bağlı əhaliyə müraciət edərək, hər kəsi özünü qorumağa, yalnız vacib olduğu halda evdən çölə çıxmağa çağırıb.

O da məlumdur ki, bir çox peşə sahibləri, həmçinin KİV-nin nümayəndələri, siyasətçilər, partiya sədrləri risk qrupundadırlar. Çünki daim ictimaiyyət arasında olur, insanlarla ünsiyyət saxlayır və sairə.

Bəs partiya liderləri özlərini koronavirusdan necə qoruyur? Kimlər özünü izolyasiya edib?

AXP sədri Pənah Hüseyn sorğumuza bu cür cavab verdi:

“Hazırda avtobusla iclasa gedirəm. Yəni mütəmadi olaraq ictimaiyyət arasındayam. Çalışıram ki, maksimum dərəcədə tibbi maska taxım, əllərimi yuyum, sosial məsafə saxlayım, karantin qaydalarına əməl edim. Hələlik ictimaiyyətdən təcrid vəziyyətində olmamışam”.

Pənah Hüseyn SMS icazənin yenidən tətbiq olunmasından da danışıb:

“Tətbiq edilən tədbirlərin koronavirus probleminə hansı dərəcədə təsir edib-etməyəcəyi barədə peşəkar mövqeyim yoxdur. Amma bir halda ki, qəbul olunur, deyilir ki, bu tədbirlər pandemiyanın artmasının qarşısını alacaq, düşünürəm ki, qaydalara əməl etmək lazımdı”r.

ADP sədri Sərdar Cəlaloğlu da qeyd etdi ki, virusdan qorunmaq üçün daim qaydalara əməl etməyə çalışır: “Koronavirusla mübarizə dövlətin təhlükəsizliyi məsələsidir. Ona görə də bu məsələyə müharibəyə, təbii fəlakətlərə necə yanaşırıqsa, o cür yanaşmalı, ciddi baxmalıyıq. Təbii ki, koronavirusla bağlı dövlətin qəbul etdiyi qərarlardan əlavə hər bir vətəndaş bacardığı qədər özünü, başqalarını qorumağa çalışmalıdır.

Şəxsən mən özüm heç vaxt maskasız evdən çölə çıxmamışam. Bacardığım qədər ictimai yerlərdən uzaq olmağa çalışıram. Həmçinin partiyanın iclaslarını videogörüntü ilə keçirmək qərarına gəlmişik".

Sərdar Cəlaloğlu da qeyd etdi ki, sərt karantin rejiminin yenidən tətbiq edilməsinin tərəfdarıdır:

“Hökumətin bu məsələdə qəbul etdiyi qərarları doğru hesab edirəm. Çünki bildiyiniz kimi, ölkədə son bir ayda koronavirusa yoluxanların sayı sürətlə artmaqdadır. Vəziyyət bu cür davam edərsə, ölkənin səhiyyə sistemi çökə bilər.

Ətrafımızda da xeyli sayda insan bu virusdan dünyasını dəyişib. Bu səbəbdən koronavirusa inanmayan artıq yoxdur. Necə ki, bir millət olaraq həmrəylik nümayiş etdirib erməniyə qalib gəldik, eləcə də koronavirusa qarşı mübarizədə birləşməliyik. Hamı hamını qorumalıdır. Yəni ya özünün, ya da başqasının naminə maska taxmalı, sosial məsafə saxlamalı, qaydalara əməl etməli, 30 gün evdə oturaraq virusun yayılma sürətinin aşağı düşməsinə kömək etməliyik. Bunun başqa cür həlli yolu yoxdur. Koronavirus probleminə ciddi yanaşmasaq həm özümüzə, həm yaxınlarımıza, həm də dövlətə ziyan vurmuş olacağıq.

Bir xəstənin müalicəsi bir neçə min manata başa gəlir. Bu həm ailə büdcəsi, həm də dövlətin iqtisadiyyatı üçün çox böyük maliyyə itkisidir.

Hazırda qarşımızda Qarabağın bərpası, verdiyimiz itkilərin yerini doldurmaq məsələləri dayanır. Vətəndaşlar bilməlidir ki, belə bir zamanda dövləti əlavə xərcə salmaq doğru deyil".

AĞ Partiya sədri Tural Abbaslı isə bu cür mövqe bildirdi:

“İlk öncə qeyd edim ki, karantin rejiminin sərtləşdirilməsi, SMS icazənin yenidən bərpa olunması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da bəyanatları bir çox hallarda öz-özünü təkzib edib. Məsələn, əvvəl karantin rejiminin sərtləşdirilməsini tələb edirdilərsə, sonra qeyd etdilər ki, karantinin heç bir əhəmiyyəti yoxdur, əksinə, iqtisadi və digər problemlər yaradır. Və yaxud bir müddət qeyd etdilər ki, açıq havada maska taxmaq olar, sonra isə bildirdilər ki, olmaz. Yəni bir-birini təkzib edən müxtəlif informasiyalar verilir. Şahidi oluruq ki, hər keçən gün həm dünyada, həm də ölkəmizdə koronavirusa yoluxanların sayı sürətlə artır. Hər hansı önləyici tədbirlər də bunun qarşısını ala bilmir.

Məlum olduğu kimi, yay mövsümündə virusa yoluxmada azalma müşahidə olunurdu. Lakin havaların soyuması ilə tənəffüs yolu xəstəliklərinin artmasının fonunda virusa yoluxanların da sayı artmağa başladı. Ona görə də istər sərt, istərsə də yumşaq karantin rejimi tətbiq edilsə belə yoluxma qaçılmaz olur. Düşünürəm ki, dünya artıq qəbullanıb ki, vaksinasiya başa çata qədər bu virusdan qorunmaq mümkün olmayacaq. Yəni hər şeyi bağladıb, insanları evə təcrid etməklə heç nə əldə etmək mümkün olmayacaq. Bu baxımdan karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsinə o qədər də pozitiv baxmıram. Bununla belə, əgər qərar qəbul olunubsa, ona əməl etmək lazımdır.

Özümə gəldikdə, daima tibbi maskadan istifadə edir, əllərimi yuyur, spirtlə dezinfeksiya edir, mümkün qədər sosial məsafə qorumağa çalışıram. Lakin özümü təcrid etməmişəm, çünki fəaliyyətimizin istiqaməti buna imkan vermir. Partiya sədri olaraq mütəmadi partiya üzvləri ilə ünsiyyətdə olur, müsahibələr verir, efirlərə çıxıram. Bu baxımdan özümü təcrid etmək imkanım yoxdur. Lakin qeyd etdiyim kimi, mümkün qədər özümü qorumağa çalışıram".
“Yeni Müsavat”

Geri qayıt